Medianews.az
“AFFA erməni futbolçunun <span style=color:red>məsələsini qaldırmalıdır”
363 baxış

“AFFA erməni futbolçunun məsələsini qaldırmalıdır”

Futbolçu Henrix Mxitaryan terrorçu, Kreml agenti, Moskva tərəfindən Qarabağa ezam olunan və Azərbaycan torpaqlarında yaxalanan, hazırda Bakıda mühakimə edilən Ruben Vardanyanı dəstəkləyib. Ruben Vardanyan 27 sentyabr 2023-cü ildə Laçın keçidində yaxalanıb, Bakıya gətirilib, cinayət məsuliyyətinə cəlb edilərək Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin təcridxanasına salınıb. İndi o, Bakı Hərbi Məhkəməsində çoxsaylı cinayətlərin törədilməsində təqsirləndirilərək mühakimə olunan separatçılardan biridir. 1968-ci ildə Ermənistanın paytaxtı Yerevanda doğulan Ruben Vardanyan Moskva Dövlət Universitetinin iqtisadiyyat fakültəsini bitirib, Rusiyanın sərmayə sektorunda fəaliyyət göstərən iş adamı kimi tanınıb, milyarderdir. 2022-ci il sentyabrın 1-də Ruben Vardanyan Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət etdiyini, Qarabağa köçdüyünü açıqlayıb, noyabrın 4-də işğalçı rejimin “dövlət naziri” (hökumət başçısı) təyin olunub, dekabrın 22-də Rusiya vətəndaşlığından çıxarılıb. Ruben Vardanyanın Qarabağda peyda olması Azərbaycanın kəskin narazılığına gətirib. 2023-cü il fevralın 23-də Ruben Vardanyan “dövlət naziri” postundan götürülüb. Ruben Vardanyan Qarabağda yaşadığı müddətdə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı davamlı çıxışlar edib. Futbolçu Henrix Mxitaryanın Ruben Vardanyanı dəstəkləməsi məsələsinə toxunan REAL Partiyasının sədri Natiq Cəfərli Medianews.az saytına açıqlamasında vurğulayıb ki, Vardanyan Azərbaycan qanunları qarşısında cavab verir və verməlidir də. “Bəs, AFFA bu haqda niyə susur? Nədən UEFA qarşısında məsələ qaldırmır? Terrorçunu dəstəkləyən, Kremlin agentinə kömək edən Mxitaryandan nədən rəsmi şikayət hazırlamır?” – deyə N.Cəfərli bildirib. Daha sonra N.Cəfərli əlavə edib: “Təsəvvür edin ki, Avropada hansısa bir futbolçu Ukraynanın Rusiya tərəfindən işğal edilən, məsələn, Xerson vilayətinə Kremlin başçı təyin etdiyi Saldonu dəstəkləyir - sizcə, o futbolçunun taleyi necə olar?! Təbii ki, elə birisini tək komandadan deyil, futboldan da qovarlar”. Medianews.az qeyd edir ki, Henrix Mxitaryan 1989-cu ildə Yerevanda anadan olub. Yerevanın “Pünik” komandasının yetirməsidir. Donetskin “Metallurq” və “Şaxtyor”, Dortmundun “Borussiya” komandalarında oynayıb, həmçinin İngiltərədə “Mançester Yunayted”lə “Arsenal”ın, İtaliyada “Roma”nın formasını geyinib, 2007-2021-ci illərdə Ermənistan milli komandasında çıxış edib. Hazırda İtaliyanın “İnter” komandasının yarımmüdafiəçisidir. Mxitaryan vaxtilə işğal altında olmuş Azərbaycan torpaqlarına səfərləri və separatçı Dağlıq Qarabağ rejiminə yardımları ilə də tanınıb. Toğrul Əli, Medianews.az

Bizə qoşulun