19.02.2025, 18:19
1,439 baxış
Azad
Ermənistan konstitusiya dəyişikliyinə gedir, Paşinyan qərar İMZALADI
Ermənistanın baş naziri Nikol Paşinyan yeni konstitusiyanın qəbul edilməsinin zəruriliyini bəyan edib. Trend-in məlumatına görə, televiziya ilə xalqa müraciət edən baş nazir deyib: "Mövcud konstitusiyanın qəbulu üçün keçirilmiş bütün əvvəlki referendumlar ictimaiyyətin gözündə ciddi legitimlik çatışmazlığından əziyyət çəkib".
Paşinyan 2020-ci ilin fevralından Ermənistanda yeni konstitusiyaya ehtiyac olduğunu bəyan etdiyini xatırladıb. Bəlli olduğu kimi, Ermənistanın hazırkı konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var ki, bu da iki ölkə arasında sülh müqaviləsinin bağlanmasını mümkünsüz edir.
Teleqraf xəbər verir ki, müraciətində Paşinyan Milli Təhlükəsizlik Strategiyasına yenidən baxılması və xarici əlaqələrin şaxələndirilməsinin zəruriliyini də bəyan edib. O deyib ki, 2020-ci ildə qəbul edilmiş hazırkı strategiya mövcud çağırışlara cavab vermir.
Müraciətindən dərhal sonra isə baş nazir ölkəsinin Milli Təhlükəsizlik Strategiyasına yenidən baxılması üzrə idarələrarası komissiyanın yaradılması haqqında qərar imzalayıb. Qərar hökumətin saytında dərc olunub. Komissiyaya Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan rəhbərlik edəcək.
Paylaş: