Qərbi Azərbaycan İcmasının (QAİ) Basarkeçər rayonu Nərimanlı-Hüseynquluağalı kənd icmasının təşkilatçılığı ilə Nərimanlı kökənli gənclərlə “Unudulmayan Doğma Yurdumuz” adlı görüş keçirilib.
Medianews.az xəbər verir ki, tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nərimanlı kənd icmasının sədri, Azərbaycan Tibb Universitetinin (ATU) müəllimi Şirazi İbrahimov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, QAİ- İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərlinin salamını tədbir iştirakçılarına çatdırıb. Gənclərlə görüşün əlamətdar bir dövrə təsadüf etdiyini bildirib. Vurğulayıb ki, bu gün Nərimanlı icmasında Əlvi İbrahimsoyun rəhbərliyi ilə Gənclər bölməsinin yaranmasının bir yaşı tamam olur. O, Nərimanlı kökənli gənclərin əldə etdiyi uğurlardan, onlarla işin təşkilindən söhbət açıb.
Nərimanlı kənd İcmasının Gənclər bölməsinin rəhbəri Əlvi İbrahimsoy hesabat xarakterli məruzə ilə çıxış edib. Qeyd olunub ki, 2023-cü ildən indiyə qədər ötən vaxt ərzində Nərimanlı kökənli gənclərlə ən müxtəlif səviyyələrdə görüşlər keçirilib. Sonuncu belə bir tədbir oktyabrın 7-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyə Klinikasının konfrans zalında keçirilib və QAİ Basarkeçər Rayon İcmasının təşkilatçılığı ilə
Basarkeçər kökənli, tələbə adını qazanmış gənclər bir araya gəliblər. Onun sözlərinə görə, cari tədris ilində tələbə adını qazanan Basarkeçər kökənli 490 gənc arasında əslən Nərimanlıdan olan 44 gənc var. Bu gənclər arasında isə hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU - UNEC) Kompüter mühəndisliyi ixtisası üzrə birinci kurs tələbəsi olan İlikin Həmzəyev qəbul imtahanında 640 bal toplamaqla adını birincilər sırasına yazdırıb. Bu kimi göstəricilərlə Nərimanlı kəndi Basarkeçər rayonunun digər yaşayış məntəqələrini üstələyib.

Ə.İbrahimsoy Nərimanlı
gənclərinin iştirak etdiyi idman və musiqi yarışları, həmçinin onların könüllülük fəaliyyəti barədə də ətraflı məlumat verib. Bildirib ki, Bakı Musiqi Akademiyasının məzunu,
gənc bəstəkar Ruhin İsmayılov noyabr ayının əvvəlində Londonda təşkil olunan “Golden Time Talent” (“Qızıl Zaman İstedadı”) müsabiqəsinin qalibi olub. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 11-23 noyabr tarixində Bakıda keçirilən 29-cu sessiyasında (COP29) könüllü kimi iştirak edən ADA Universitetinin Maliyyə ixtisası üzrə
ikinci kurs tələbəsi Aişə Yaqubova üç minə yaxın könüllü arasında aktivliyinə görə fərqlənib, günün könüllüsü seçilib. Bundan başqa, Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə 5-6 dekabr tarixində Bakı şəhərində keçirilən
“Qayıdış Hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda II beynəlxalq konfransda ADA Universitetinin İnformasiya texnologiyaları ixtisası üzrə birinci kurs tələbəsi Ərturan İsmayıl, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin (AMİU) Muzey və arxiv işi ixtisası üzrə birinci kurs tələbəsi Ləman Cəlilli, ADİU - UNEC-in Menecment ixtisası üzrə ikinci kurs tələbəsi Səidə Rüstəmova, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AMİU) Dizayn ixtisası üzrə dördüncü kurs tələbəsi Nuray Rüstəmova könüllü kimi iştirak ediblər.

Görüşdə Basarkeçər Rayon İcmasının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Nuru Bayramov, tibb üzrə fəlsəfə doktorları Abbas Bağırov, Əməkdar mədəniyyət işçisi, Göyçənin saz-söz ustadı Aşıq Fətullah Göyçəli, Əməkdar məşqçi, beynəlxalq dərəcəli hakim Qələndər Aslanov, Bakı şəhəri F.Nəcəfov adına 266 nömrəli tam orta məktəbin direktor müavini Asəf Vəliyev və digərləri çıxış edərək öz fikirlərini bildiriblər.

Görüşdə iştirak edən gənclər də özlərini təqdim edərək, təhsil aldıqları istiqamət, ixtisasları, fəaliyyətləri, gələcəyə dair arzuları və planları barədə məlumat verib, belə bir görüşün təşkilinə görə səmimi minnətdarlıqlarını bildiriblər.

Görüşün bədii hissəsində Nərimanlı sakinlərindən Aşıq Fətullah Göyçəli, Sənan Cəlili, Mahirə Musayeva, Urfan Qurbanov, Bayraməli Əliyev, Namiq Aslanov, Fədail Məmmədov, Sabutay Hacıyev, Fərahim Məmmədov, Əlirza Süleymanov, Kamilə Məmmədova, Musa Əmirov, Eltun Bağırov öz ifaları ilə iştirakçılara duyğusal anlar yaşadıblar.

Tədbirin sonunda Nərimanlı kənd İcması adından gənclərə təşəkkürnamələr təqdim olunub, xatirə fotosu çəkilib.
Alpər TURAN