Medianews.az
Bayram partapartı
281 baxış

Bayram partapartı

“Özgə bağından gül dərməzlər” (Azərbaycan ata sözü) Son günlər ölkəmizdən, xüsusilə paytaxtdan çoxlu partapart səsləri eşidilir. “Vzrıvpaket” (el dilində zırpaket) satışı rəsmən qadağan olunub, o üzdən camaat lap səksənir, çünki səbəb sarıdan nigaran qalırıq. Gah deyirlər bunlar hərbi təlimlərin əks-sədasıdır, gah “Alov qüllələri”nin qabağındakı qaz qülləsi partlayır. Axırıncı əhvalat lap anekdot kimi bir şeydir, yaralananlar olmasaydı gülərdik. Şəxsən mən bunu bilmirdim, çünki o qüllələrdən əvvəldən zəhləm gedir, Bakının panoramasını pozan əcaib, qeyri-funksional tikililər hesab edirəm (“Pinqvinlər” adı qoysalar daha uyğun gələr) və heç vaxt maraqlanmamışam. Sən demə, “Alov qüllələri”nin qabağında iki balaca, 8 metr hündürlüyündə qülləcik də qayırıblar, onların təpəsində isə qaz məşəli yanırmış. İndi partlayış da o məşəlin sızması üzündən imiş. Başa düşmədim, əgər bu andıra qalmış binaların özü Alov qüllələri adlanırsa, təzədən qabağında niyə mini alov qüllələri qoyulub? Sanki qüllələr bala vermişdir. Görəsən, bu tragikomik memarlıq həlli hansı sənətkarın ağlının məhsuludur? Deməsələr də olar, təxmin edirəm. Ancaq bütün bu partapart prosesləri inkişafımızın atəşfəşanlığı sayıla da bilər. İlin son günü bir çox ölkələrdə belə fişəngli, səs-küylü mərasimlər olur, bizdə isə hər gün olmalıdır, çünki inkişaf edənə hər gün bayramdır - ata sözümüzdə deyilən kimi. Biz hansısa İsveçrə, London, nə bilim, Melburun və Tokio deyilik ki, ildə cəmi bir neçə gün bayram eləyək? Bayramlarımız çoxdur. Hətta birini icra başçısı qoymuşuq, lakin bu gün mövzumuz başqadır. İsveçrə demişkən... Rəhmətlik Elçibəy bir dəfə hansısa münasibətlə “Nə edək, gedib İsveçrədən xalq gətirməyəcəyik, nəyimiz varsa budur” söyləmişdi. Ona görə özü də qaçanda kəndinə qaçmışdı, xaricə yox. Biz uzun müddət həmin prinsiplə çalışdıq. Bir nazir vardı, hətta bu münasibətlə “Öz musiqimiz, öz pomidorumuz” nəqəratlı mahnı qoşmuşdu. Uzun illər bizdə yalnız idman sektorunda baş məşqçi, masajist-zad işlərində çalışmaq üçün xarici mütəxəssis gətirildi. Xüsusən futbol yığmamızda yerli adamı komandanın bazasının darvazasına yaxın qoymurlar. Eyzən xarici məşqçi olur, baxmayaraq bu xaricilər indiyəcən bir qələt eləməyibdir. Bir də Şirvan qoruğunda ceyranlara müdir vəzifəsini almana etibar etmişdik, axırı bilmədim necə oldu. Deyəsən, o kişi ceyran ovlamaq istəyən məmurların əlindən özünü axırda Kürə atdı. Hər halda, dövlət işi öz əlimizdə qalırdı, təəssüf, deyəsən bu da yavaş-yavaş xalqın əlindən sürüşür. Bu yaxında bir nazir müavini vəzifəsinə Bolqarıstan doğumlu qadını qoydular. Lap təzə isə rabitə naziri “Aztelekom”a almaniyalı Klaus Mülleri müdir qoymuşdur. “Aztelekom” ölkəmizdə rabitə sektorunun əsas monopolistlərindən biridir, telefon, internet işləriylə məşqulat edir. Bəs bizdə bu məsul vəzifəyə qoymağa bir milli kadr tapılmadı ki, almanı çağırdıq? Yoxsa özümüzünkülərin hamısının axırı “Cahangir Hacıyev”, bəzən daha pis halda “Eldar Mahmudov” alınır? Nə bilim, çox qəribə vəziyyətdir. Sonra camaatı qınayırıq ki, niyə içib-keflənəndə “O vaxt Hitler buranı tutsa indi Bavariya pivəsi vururduq” deyə gic-gic xəyallara dalırlar. Rəhbərlik xalqdan bədgümandırsa, xalq özü dünəndən özünü bəyənməz. Əlbəttə, bu cızmaqaradan elə çıxmasın mən xaricilərin dövlət, hökumət qulluğumuza çağırılmasına qarşıyam. Qətiyyən. Hətta razıyam bizim hamımızı burdan qovsunlar, yerimizə xaricdən ayrı xalq gətirsinlər. (Bu, uzaqgörən hiylədir, əziz vətəndaşlar. Biz də gedib xaricilərin yerində yaşayarıq). Məsələn, elə Bakı şəhərində internetin monopolisti “Baktelekom”a niyə alman şef qoyulmur? Yoxsa bezmişik. Neçə ildir bir fibrooptik kabelləşməni də yarıtmırlar. Haçan baxırsan iki montyor kabelləri calaya-calaya kanalizasiya lyuklarının başında canıyla əlləşir. Frohe Weihnachten, dünya azərbaycanlılarının həmrəylik günü və ein gutes neues Jahr, əziz oxucular.  

Bizə qoşulun