Medianews.az
Neftin pulunu evə qoymaq
337 baxış

Neftin pulunu evə qoymaq

“Kasıb pul tapdı, qoymağa yer tapmadı” (ata sözü) Dövlət Neft Fondunun xaricdəki bəzi əmlaklar üzrə aktivləri zərərlə işləyirmiş. Bunlar London və Parisdəki binalar imiş. Məsələn, Parisdəki binadan DNF-nin gəliri bu ilin 9 ayında mənfi 3,76 faiz olubdur. Doğrusu, “mənfi” işarəli, yəni zərər olan bir şeyə niyə “gəlir” deyirlər, onun özü də maraqlıdır. Görünür xalqı aldatmağın təzə üsullarından biridir. İndən belə qiymət artımına da “mənfi ucuzlaşma” deyəcəyik. Uyğun təcrübə varmı? Çoxdan var. Bizdə it ilindən rüşvətə “haqq” adı qoyulubdur. “Haqqını ver, işini gör”, “Bunun hörməti nə qədər olacaq?”, “Bizim payımız neçədir?” və sairə. Hələ bəzən rusca “şapka” deyirlər. Ana dilimizdə bunun da tərcüməsi qeyrət rəmzi papaqdır. Açığı, xarici dil biliklərim zəifdir, o üzdən dünyanın daha hansısa xalqlarının dilində çirkin əməllərə bu cür bəzək vurulurmu, bilgim yoxdur. Haqq, hörmət, pay, papaq... Əla leksikondur. Belə sferada çalışmağı kim istəməz? Deyir DNF-nin daşınmaz əmlakdan zərər görməsi o binaların təmiri, pandemiya, kirayəçilərin aradan çıxması və sair amillərdən asılıymış. Olsun. Guya bizdə şəffaflıq olsa da, millətin neft gəlirlərinin taleyindən, xərclənməsindən, saxlanmasından xəbəri olmur. Bizə, sadəcə, neft pullarının daşınmaz əmlakda saxlanması maraqlıdır. Belə çıxır ki, bu istiqamətdə hökumətin siyasəti orta statistik “Mamed”in əlinə beş-on manat keçəndə apardığı siyasətdən çox da fərqlənmir. O da ev alır, bu da (bizim bir “islahatçı” nazir vardı, 15 il qabaq bunu tutanda mənzilindən Bakı şəhərində 60 evin mülk kağızı çıxmışdı. Adam qanuni və qeyri-qanuni gəlirlərini ancaq mənzil almağa yönəldirmiş). Müqayisə üçün Norveç Neft Fondunu seçmək istəyirəm. Təzə adı ilə bu qurum Norveç Pensiya Fondu kimi tanınır. Onlar da uzun illərdir neft gəlirlərini buraya toplayır və haradasa 1 trilyon 400 milyard dollara yaxın dövriyyə ilə bu qurum dünyanın ən iri fondu sayılır. Yəni üzr istəyirəm, bizim Neft Fondumuzu (39 milyard dolları var) Norveç neft fondu ilə müqayisə eləmək hardasa İsmayıllı Velosiped Zavodunu “Volksvagen” konserni ilə tutuşdurmaq qədər gülünc hərəkətdir ki, hazırda mən bunu edəcəyəm. Norveç Fondunun vəsaitlərinin ən böyük hissəsi - 73 faizə yaxını səhm bazarına qoyulub. Özü də inkişaf edən texnologiya nəhənglərinin - Apple, Microsoft, Amazon, Alphabet (Google) və başqalarının aksiyalarını alıblar. Ona görə fondun illik gəlirləri həmişə yüksək olur, elə bu trilyon yarımı da havadan-sudan, tək neft-qazdan əldə etməyiblər. Səmərəli idarəçilik, uzaqgörən maliyyə siyasətinin nəticəsidir. Ümumən dünyanın bu cür fondlarının çoxunda vəsaitləri səhm bazarına yatırmağa üstünlük verilir. Məsələn, Yeni Zelandiya Super Fondu-nun 73 faiz yatırımı aksiyalara qoyulub. Alyaska Daimi Fondunun portfelində bu rəqəm 40 faizdir. Bəs bizim neft fondunda səhmlərə yatırım neçə faizdir? Qurumun öz saytında bu rəqəmi göstəriblər: 18,1 faiz. Üstəlik, səhmlərini aldığımız şirkətlər də Rusiyanın bankları, daşınmaz əmlak satanlar, bəzi şübhəli xarici idarələrdir. Ola bilsin qısa zaman kəsiyində bu tip qurumlar və şəxslərlə çalışmaq Neft Fondumuza, o cümlədən hökumətə sərfəlidir, lakin uzun sürəcdə perspektivsiz, millət üçün faydasızdır. Dünya bazarında neftin, qazın qiyməti hərdən kəlləçarxa qalxır, hərdən də quyunun dibinə düşür. Ancaq qəribədir ki, millət qiymətlərin qalxmasını da, düşməsini də pis mənada hiss eləyir. Qiymət qalxanda guya xalqa yaxşı olmalıdır, lakin nəticədə dünya bazarında ərzaq və qeyri-ərzaq malları bahalaşır, bizdə qeyri-neft sektoru inkişaf etmədiyi üçün hər şeyi xaricdən alırıq, o baxımdan uduzuruq. Millət beş qəpik qabağa düşür, onu inflyasiya əjdahası basır, yeyir. Qiymət düşəndə də avtomatik dövlətin gəlirləri azalır, sosial ödənişlərdə problem çıxır. Əlbəttə, əsas odur sabit şəkildə kasıb olaraq qalırıq. Əsas sabitçilikdir.

Bizə qoşulun