Medianews.az
Romantizmin öldüyü vaxtlar
267 baxış

Romantizmin öldüyü vaxtlar

zamin yeni raz “-Yoldaşlar!-deyə o, zil səsi ilə qışqırmağa başladı.- Ümid edirəm ki, donuzların yeni qərarını onların eqoizmə qapılmaları, yaxud özlərini başqalarından üstün hesab etmələri ilə əlaqələndirməyəcəksiniz. Əslində çoxumuzun süddən və almadan xoşu gəlmir. Şəxsən mən özüm onlara baxa bilmirəm. Alma və süddən istifadə etməkdən yeganə məqsəd sağlamlığımızı qorumaqla bağlıdır. Bu qidaların tərkibində (bunu artıq elm sübuta yetirib, yoldaşlar!) donuzların özlərini həmişə yaxşı hiss etmələri üçün zəruri olan maddələr vardır. Biz donuzlar əqli fəaliyyətlə məşğuluq. Fermadakı bütün idarəçilik və təşkilati işlərin məsuliyyətini daşıyırıq. Gecə-gündüz sizin rifahınızın keşiyində dayanırıq. Yalnız SİZİN rifahınız üçün süd içir, alma yeyirik”. (Corc Oruell, “Heyvanıstan”) Mən qoroskopa, bürcə-filana inanan adam deyiləm. Bunlar hamısı gopdan başqa bir şey deyil. Ancaq dünən səhər musavat.com saytında qoroskop xəbərinin başlığını görəndə xeyli xoşbəxt oldum: “Romantik tanışlıqlar üçün münasib vaxt deyil”. Əla idi. Hətta öz-özümə güldüm də. Ancaq bunun üçün öncəgörməyə, bürcə-zada ehtiyac yox idi. Elə həmin xəbərin aşağısında və yuxarısında dərc edilən başqa xəbərlərin başlıqlarına baxmaq yetərli idi ki, romantik tanışlıqlar üçün münasib vaxt olmadığını anlayasan. İstərdim siz də o başlıqlarla tanış olub romantik tanışlıqlar xülyasından əl çəkəsiniz: “Əfqanıstanda ABŞ əsgərlərinə hücum edilib”, “Türkiyədə avtobus aşıb, yaralılar var”, “İran və Oman XİN rəhbərləri bölgədəki vəziyyəti müzakirə edəcək”, “Baltik dənizində gərginlik artır” və sairə. Bir dənə də xoş xəbər yox idi dünyadan. Yenə bizə min şükür. “Gallup” mərkəzi dünyada sorğu aparıb, Azərbaycan xoşbəxt ölkələr arasında 4-cü yerdə imiş. Xalqımızın 81 faizi özünü xoşbəxt, dərd-qəmsiz sayırmış. Hər halda, soruşanlara belə deyiblər. Optimist millətdir. Qul bazarına ayfonla gedən, uşağını ac saxlayıb “Gallenvaqen” alan toplum əlbəttə xoşbəxt olacaqdır. Həm də xoşbəxtliyin dünya təsnifatı ilə azərbaycanlı təsnifatı arasında böyük fərqlər var. Misal üçün, Avropanın inkişaf eləmiş dövlətlərində insanlar xoşbəxtlik deyəndə həm insan haqlarının qorunduğu, elementar məişət şəraitinin gözləndiyi halı nəzərdə tuturlar, həm də bunu bütün dünya üçün istəyirlər. Bir alman, fransız, isveçrəli televizorda ac, evi dağılan suriyalını görəndə bədbəxt olur. Bizdə isə fərqlidir. Biz acqarına, susuz, qazsız, işıqsız da xoşbəxt ola bilərik. Dünya dağılsa, vecimizə olmaz. Çünki bizim müstəqil dövlətçiliyimiz, dahi rəhbərlərimiz, dünyaya örnək deputatxanamız və sairə dəyərlərimiz var. Üçrəngli bayrağımız o cümlədən almanın, fransızın üşrəngli bayrağından daha yekədir, “daha üçrənglidir”, Oruell-in qəhrəmanı Napoleon demişkən. Yaxud bir azərbaycanlı qadın toyda boğazından asdığı, tərkibində qızıldan çox mis olan saxta boyunbağını qohum arvadlara nümayiş etdirib onları paxıllıqdan ölməyə vadar etdiyi üçün azı bir qərinəlik xoşbəxtlik tapar. Bunlar hamısı uzunmüddətli, elmi müşahidələr əsasında yaranmış qənaətlərdir. Bunu Gallup-zad anlamaz. Yeri gəlmişkən, o sorğuda birinci yeri Kolumbiyanın tutması da bizim geridə qalmağımızı göstərmir. Çünki kolumbiyalılar narkotikdən hallanıb xoşbəxt olublarsa, azərbaycanlıların xoşbəxtliyi üçün belə stimullaşdırıcı vasitəyə ehtiyac yoxdur. Şairanə yazsam, biz ilahi eşqdən sərməstik. Bu eşqin ünvanı isə YAP-ın uğurlu xarici və daxili siyasətidir! Bax, devalvasiya olub, manat can verir, iqtisadiyyat it günündədir, başqa millətlər bu halda nə edər? Antiböhran hakimiyyəti formalaşdırmağı düşünər, etiraz aksiyaları keçirər, hökuməti divara dirəyər. Bəs biz nə edirik? Biz bıçaq götürüb bir-birimizə dirəyirik. Son vaxtlar soyğunçuluq, ev oğurluğu halları artıb. Qızıl dükanının yiyəsini öldürdülər, evindən nə qədər pul-zad aparıldı. Bizim çıxış yolumuz bu imiş. Çünki biz tarixən ayrı üsul bilmərik. Bizdə at oğrularına həmişə böyük hörmət qoyulub. Kitab dükanlarında ən çox satılan əsərlər “vor-zakonlar”, oğrular aləmi, nə bilim, türmə eşqi-zad haqqındadır.

Bizə qoşulun