Medianews.az
Xalqımız özüllü xalqdır
227 baxış

Xalqımız özüllü xalqdır

zamin yeni raz Allaha şükürlər olsun, hər şeyimiz vardır: yazmağa kağızımız, oynamağa studiyamız, mətbəx verilişi üçün qazanımız, medalımız, aylıq təqaüdümüz, Bibiheybətdə evimizə qədər! Hələ deyilənə görə birini də tikirlər, tikən əllər var olsun! Bircə jurnalistikamız bu arada yoxa çıxdı, onun da nə eybi. Əlimizdə gül kimi variant var: “Camaata xəbər lazım deyil, xalq oynamaq istəyir”. Təbii. Biz də bir qıraqdan girib başladıq oynamağa. Hələ bir dənə də məşhur misal var, onu da yazım, sonra gedim bir stəkan çay hortdadım: “Suda boğulanların xilası öz əllərindədir”. Əşşi, təbii fəlakət hər yerdə olur. Əsas odur qərənfil var. Bir neçə yerə düzərik, şəkil çəkdirib ağlaşarıq. Mən internetdə baxdım: qərənfil düzənlərdən çox onların şəklini çəkən vardı. Hətta bir nəfər necə ilhama gəlmişdisə o vurhavurda özünü dənizə atıb intihar eləmək istəmişdi. Bulvarın kanalizasiya qoxulu sularında qərənfillər açarkən o cür mənzərədə niyə də ölməyəsən? Rəhmətlik Məmməd Aslan demişkən, ağla, qərənfil, ağla. Ölməyə vətən yaxşı, Geyməyə Koton yaxşı. Nazirliyin də heç bir günahı yoxdur. Qayıq qırılıb. Su soyuq olub. Hələ küləyi demirsən! De, de. Hamısını demək lazımdır. Əlbəttə, fövqəladə hadisə idi. Üzr istəyirəm, deyəsən bunu səhv yazdım. Yoxsa mənim Fövqəladə Hallar Nazirliyi ilə nə işim var? O nazirlik fövqəladə hallarda xilasetmə üçündür, dənizdə isə adi hadisə olmuşdu. Elə bil bulvarda gəzişirsən, yel əsir, sən də sağ əlini yumurtanın üstünə qoyub (bu aralar bazarda yumurta ucuzdur) sol əlinlə səmalara romantik ricət edirsən: “Ey fələk, eylə külək!”. Lazım gəlsə buna musiqi bəstələmək olar. Sonra verərsən ayaqqabı şotkasına oxşayan yağlı bığları olan xalq artisti oxuyar. Neftin qiymətinin kəskin düşməyi də yaxşı təsəlli oldu, yoxsa millət dilxor idi ki, gör nə qədər qara qızılımız yandı, havaya uçdu. İndiki halda vecimizə deyil. Otuz nəfərin ölməyi də o vaxt böyük faciə sayılardı ki, neftin barreli 100 dollardan yuxarı qalxaydı. Ucuz işlər görənlərin ölümü də ucuz olur. Bina yanmağı yadınıza gəlirmi? O binada sağ qalanlar bir aydan sonra hökumətdən mətbəxə şkaf tələb edirdilər. Əsas odur neftin qiyməti qalxan vaxtlarda bulvarın uzunluğunu 25 kilometrə çatdırdıq. İndi orda hər gözlənilən faciə üçün gül düzmək imkanı var. Darısqal olanda gül qoyub kədərli pozada İnstaqram şəkli çəkdirmək çətinləşirdi. Bu arada büdcədən narahat olmaq lazım deyil. Neftin qiyməti düşsə də hökumətin birjasında verginin dərəcəsi qalxmışdır. Dünən vergi məcəlləsində artımları nəzərdə tutan dəyişikliklər imzalanmışdır. SOCAR-da yaranan kəsiri evinin pəncərəsindən “peraşki” satan Məmmədnəsirin qulağını kəsməklə dolduracaqlar. Yaxşı addımdır. Daha çox vergi alınmalıdır. Qoy vətəndaşlar dövlətin varlığını duysunlar. Yoxsa ağ eləmişdilər. Əfruz xalanın əlində bülleten tutan alçaqlar vardı. Vətən daşı olmayandan, olmaz ölkə vətəndaşı! Həri. Vətəndaş sitatını qəsdən yazdım, çünki bu abzasa keçə bilmirdim, ilişmişdim. Beynəlxalq Bankın müdiri, keçmiş MTN şefinin qudası Cahangir Hacıyevi tutub zindana salıblar. Bu zaman qəribə bir fakt ortaya çıxmışdır: sən demə Cahangir müəllim Britaniya vətəndaşı imiş. İkili vətəndaşlığı keçən il qadağan edəndə görəsən bunu niyə görməyiblər? Ölkənin əsas gəlirlərini, pullarını əcnəbiyə fırlatmağa vermişdilər, o da qudası ilə basıb yeyirdi. Halal olsun. Bacarıqlı adamdır. Sən olsan yeməzdin? Bunlar heç olmazsa yeyib doyublar. Eldar müəllim, Çovdarov, Subahir müəllim hətta bir neçə dəfə doymuşdu. Rabitə naziri yazıq yarıac getdi. Deyilənə görə təzəcə yeyib doyurmuş. Dəli şeytan deyir ki, sabah baş nazirimizin də Britaniya vətəndaşı olması ortaya çıxacaq. Adı da düz gəlir - kral Arturun adaşıdır. Ekskalibur qılıncını işdə olanda Akif Əliyə verir, o saxlayır. Görənlər olub.

Bizə qoşulun