Medianews.az
Beş ayaqlı dana
223 baxış

Beş ayaqlı dana

zamin yeni raz
Xarici işlər naziri Elmar Məmmədyarovun Belqradda, ATƏT Nazirlər Şurasının iclasında çıxışından bir parçanı oxudum və açığı, o iclasa qatılanlara yazığım gəldi. Örnək üçün, Elmar müəllim orda belə cümlələr işlədib “ATƏT-in daxili tarazlığının üç ölçüsü təhlükəsizlik baxımından pozulub və Avropa qitəsində sülhün qorunub saxlanılmasına dair müfəssəl təhlükəsizlik konsepsiyasının özəyi kimi, iştirakçı dövlətlər arasında ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin güc tətbiq etmək və ya təhdid etməklə pozulmasından çəkinməyə dair öhdəlik götürülməsinə ehtiyac olması barədə tam konsensus olmuşdur”. Necə deyərlər, erməni budaq cümləsi. Bu şəkildə diplomatiya aparmaqla xariciləri necə tərəfdarımız edə bilərik?
Halbuki, bu cür əlləm-qəlləm cümlədənsə Elmar müəllim qısa və konkret şəkildə belə deyə bilərdi: “ATƏT siyasi dustaqlara azadlıq istəməkdənsə mənim xaricə qaçan səfirlərimi tutub versinlər”. (Özüm qəsdən yanlış cümlə qurdum, hər halda bunu Elmar müəllimin dediyi bilinməlidir - Z.H.). Hamı, o cümlədən, biz də başa düşərdik nə deyir. Deyəsən Elmar müəllim “diplomatik danışıq” ifadəsini tamam yanlış anlayıb. Diplomatın hər şeyi açıq demədiyi aydındır, amma heç olmazsa örtülü dediyi də anlaşılan qrammatika və leksikonda olmalıdır.
Əlbəttə, çox başımızı ağrıtmayaq, belə səfeh informasiyalarla beynimizi doldurmayaq. Nəyimizə lazımdır ATƏT? Ən düzgün yol rayonlarda dananın beş ayaqlı buzov doğması ilə maraqlanmaqdır. Dünən belə xəbər oxudum, Şamaxıda olmuşdur, çox ürəyim açıldı, çünki çoxdandır bu möhtəşəm hadisə baş vermirdi. Azərbaycanın dünya mədəniyyətinə, dünya tarixinə, dünya informasiya məkanına bəxş etdiyi unikal hadisələrdən biri şübhəsiz ki, danaların beş və ya altıayaqlı buzovlar dünyaya gətirməsidir. O biri hadisə fındıqların və arı pətəklərinin üzərində “İnşallah” yazılmasıdır. Düzü, ikinci hadisəyə son çağlar nəsə az rast gəlinir, şübhəlidir. Ola bilər yaradan bizdən üz döndəribdir, mesaj vermək istəyir ki, əgər siz Nardaran kəndindən polis qüvvələrini çıxarmasınız daha çox qənim olaram.
Ümumiyyətlə, çox kövrək qəlbli camaatımız var. Bizim uşağın müəllimi bunun tipik örnəyi sayıla bilər. Biz valideynlər həmin müəllimlə qorxa-qorxa danışırıq, çünki küsüb gedir. Bir də görürsən müəllimə bir həftə işə gəlmədi, əvəzinə ayrı müəllim göndərdilər. Maraqlanırsan, sən demə, hansısa valideyn bu müəllimdən direktora şikayət eləyib, direktor da (rəhmətliyin balası, sənə lazımdır bu?) çağırıb müəllimi yüngülvari danlamışdır. Vəssalam. Bu söhbət müəllimin xətrinə dəydiyi üçün qərara alıb məktəbdən küssün. Hər dəfə belə olanda bütün valideynlər, məktəb kollektivi, məktəbi əvvəllər qurtarmış uşaqlar və onların yeddi arxa dönəni - hamımız yığışıb xahiş-minnətə gedirik, deyirik, itin-qurdun olaq, qayıt yerinə qoy Günəşi, Ayı, qayıt sahmana sal bu kainatı! Vallah, sizə anekdot kimi gələ bilər, ancaq gerçək əhvalatdır. Başqa ölkədə danışsan bəlkə gülərlər, biz isə yaşayırıq.
Elə buna bənzər birisini dünən usta qonşum nəql eləyib. Qonşumun kiçik briqadası var, təmir-tikinti işləri görürlər. Sulutəpə tərəfdə bir hacının (qonşu bunu xüsusi vurğuladı, bilmirəm qəsdi nə idi, yəqin Nardaran hadisələrindən sonra dövləti sevən hər kəs belə titulları xüsusi qeyd etməyə borcludur) evini təmir edirmişlər. Xeyli zəhmət haqları yığılıb qalıb, üstəlik hacı ağa bir müddətliyə varıb gedibdir Dubay şəhərinə. Bunlar da əllərində olan materialları işlədib qurtarıblar, dağılışıb gediblər evlərinə. Nəhayət, Dubaydan qayıdan hacı bunlara irad tutub. Deyib gərək hardansa borc tapıb material alaydınız, təmiri dayandırmayaydınız.
Dünəndən bəri hər dəfə qonşumun bu söhbəti yadıma düşəndə gülməyim gəlir, çünki insan həyasızlığına abidə qoymaq lazım gəlsə, yəqin üz hissəsi o hacıdan götürülməli olardı.
İndi söz əlaqədar təşkilatlarındır.

Bizə qoşulun