Hərdən görürsən polis hansısa toyuq oğrusunu tutur, dərhal telekanalizasiyalara xəbər verirlər, bir neçə kamera yazığın başının üstünü kəsdirir. Həmin oğrudan xəbər, reportaj, tok-şou, epopeya, sənədli film, yalan olmasın, bədii filmə, teleseriala qədər çəkirlər. Ancaq son bir ayda ölkədə onlarla iri çəkili məmur, nazir, general vurulub, tutulan-tutulub, bir normal çəkiliş yoxdur.
Həmçinin, hansısa 2-3 nəfərlik xırda oğru dəstəsi ələ keçəndə görürsən hüquq-mühafizə orqanları elan verir: “Bu dəstənin fəaliyyətindən zərər çəkən başqa vətəndaşların da bizə müraciət etməsini istəyirik”. MTN və RYTN ətrafındakı həbslərdən sonra isə heç belə elan görmədik.
Ancaq lazım idi. Elə mətbuata, jurnalistlərə müraciət edən saysız-hesabsız qurbanlar bu elanın vacibliyini göstərdi. Dərisi soyulan, evi yıxılan nə qədər biznesmen, xırda dükan yiyəsi, adicə qutab almağa pulu olan kasıb insan bu qurumların vəhşiliyindən şikayətləndi.
Yeri gəlmişkən, prezident administrasiyasında məktublara, şikayətlərə baxan bir idarə var, müdirinin də adı Süleyman müəllimdir. Həmin Süleyman müəllimin vəzifəsi ildə bir dəfə məktubların statistikasını çıxarıb mediaya ötürməkdir, faktiki başqa heç bir iş görmür. Çünki görsəydi indi dərdi açılan adamların “Prezident aparatına da yazmışdıq, xeyri olmadı” sözləri olmazdı.
Bunlar öz yerində, millət təkcə MTN sarıdan dərdə düşməyib, başqa dərd kreditdir. Umud Mirzə adlı oxucumuzun məktubu çox aktualdır: “Bank soyğunçuluğuna toxunun, ermənidən betərdirlər. Kiçik biznesim vardı. Lizinqə 3 tikinti texnikası götürmüşdüm. Həyatımın 10 ili lizinqi ödəməklə keçdi. Ümid edirdim texnikalar özümə qalacaq. Onların təmiri üçün Nikoyl və Unibankdan kredit götürdüm. Tikinti sektorunun çökməsi mənə də təsir elədi, texnikaları dəyər-dəyməzinə satıb borcumun bir hissəsini ödədim. Qalan hissəni ödəyə bilmirəm, bank işçiləri qapımdan əl çəkmir. Hər səhər zəng vururlar. Dünyanın heç yerində 40 faizlə kredit yoxdur. Bu, bank talançılığıdır. Tutaq ki, 10 min manat götürmüşəmsə, 20 min manat qaytarmalıyam. Bəyənmədiyimiz İranda da belə şey yoxdur. Mənə təsir edən odur ki, nə müxalifət, nə də tanınmış adamlar buna toxunurlar”.
Düzü, bilmədim Umud bəyə nə ümid verim. Çox çətindir. Üstəlik, bu məktubu alanda Nurəddin Zülfüqarlı adlı biznesmenin yapistlər tərəfindən necə soyulması haqda Türkiyə televiziyasında gedən verilişə təzə baxmışdım. Adamı “gəl bura, iş gör, şərait var” deyib aldadıblar, Rusiyadan pullarını gətirib Bakıda zavod təmir etdiriblər, sonra da türməyə basıb əlindən alıblar. Əslində köhnə söhbətdir, bunu artıq bilirik. Ancaq nə dəyişib? Heç nə. Bir karvanbasanlar o biri karvanbasanlara qurban gediblər, vəssalam.
Dəyişiklik demişkən... Bu yaxında “Böyük dəyişiklik” adlı yazımda ölkəmizdəki inqilabi islahatdan bəhs eləmişdim. Söhbət ondan gedirdi ki, Zahid Orucla Gövhət Baxşəliyeva yüz illərdir deputat qoyulduqları dairələri öz aralarında dəyişmişdilər. Bərdə kənd və Bərdə şəhər dairələrini. Ancaq daha bir müsbət dəyişiklik varmış! İnanılmazdır! Dünəndən şokdayam. Bəlkə də Barak Obamanın saçları buna görə ağarıb. Xəbəri mənə yazan oxucumuz Rahim Tarıverdiyevi də şiddətlə qınayıram, çünki sevindiyimdən ölə bilərdim, gərək belə şad xəbərləri insanlara yavaş-yavaş deyəsən. Xəbər budur: “Qabaqlar Azay Quliyev Şirvandan, Rafael Cəbrayılov isə Binəqədidən deputat olurdu. Bu dəfə isə onlar da yerlərini dəyişiblər”.
Vallah, ta mənim sözüm yoxdur. Amerikanı ötüb keçmişik! Gərək Cəlal müəllim də Mətbuat Şurasına sədr gələydi.
24.11.2015, 06:44
281 baxış
Zamin Hacı
Böyük dəyişiklik-2