Medianews.az
Böyük dəyişiklik
263 baxış

Böyük dəyişiklik

zamin yeni raz Dünən internetdə bir videoya baxdım: yol polisi deputatxana üzvü Rafael Hüseynovu avtomobillə hərəkət qaydalarını pozduğu üçün cərimə edirdi. Əla kadr idi. Biz yavaş-yavaş Avropaya, sivil dünyaya doğru addımlayırıq. Təklif edirəm daxili işlər naziri həmin polisə rəsmi təşəkkür versin. Qanun qarşısında hamı bərabər olmalıdır. Bu gedişlə mən qorxuram sabah Hacıbala Abutalıbovu metroda işə gedən görək. Artur Rasizadə velosiped sürsün. Ramiz müəllim Fəvvarələr bağında gəzişsin. Adam bir az da üşənir. Bu qədər demokratiya bizdə anarxiyaya səbəb olar. Həmçinin Artur müəllim velosipeddə adamın qabağına çıxsa adam qorxudan sarılığa tutular. Çox gözlənilməzdir. Hərçənd yeni deyil. Bundan qabaq MTN-in birinci müavini qoyulan Mədət müəllimin velosipeddə şəkli yayılmışdı. Gördüyümüz kimi, hakimiyyət hər gün nəsə edir, hər gün kimisə tuturlar, əmlakını müsadirə edirlər. Dağıdılan villalar, işdən qovulan yeznə-bacanaqlar, türmədə infarkt olan generallar, xəstəxanaya düşən nazir arvadları... Hakimiyyət dəhlizlərində yel vurub, yengələr oynayır. Yapistlər neftdən sonrakı dövrə hazırlaşırlar, özünü qoruma instinkti yüksək sürətlə işləyir. Təəssüf ki, biz bu cür özünüqoruma mexanizmlərini, böhranlara çevik reaksiyanı nə cəmiyyətimizdə, nə müxalifət adlanan kəsimimizdə görmüşük. Əksinə, həmişə proseslərin arxasınca sürünüblər. Kaş iqtidarın böhran zamanı hiss elədiyi narahatlığın onda biri cəmiyyətimizdə olaydı. Yoxsa həmişə yatırıq. Bəzilərimizi hətta təpikləyəndə də oyanmır. Sabir demişkən, sanarsan ölübdür. Bayaq söz açdığım videoya qayıtsam, orda bir detal məni narahat elədi, hesab edirəm islahatlarımızın gurultulu şəlaləsi fonunda buna diqqət yetirilməli, günahkarlar cəzalanmalıdır. Yol polisi protokol yazarkən deputat Rafael Hüseynovun yanında bir nəfər kostyumlu kişi vardı, deputat çıxıb gedəndən sonra o, polisə deyirdi: “Mən bu kişini deputat seçmişəm. Tabeliyimdə 70-80 məntəqə var. Dairə seçki komissiyasının sədriyəm”. Təxminən bu tip sözlərlə özünün “əhəmiyyətini” polisə göstərmək istəyirdi, alınmadı. Ancaq maraqlıdır: deputatxana seçkisi şousu təzə bitmişkən, daha doğrusu, hələ məclis toplanmadığı üçün bitməmiş sayılırkən bir DSK sədri həmin dairənin deputatının maşınında nə qayırırdı? Üstəlik, “mən onu seçmişəm” nə deməkdir? Bəs xalqın səsi hara gedib? Hesab edirəm əlaqədar orqanlar həmin DSK sədrinin villası ilə maraqlanmalıdır. Yaxşı sökülməli villalar hələ qarşıdadır. Nazim Hikmət demişkən, “gözəl günlər görəcəyiz, cocuqlar”. Yeniləşən Azərbaycanımızın bir əlamətini Ədalət müəllim adlı oxucumuz yazıb göndərmişdir. Açığı, mən jurnalist olsam da buna diqqət etməmişdim, halbuki möhtəşəm yenilikdir. Bəlkə də dünya dövlətləri başçılarının Türkiyədəki zirvə toplantısı məhz bu yenilik üzündən baş tutmuşdur. Uzun sözün qısası, gəlin Ədalət müəllimin məktubundakı şok informasiyanı birlikdə oxuyaq: “Zamin bəy, salam! Sizin bütün yazılarınızı oxuyuram. Seçkilərlə bağlı toxunduğunuz problemlər hamını düşündürməli olan məsələlərdir. Ancaq builki seçkilərdə olan bir böyük yenilikdən nədənsə yazmırsınız. Həmişə tənqid etmək olmaz, əldə olunan nailiyyətlərdən də yazmaq lazımdır. Bir böyük uğuru sizin yadınıza salmaq istəyirəm. 3 çağırış eyni dairədən seçilən Gövhər xanımla Zahid Orucun seçildikləri dairələr nəhayət ki, qarşılıqlı olaraq dəyişdirildi. İndi Gövhər xanım Bərdənin şəhər, Zahid müəllim isə kənd əhalisinə vəkillik edəcəklər”. Doğrudan da heyrətamizdir.

Bizə qoşulun