Medianews.az
Erməniyə G20 zərbəsi
647 baxış

Erməniyə G20 zərbəsi

zahid
Sabah Türkiyənin kurort şəhəri Antalyada “Böyük iyirmilər”in (G 20) 10-cu sammiti öz işinə başlayacaq. İki gün çəkəcək tədbirə qardaş ölkə ilk dəfə ev sahibliyi edəcək, bunun ardınca bir il G20-nin koordinatoru missiyasını yerinə yetirəcək. Ancaq zirvə toplantısının Türkiyə ilə bağlı digər mühüm özəllikləri də var.
Tədbir sözsüz ki, ən əvvəl qardaş ölkənin bölgədə və dünyadakı vazkeçilməz rolunun və qüdrətinin nümayişi, qlobal siyasətin mərkəzlərindən biri olmasının etirafı ilə yadda qalacaq. Onun gücünə güc qatacaq. Türkiyə isə sammitə 1 noyabr parlament seçkilərindən sonra daha güclü və legitim hakimiyyətlə gedir. Bundan əlavə, zirvə toplantısı Ankaranın ölkə daxilində PKK terroru ilə mübarizəsini davam etdirmək üçün yeni əlavə stimul yarada, ona hətta kart-blanş verə bilər.
Sammit Azərbaycan üçün də önəmli mesajlarla yadda qala bilər. Məsələ ondadır ki, tədbirdə ölkəmiz yeganə fəxri qonaq statusunda olacaq. Prezident İlham Əliyevin 19 aparıcı dövlət və Avropa Birliyi rəhbərləri ilə eyni tədbirdə yer alması Azərbaycana müəyyən siyasi və psixoloji dividentlər, üstünlüklər qazandıra bilər, əgər təbii ki, fürsətdən lazımınca istifadə olunsa, dünya liderləri ilə təmas imkanlarından maksimum fayda götürülsə.
Söhbət öncəliklə əsas problemimiz olan Dağlıq Qarabağ məsələsindən gedir. Doğrudur, sammitin gündəliyində Qarabağ mövzusu yoxdur. Ancaq qəbul ediləcək yekun bəyannamədə postsovet məkanındakı həll olunmamış münaqişələrlə bağlı böyük ehtimalla, müddəa yer alacaq.
Çox vacibdir ki, fəxri qonaq kimi Azərbaycan sənəddə Güney Qafqazın ən üzücü ixtilafı sayılan Dağlıq Qarabağa dair G20-nin ədalətli mövqeyinin əks edilməsinə nail olsun. Necə ki, analoji mövqelər indiyədək Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının (AŞ PA), NATO Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının qətnamələrində artıq təsbit edilib.
Belə sənədlərin çoxalması problemin həllinə birbaşa töhfə verməsə də, hüquqi (məcburi) xarakter daşımasa da, Azərbaycanın öz haqlı mövqeyini dünyada irəli aparmaq və Minsk Qrupu həmsədrlərini obyektiv mövqeyə qaytarmaq, işğalçı Ermənistanı narahat eləmək üçün çox vacibdir.
Üstəlik, unutmaq olmaz ki, G20 - həmsədr ölkələrin hər üçünün daxili olduğu azsaylı formatlardandır. Bakı bu yöndə istəyinə ev sahibi kimi həm Türkiyə, həm də toplantı çərçivəsində reallaşacaq iki və çoxtərəfli görüşlər hesabına çata bilər. Nəticə etibarilə işğalçı ölkə, onun gizli-açıq rəğbətçiləri növbəti dəfə fakt qarşısında qoyular. Ermənistanın sammitə hər hansı formada qatılmaması bu yöndə Bakı və Ankaraya əlavə psixoloji üstünlüklər yaradır.
Müxtəsəri, Antalya sammiti işğalçı Ermənistana G20 zərbəsi vurmaq üçün unikal fürsət yaradır. Rəsmi Bakı bu fürsəti qaçırmamalıdır. AŞ PA Siyasi Komitəsindən təzəcə Qarabağ zərbəsi alan işğalçı Ermənistan əlbəttə ki, proseslərin bu cür inkişafını arzulamır və Azərbaycanın sammitdə fəxri-qonaq statusunda iştirakından, yumşaq desək, məmnun deyil.
İrəvan həm də o səbəbə məmnun deyil ki, sayı artan bu cür sənəd-kommunikelər Qarabağ məsələsinin həllində beynəlxalq hüquqa söykənmək üçün əsasları gücləndirir, vasitəçiləri də, təcavüzkarı da fakt qarşısında qoymaqla onların məsələdə Bakının ziyanına manevr imkanlarını daradır. AŞ PA Komitəsinin məlum qərarından ermənilərin narahatlıq keçirməsi bu reallıqdan qaynaqlanır.
Antalya zirvəsi təcavüzkarı daha rahatsız duruma salmaq üçün növbəti qiymətli şansdır. Bu şansı rəsmi Bakı sammit ərəfəsində ölkə daxilində müəyyən islahatlar aparmaq və siyasi məhbusları azadlığa buraxmaqla xeyli gücləndirə də bilərdi.
 

Bizə qoşulun