Medianews.az
Meşədə azanların qışqırığı
256 baxış

Meşədə azanların qışqırığı

zamin yeni raz
Ölkədə məhkəmə kompleksləri açmaqla deyil, azərbaycanlıların hüquq-mühafizə orqanlarına etibarı sıfırdan da aşağıdır. Mənfidir, riyazi dildə yazsaq. 
Örnək üçün, MTN şefi işdən çıxarılandan sonra mətbuat səhifələri, xəbər lentləri haqqı pozulan insanların ah-naləsi ilə dolub daşmaqdadır. Biri deyir, məni MTN-ə aparıb soydular, o biri deyir, atamı öldürdülər, üçüncüsü yazır ki, çekistlər babalarımın qəbirlərini ekskavatorla dağıdıb qızıl axtarırdılar. Açıq yazsaq, goreşənlik edirmişlər. Bəzən görürsən hansısa xırda cinayətkar qəbiristanlıqdan məhəccər söküb satdığı yerdə tutulur, bunun videosunu efirə verirlər, telekanalizasiya zəhmətkeşləri də dəhşətli cinayət aşkarlamış peşəkar ədasıyla yazığı qınayırlar, amma burda MTN-in bütöv bir qədim qəbiristanlığı eşməsindən söhbət gedir ey!
Yaxşı, bu qədər cinayət işi olan halda niyə başqa orqanlar susublar? Niyə bu adamların dərdinə polis, prokurorluq, icra hakimiyyəti, məhkəmələr əlac etməyibdir? Özümüzü avam yerinə qoyub hesab edək bu işlərin hamısını Eldar Mahmudovun “riyakar bandası” təkbaşına törədibdir. Bəs ən azından qanunlara nəzarət funksiyası olan prokurorluq nə edib? Bu qədər insanın qışqırtısını eşitməyiblər?
Hesab edək MTN günahsız adamları zindana salırdı. Bəs məhkəmə hakimlərinin hökmləri nə olsun? Onları da çovdarovlar imzalamayıb axı. 
İki gün qabaq xəbər lentində kədərli bir ailə faciəsi haqda oxudum. Qadınla kişi boşanıblar, iki uşaq ananın yanında qalıb. Uzun müddət keçsə də ata sayılan yaramaz bu uşaqlara aliment ödəməyib. Qadın şikayət edib. Polis atanı 15-20 günlük həbsə atıb. Həbsdən çıxan kişi qırığı qisas məqsədiylə dərhal gedib ananı öldürüb. İndi bu debil həbsdə (oxuculardan üzr istəyirəm, söyməyə bilmədim), ana da ölüb, iki balaca uşağa kim baxacaq? Onların axırı nə olacaq?
Məncə bu vəziyyətin yaranmasında polisin də böyük suçu var. Axı polis təkcə ölüm baş verəndən sonra kimisə tutmaq üçün deyil. Profilaktika deyilən bir şey də var. Cinayətləri önləmək tədbirləri görülməlidir. Yazdığım halda isə daha çox provokator rolu oynayıblar.
Başqa bir olay Astarada yaşanıb. Məktəbli uşaq meşədə azıb, itib. Yalnız 6 gündən sonra yolu tapıb evə qayıda bilib. Region TV-lərindən birində - Kəpəz TV-də bu haqda süjet verilmişdi. 11-ci sinifdə oxuyan (Allah kəssin belə oxumağı - izahı növbəti abzasda) uşaq deyirdi ki, həmin günlər qoz yeyib aclığını dəf edib, gecələr ağacda yatırmış, çox qorxubmuş.
Az qala “milli Mauqli”-mizə çevriləcək bu fağır oğlanın əhvalatında məni başqa detal düşündürdü: reportajdan belə çıxırdı ki, uşaq bir həftəyə yaxın yoxa çıxsa da onu heç kim axtarmırmış! Nə polis, nə FHN, nə məktəb, nə də valideynlər! Elə bil uşağın 6 gün gecə-gündüz evə gəlməməsi çox təbii haldır. Əgər uşağın valideynlərində hüquq-mühafizə orqanlarına inam, etimad olsaydı yəqin dərhal xəbər verərdilər. İndiki halda isə adamlar qorxublar: “Sahə müvəkkili gələcək, bizi sıxışdırıb pul istəyəcək. Sonra aylarla prokurorluq yolunda qalacağıq. Deyəcəklər, uşağa neyləmisiniz ki, evdən qaçıb. Azdığını kimə sübut edəcəyik? Bunlar söz qanırlar? Ona ver, buna ver... Ondansa sakit oturaq, bəlkə uşaq özü qayıtdı gəldi. Ya mədət. Ay arvad, heç kənd adamlarına da deməyin, söz ora-bura çıxmasın”.
Bunu yaza-yaza yadıma oxşar vəziyyət haqda lətifə düşdü. Bir nəfər meşədə azır, gecə qaranlıq düşür, bu da qorxusundan “Kömək edin, kömək edin!” qışqıra-qışqıra qaçır. Birdən görür kimsə əlini çiyninə qoydu. Dönür baxır ki, yekə, qıllı bir ayıdır, özü də qış yuxusundan vaxtsız durmuş kimi sifətindən zəhrimar yağır. Ayı deyir: “Nə olub, adə, yekə kişisən, nə üçün qışqırırsan?”. Adam titrəyə-titrəyə deyir: “Köməyə çağırırdım, dedim bəlkə kimsə səsimi eşidər, gələr”. Ayı deyir: “Bax, mən eşitdim gəldim, xeyrin oldu?”.

Bizə qoşulun