Neft pulları sel kimi gələndə yapistlər cürbəcür şirkətlər yaradıb bu çirkli-pasaqlı, mazutlu pulları yuyurdular. Hər biri hansısa nazirə, məmura bağlı olan bu şirkətlər bank sektorundan tutmuş yol çəkilişinə qədər bütün sahələri inhisara almışdılar. İqtisadiyyatda tenderlərə, projelərə bunlardan başqa kimsə girə bilməzdi. Biri Abidin idi, başqası Ziyanın, bir ayrısı Cahangirin... Beləcə, nüfuz sahələri canavarlar arasında bölüşdürülmüşdü. Təbii, hər biri ümumi qazanın da payını vaxtlı-vaxtında verirdi. Əslində bu pullar elə ümumi qazanın pulları idi, yuyulmağa verilirdi. Bu nazirlərə “OMO”, “Ariel”, “Ramiz”, “Tayd” demək olardı.
İndi pul yoxdur. O üzdən “Azərinşaatservis”in beş aydır maaş ala bilməyən fəhlələri Bakıda etiraz aksiyası keçirdilər. Doğrusu, buna aksiya demək də olmaz, bunu aksiyaya polis çevirdi. Təsəvvür edin, pulunu ala bilməyən fəhlələr bir yerə yığışıblar, sonra ordan toplu halında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə getmək qərarına gəliblər. Çox normal bir haldır. Ancaq polis onların qabağını kəsib deyir getməyin, dağılışın. Absurd isə polisin əmri idi: “Yürüş halında yox, bir-bir dağılışın. Burda isə topa şəkildə durmayın”. Əcəb məntiqdir. Görəsən bu hüquq-mühafizə orqanlarında işə girərkən adamlar beyinlərini harasa təhvil verirlər, ya əvvəldən olmur?
“Azərinşaatservis” adlı bu gülməşəkər müəssisə isə neft qiyməti düşənəcən gizli iqtisadiyyatımızın oyunçularından biri idi. “Əsas liqa”da lider olmasa da, autsayder də sayılmazdı. Azərbaycanda xeyli avtomobil yollarının çəkilişi buna verilmişdi, Bakı-Tiflis-Qars dəmir yolunun tikintisində də şirkətin payları vardı. İndi deyirlər şirkət Beynəlxalq Bankın vurulmuş cahangiri Cahangir Hacıyevin qanadları altında imiş. Yeri gəlmişkən, mən maraq üçün “Azərinşaatservis”in saytına baxdım. Gülməli bir sayt idi, örnək üçün, şirkət haqda məlumatlar bölümündə belə bir cümlə yazılmışdı: “Azərinşaatservis MMC 2003-cü ildə iki yerli şirkət tərəfindən təsis edilmişdir”. Ta bu şirkətlərin adı-soyadı nədir, o vaxtacan hansı qələti qarışdırıblar, ümumiyyətlə niyə birləşiblər - heç zad yoxdur.
Belə sabun köpükləri hələ çox partlayacaq, yazıqlar olsun ki, bunun zərbəsi halal zəhmət haqlarını ala bilməyən kasıb insanlara, fəhlələrə dəyir. Cahangir Hacıyev də itirir, fəhlə “Cahangir Hacıyev” də. Sadəcə, sonuncunun itirdiyi son ümidləri, yaşamaq üçün son imkanlarıdır. Fərq bundadır. Bir ata sözündə deyilən kimi: “Hamını ley vurdu, bizim kimi tükü dağılan olmadı”. Ley yırtıcı quşdur, qartalın bir cinsidir. Burada böhran rolunu oynayır. Böhran kasıba daha ağırdır.
Bu temada həmişə sovet yazıçısı Əli Vəliyevin başına gələni örnək kimi deyirəm, indi də yazım. Əli Vəliyev muzdur keçmişi ilə öyünürdü, bu haqda hər yerdə yazırdı. Karyera qurmaq üçün muzdurluq fəxr sayılırdı, elə indi bizi idarə edənlər də həmin muzdurların nəslidir, ona görə muzdla işləyənlərə belə amansızdırlar. Bunda sözüm yox, Vəliyevin xatirəsinə dönək. Bir dəfə muzduru olduğu bəy gələcəyin yazıçısına deyir: “Əli, o samovarı gətir, əlimi yuyum”.
Əli gətirir, bəy samovarı açıb əlini yuyur. Sonra deyir indi mən tutum, sən yu. Muzdur bu hörmətdən təəccüblənir, amma bəyin sözündən çıxa bilmir, əlini yuyur və... çox pis yandırır! Sən demə samovar qaynar imiş, bəy isə üzə vurmayıb, özünü muzdurun qabağında sındırmayıb, belə cəzalandırmaq istəyib. Qulaq asanlar deyir ki, Əli, burda inciməli bir şey yoxdur, hesab bərabər olub, sən onu, o da səni yandırıb. Bu zaman Əli Vəliyev deyib: “Siz bilmirsiniz, biri var bəy əli yana, biri var muzdur. Muzdur əli daha pis göynəyir”.
Maraqlı müşahidəmi də bölüşüm. Son vaxtlar internetdə ekzotik məkanlarda qol götürüb oynayan azərbaycanlıların videoları yayılır. Mən azı ikisini görmüşəm. Birində bir ağsaqqal ot biçdiyi yerdə dəryazı saz kimi tutub, əlində fırladıb oynayırdı. O birində isə tikintidəki fəhlələrimiz əllərinə keçən dəmir-dümürü guya musiqi aləti kimi “çalıb” əylənirdilər.
Bəlkə də onlar “Azərinşaatservis”in işçiləri idilər.
30.10.2015, 08:04
320 baxış
Zamin Hacı
Dəryazla oynamaq zamanı