Medianews.az
Elimizin qızı Elza
245 baxış

Elimizin qızı Elza

zamin yeni raz Müğənni Elza Seyidcahan rayonlardan birindən deputatlığa namizədliyini verib, orda maraqlı, dramatik, tragikomik bir durumun yaranmasına səbəb olub. Məsələ ondadır ki, Elza xanım YAP üzvü olsa da, YAP-ın rəsmi namizəd siyahısında yer tutmur. Yapistlər oradan başqa bir şəxsi - illərdir deputatxanada düymə basan hansısa tipi dəstəkləyirlər. Elza xanım isə seçicilərlə görüşlərdə “Məni İlham Əliyev dəstəkləyir, mən onun namizədiyəm” deyib təbliğat aparırmış. Mənim yapistlərin daxili qovğalarına və düşük narahatçılıqlarına vaxt ayırmağa, üstəlik, hörmətli oxucularımı belə mövzularla yormağa həvəsim yoxdur, amma dünən xəbər lentində həmin rayonun YAP təşkilatı sədrinin məzəli açıqlamasını oxudum, istədim sizinlə bölüşüm. Adam yana-yana demişdi: “Bizi dəhşətə gətirən bilirsiniz nədir? Biz həmişə müxalifətlə mübarizə aparmışıq. İndi isə Yeni Azərbaycan Partiyasının üzvü bizimlə mübarizə aparır. Bu, qəbulolunmaz hərəkətdir. Mən inanıram ki, partiya onun haqqında tədbir görəcək, onu cəzalandıracaq. Elza Seyidcahan birbaşa partiyanın qərarına qarşı çıxır”. Şəxsən mən bunu çox ləzzətlə oxudum. Təki elə bu yapistlər həmişə dəhşətə gəlsinlər, çünki onları dəhşətə gətirən şey adətən Azərbaycanın xeyrinə olur. İndiki halda da Elza xanım, şəxsən mənim fikrimcə, çox yapist-deputatlardan yaxşı deputat ola bilər. Ən azı insanların deyib-gülməsinə səbəb olur, orijinal, ekstravaqant qadındır. (Açığı, ekstravaqant sözünün mənasını heç özüm də bilmirəm, deyəsən, müsbət mənada əndirəbadi deməkdir). Vokal imkanları da pis deyil. Ancaq əlbəttə, Elza Seyidcahan da yapistdir. Yapistlər müxalifəti məhv edib zindanlara dolduranda bilməliydilər ki, gün gələcək, onların öz içindən müxalifət doğulacaq. Çünki müqəddəs yer boş qalmır, müxalifətçi yeri də müqəddəsdir. Bu yeri tutanlar var, seyid ocağı kimi bir şey yaradırlar, ağzın nədir hansısa tənqid edəsən, müridlər tökülüşüb adamın sağ tikəsini qulağı boyda edirlər. Ya da liderin bədduası nəticəsində adamın beli qırılır. Ad çəkmirəm, çünki qorxuram mənim də ağzım əyilsin. İndi Elza xanım da hakim partiya daxilində cupbulu bir fraksiya yaradaraq bir növ menşevikə dönmüşdür. Bolşeviklər Elza xanımı bəyənməyən Səyavuş Novruzov kimilərdir. Ar olsun onlara. Qadınların seçki təşəbbüslərini boğurlar. Ümid edirəm rayon seçiciləri həqiqətə, incəliyə, zərifliyə - Elza xanıma səs verəcəkdir. Müğənniyə səs verin, səsi artsın, daha yaxşı oxusun. Yoxsa nə qədər Səyavuş, Zahid Oruc, Hacı Madər kimi səssiz adamlara səs veriləcəkdir? Eyni zamanda “Elza Seyidcahan fenomeni” respublikamızın sekulyar gələcəyi baxımından da bizə çoxlu ümidlər verir. Bəzi gülməşəkər ekspertlər çoxdandır uca millətimizə, Qərbə-filana xəbərdarlıq edirdilər, deyirdilər gərək yapistləri dəstəkləyəsiniz, bunlar getsə dini radikallar gələcək, sizi dar ağacından asacaqdır. Bunu müxalifət də deyirdi. Guya sivil müxalifət məhv edilən ərazidə dini müxalifətin yaranması qaçılmazdır. Ancaq Elza xanımın mübarizəsi Azərbaycan xalqının yaradıcı potensialından xəbər verir, göstərir ki, bizdə avtoritarizmə alternativ olaraq fanatizm və ya liberalizm çıxmaya bilər. Bizdə tam yeni - dünya politologiya elmi üçün kəşf sayıla biləcək vokalitarizm hərəkatı peyda olacaqdır. Hələ başqa manıs yapistlər - Tolik, Nadir Qaraçuxurlu, Namiq Qafarzadə, Üzeyir, İlhamə Quliyeva və başqalarının da bu hərəkata qoşulacağına əminəm. Ortada örnəklər də var, Zeynəb Xanlarova 300 ildir deputatdır, heç olmazsa hər əsrdə bir dəfə Nardaranda dənizin hasara alınmasından dərin narahatlığını bildirir. O biri deputatların isə cınqırı çıxmır. Hamınızı Elza xanıma səs verməyə səsləyirəm.

Bizə qoşulun