Medianews.az
Sürpriz xoşbəxtlik
248 baxış

Sürpriz xoşbəxtlik

zamin yeni raz Bəh-bəh... Adama elə gəlir hansısa Avropa ölkəsində yaşayırıq. O deyilən “Yeni Azərbaycan” gözləmədiyimiz anda qarşımıza çıxmışdır. Hər gün, hər yerdən xalqa xidmət sorağı gəlməkdədir. İki göz tamaşa eləməyə bəs etmir. Dörd göz lazımdır. Mən elə buna görə dördgöz olmuşam. Bəlkə də bu günlərdə rəmzi yubileyi qeyd olunan “Geriyə, gələcəyə” filmindəki zaman maşınına minərək gələcəyə uçmuşuq. Milli təhlükəsizlik nazirinin vəzifələrini icra edən adamın velosiped sürdüyü yerdə fotosu yayıldı. Daha sonra onun köhnə iş yerindəki mətbuat katibi belə bir açıqlama verdi: “Mədət müəllim facebook profilini bağlamağa məcbur oldu, çünki zəhmətkeşlərimiz minlərlə məktub yazıb onu təbrik edirdilər, o isə hamısına cavab verə bilmirdi. Dünən tək canına 200 məktuba ”Ok" cavabı yazmış, 3500 statusu “layk” eləmiş və sənətsevərlərimiz üçün də “yutub”dan 50 mahnı paylaşmışdır. Lakin gördü hamıya cavab verməyə imkan yoxdur, xalqın məktublarını cavabsız qoymaq isə xalqa qarşı hörmətsizlik sayıla bilər, bu baxımdan profili bağladı. Buna görə hamınızdan üzr istəyir". Dəhşətdir. Adam lap ağlamaq istəyir. Sevinc göz yaşlarıdır, təbii ki. Bizi bu cür xoşbəxt günlərə yetirən hökumətə Zərdab qaçqınları, Masallı köçkünləri, Samux didərginləri adından dərin minnətdarlığımı bildirirəm. Heyf, Habil müəllim bu günləri görmədi. MTN-də gündə bir generalı işdən çıxarırlar. Orda general çıxarmaq sanarsan avtobus sürücüsünü marşrutdan çıxarmağa dönmüşdür. Vergilər Nazirliyində idarə rəislərini sözün əsl mənasında dənləyirlər. Artıq dükan yoxlamağa adam tapılmır, dükançılar özləri-özlərini yoxlayıb xalq qarşısında hesabat verirlər. Hərçənd, dövlət rəhbərliyinin yoxlamaları qadağan edən sərəncamından sonra buna ehtiyac da yoxdur. Görünür dükançılar inersiya, ətalət nəticəsində yoxlamaları davam etdirirlər. Tezliklə bunun sonu çatacaqdır. Polis naziri də hər gün bir neçə şöbə, rayon rəisini işdən çıxarır. Bir rəisi isə bölmədə dustağın döyülməsi və ölməsi siqnalına görə qovdu! İnanılmazdır. Kimin ağlına gələrdi? Halbuki, biz öyrəşmişik polis insanın valideyni kimi bir şeydir, valideyn vuran yerdə gül bitər, heç vaxt buna görə rəis qovulmazdı. İndi isə qovurlar. Sanki bura Parisdir, Londondur, Berlindir. Kənd təsərrüfatı naziri kəndə getmişdi! Televizorda özüm baxdım. Kəndlilərə deyirdi ki, baytarlarım sizin inəkləri yoxlayırmı, əgər yoxlamasalar xəbər verin, onlara mal iynəsi vuracağam. Nəqliyyat naziri Neftçalada vətəndaşları qəbul edirdi. Doğrudur, Neftçalanın hansı nəqliyyat probleminin olması bizə məlum deyil və yaxşı olardı nəqliyyat naziri çökən Bakı avtovağzalında qəbul keçirsin. Bəlkə də elə zənn edib Neftçalada neft çalası var, satıb nazirliyin söküklərini yamayacaqdır. Hər halda, uğurlu addımdır - bundan qabaq nəqliyyat naziri ancaq İsveçrəyə gedirdi. Bir deputatlığa namizəd Yasamalda 10 sutka həbs cəzası almış şəxsi azad etdirdi. Təsəvvür edin! Halbuki, qabaq BMT sədri gəlsə də onu buraxmazdılar, nəinki deputatxana spikeri. İndi isə namizəd adam buraxdırır! Tüküm biz-biz oldu. Bəziləri isə ürpəşdi. Dövlət rəhbərliyi öz pulundan hər gün bazara nə qədər dollar atır ki, manat sabit qalsın, qiymətlər havaya uçub zəhmətkeşi incitməsin. Hər gün hakimiyyətin onlarla sadiq kadrları uca millətin yolunda qurban kəsilir, şaqqalanıb darvazadan asılır. Beş-on nəfər siyasi dustaq var, onları əfv sərəncamı da verilsə kompozisiya tamamlanardı, minnətdarlığımız daha da aşıb-daşardı. Ümid edirəm, nəinki ümid edirəm, hətta əminəm siyasi rəhbərlikdə buna da qüdrət çatacaqdır. Yeni Azərbaycanın çiçəklənməsini qoy həmin yolunu azmış gənclərimiz də öz gözləri ilə görsünlər, türmədən baxmasınlar. İntəhası, adam qorxur ki, bu gedişlə bizdə kişilərin kişilərlə evlənməsinə də icazə veriləcəkdir.

Bizə qoşulun