Medianews.az
Günelin anasının seçimi
196 baxış

Günelin anasının seçimi

zamin yeni raz
“Təmiz vicdan ən yaxşı yastıqdır”
 
(Henrik İbsen)
Azərbaycanda çox iyrənc və dəhşətli hadisələr baş verməkdədir, bilmirəm siz bunu hiss edirsinizmi. Mən hiss edirəm, üstəlik hər gün vəziyyətin daha ağırlaşdığını görüb sarsılıram. Doğrudanmı bu ölkənin özünü qoruma mexanizmləri tam sıradan çıxarılmışdır? Doğrudanmı hamı qorxudulub, sındırılıb, məhv edilib? Doğrudanmı onun yazıçıları ancaq “Mindi gəldi, mindi getdi” difirambları quraşdıran, adını anarkən belə ürək bulanan qoca kaftarlardan, sənətkarları yal üstündə boğuşan xalq artisti manıslardan ibarətdir? Niyə narahat olmursunuz, ay millət? Mütləq şər qapınızdan içəri girməlidir? Axı onun ayaq səsləri daim ətrafınızda dolaşır. Pəncərənizin altında ulayır. Damınızda gəzişir. Dara düşən qardaşlarınıza dəstək olmadıqca, özünüz də dara düşürsünüz, bunu anlamaq çoxmu çətindir?
Leyla Yunusu həbsxanada öldürsələr, vicdanımız qarşısında nə cavab verəcəyik? İlqar Məmmədovun döyülməsinə nə qədər göz yummaq olar? Axı bu adamlar “terminator” deyil, ətdən, sümükdən, qandan ibarətdir. (Bu yerdə nə cavab verəcəyik sualımın mənasızlığını dərk edirəm. Faina Kunqurova türmədə öldürüləndə vicdanımıza nə cavab verdik ki?).
Çox hörmət bəslədiyim, ölkənin gələcəyi saydığım bir gənc var. Rejimin türməsini də görüb. Təzəlikcə türmə rəisi çekistlərə başçı göndəriləndə yazdı ki, çox yaxşı təyinatdır. Sən demə, özü türmədə olanda hansısa təzyiqlə üzləşibmiş, müraciət edib, təzyiqlər aradan qalxıb. Bəs həmin rəisin vaxtında türmələrdə işgəncə görən, öldürülən onlarla, bəlkə yüzlərlə insanın taleyi necə olsun? Bu ölkənin ən keyfiyyətli insanı saydıqlarımız da “mənə dəyməyən ilan min yaşasın” məntiqi ilə düşünürsə, başımıza haranın daşını salaq? Merkantilizm hansı yolla bizim qanımıza bu qədər işləmişdir? Bəlkə inam sistemimizin banisi tacirdir, ona görə?
Görkəmli Amerika yazıçısı Uilyam Stayronun çox təsirli bir romanı var: “Sofinin seçimi”. Kinosu da çəkilib, bəlkə oxumayanlar filminə baxmış olar. Əsərdə faşist ölüm düşərgəsindən sağ çıxmış Sofi adlı qadının taleyindən danışılır. Bütün roman boyunca Sofinin hansısa dəhşətli bir sirr gəzdirdiyi oxuculara aşılanır, amma bu sirr yalnız sonda açılır. Sən demə, Sofinin almanlara əsir düşəndə iki uşağı varmış - bir oğlan və bir qız. Faşistlər Polşadan bu ailəni ölüm düşərgəsinə aparanda, qatar son dayanacağa çatanda bir alman zabiti Sofinin qarşısında dəhşətli bir şərt qoyur, deyir ki, əgər istəsən uşaqların birini səninlə sağ buraxa bilərəm. Gənc ana bu tükürpədici şərti düşünərkən zabit hirslənir, deyir ikisini də qaz kamerasına yollayıram, tez elə, seç. Sofi oğlunu seçir. Qızını öldürürlər.
Bəyəm bu həftə yazar Günel Mövludun anasının, atasının qarşısına çıxan “seçim” Stayronun bədbəxt qəhrəmanının seçimindən çox fərqlənir? Xəbəriniz varmı, yoxmu, bilmirəm, amma xəbər verə bilərəm. Günel Mövlud mühacirət etmiş jurnalistdir, yapistlərin sevmədiyi “Meydan TV” internet mediası projesi ilə əməkdaşlıq edir. Həmin quruma təzyiqlərdən biri olaraq Mövludun 2 qardaşının narkotik maddə ilə şərlənib həbs edildiyi deyilir. Məhz o iki oğullarını xilas etmək üçün Günel Mövludun valideynləri bu günlərdə prezidenti dəstəklədikləri haqda müraciət yazıblar, Günel Mövluddan isə bir övlad olaraq imtina elədiklərini bildiriblər. Mənim qəti şübhəm yoxdur: əgər Azərbaycanda vəziyyət Stayronun əsərindəki dövr qədər kəskin olsaydı bu valideynlər Günel xanımın qətlə yetirilməsini, ancaq oğullarının sağ buraxılmasını da istəyərdilər. Üstəlik, hələ nəzərə alın Sofi Polşada yaşayırdı, Mövludun anası “Sofi” isə oğlan uşaqlarına qızlardan daha çox hörmət qoyulan Azərbaycanın vətəndaşıdır. Mən hətta Osvensimə yaxınlaşan o qatardan anası tərəfindən təpiklə vurulub atılan Günel Mövludu təsəvvür də elədim.
Bundan qabaq Emin Millinin və başqa “rejim düşmənlərinin” qohumları, valideynləri də uşaqlarından imtina ərizələri yazmışdılar. Sözüm odur ki, bunlar tək-tük faktlar deyil, Azərbaycanda bir tendensiya, bir axın halını alır. Siz buna “Əşşi, ana uşağından imtina etməz, bunu elə-belə yazırlar, məqsəd düşməni çaşdırmaqdır” deyə bilərsiniz. Əlbəttə, belə uydurma təskinlik vicdanın başı altına yastıq olmağa yaxşı yarayır.
Sadəcə, belə vicdanın ağzına yastıq bassan daha yaxşıdır.

Bizə qoşulun