Medianews.az
Bizon sürüsü
270 baxış

Bizon sürüsü

zamin yeni raz Bilmirəm buna fikir vermisinizmi: azərbaycanlı məktəblilər dərsdən çıxanda bizon sürüsü kimi çıxırlar. Hətta bir çox məktəblərdə direktor və müəllim heyətini ayaqlayıblar. Görəsən, təzə təhsil nazirimiz Mikayıl müəllim bu haqda nə düşünür? Niyə bu uşaqlar məktəbdən ayrılmağa bu dərəcədə sevincəkdirlər? Bugünlərdə Zaqatala şəhərində bir məktəbli başqa məktəblini söyüşə görə bıçaqlayıb öldürdü. Deməli, bu uşaqlara tərbiyə verən, söyüş söyməməyi, söyəndə isə buna görə adam öldürməməyi təbliğ edən yoxdur. İnsan həyatının necə qiymətli nemət, şans olmasını anladan yoxdur. Çünki məktəblilərə insanlıq, humanizm deyil, xlamidomonada-nın (adı limonada oxşayan bu şoqərib yosundur) qeyri-cinsi yolla çoxalması tədris edilir. İki dəfə ikinin dördə bərabər olması deyil, YAP iqtidarı sayəsində beşə bərabər olması öyrədilir. Vaxtaşırı sosial şəbəkələrdə dərslik səhvləri paylaşılır. Google-də “dərsliklərdə biabırçı səhvlər” yazanda xeyli nəticə çıxır. Birini təzəlikcə paylaşmışdılar. Düzdür, bu, prinsipcə səhv deyildi, guya uşaqlara tərbiyəli danışmağı öyrədirdilər. Belə mətn vermişdilər: “Ala, gedey gəzmeyə. Hara, dibilsən? Qırıl başımdan”. Təxminən belə cümlələr idi. Şübhəsiz ki, qətlə yetirilən Zaqatala məktəblisi də bu cür “debil leksikonu” olan təhsil sisteminin, cəmiyyətin qurbanı idi. “Filankəs peysərdir, söyüşə cavab vermədi” - düşük orta statistik azərbaycanlı məntiqi belədir. Guya eşşək sənə təpik atanda sən də mütləq eşşəyə təpik atmalısan. Arada anqırsan lap yaxşı. Məhəllədə hörmətin artır. Qurtarın bu biabırçı infantil psixi pozğunluğu. İstədiyiniz qədər söyün, söyləşin, sevişin. Söyüşməklə nə qədər mənfi enerji çıxır. Böyük xalqlarda (adlarını çəkmirəm, özünüz tanıyırsınız) söyüşün biri bir qəpikdir. Ən azı Anadolu türklərindən örnək götürün, orda “küfürlü danışıq” adi bir haldır. Böyük olun. Böyüyün. Başa düşürəm, indiki şərtlərdə çətindir, amma mümkündür. Söz təhsildən düşmüşkən, çoxdan yazmaq istədiyim bir faktı da bura basım getsin. Türkiyənin Orta Doğu Texnik Universitetini nüvə fizikası üzrə bitirmiş çox bilikli bir dostumuz var: Yalçın İslamzadə. Sosial şəbəkədə elmi mövzuda müzakirələrdə nəsə anlaşılmazlıq olanda dostlar “Bunu Yalçın bəy bilər” deyə şərh yazırlar. Yəni bu dərəcədə etibarımızı qazanmışdır. Yalçın bəy elmin populyarlaşması mövzusunda xeyli iş görür, kitablar tərcümə edir. Yayda o, belə kitablardan birinin - Stiven Hokinq və Leonard Mlodinovun “Zamanın daha qısa tarixi” kitabının tərcüməsi, çapı üçün prezident yanında Gənclər Fonduna müraciət edib. Bu fond ildə bir neçə dəfə dövlət pulları ilə qrant projeləri elan edir. Amma dövlət Yalçın bəyin bu kiçik projesini (xərc məbləği təxminən 2500 manat imiş) maliyyələşdirmədi. Gənclər Fondunun saytında isə hansı gülməşəkər projelərə pul ayrıldığı göstərilmişdi: “İdmanda qələbə - həyatda qələbə - 3500 manat, İsmayıllı rayonunda vətənpərvərliyin təbliğinə dəstək - 2100 manat, And yerimiz Vətən! - 2800 manat, Sırğa olsun (!? - Z.H.) - 3300 manat, Azərbaycan plovları kitabının nəşrə hazırlanması - 3600 manat, Hər şey vətən üçün - 3000 manat (bu projeni yazan gənc çox sinikdir - vətəndən pul alıb belə bir şey fikirləşmişdir), Rəqs edək, Musiqimiz ürəkdir, Tütək çalaq, Qırıl məndən və sairə”. Bəlkə sonuncuları zarafat üçün yazdığımı zənn edərsiniz, amma elə deyil. Özünüz youthfoundation.az saytına girib orda bu siyahıya baxa bilərdiniz, amma hazırda Gənclər Fondu “yenidənqurma” adıyla saytı yoxa çıxarmışdır. Hər kvartalda dövlətin 2-3 milyon manatının başına bu tip projelərlə daş salsam mən də məlumatları gizlədərəm.

Bizə qoşulun