İl-ilə, bayram-bayrama calanıb gedir, gəl ki, Azərbaycan siyasi dustaq problemindən qurtula bilmir ki, bilmir. Bunun nə vaxt baş verəcəyini söyləməyə də daha kimsə artıq cürət eləməz. Rəsmi Bakının Qərblə münasibətlərindəki son qovğaları ciddiyə alsaq, belə görünür, “xəmir hələ çox su aparacaq”.
Dönəmin bir özəlliyi də budur ki, Azərbaycan seçki ərəfəsindədir. Qarşıdakı 18 oktyabr Müstəqillik Gününün növbəti ildönümü nəzərə alınmazsa, belə qənaət hasil olar ki, siyasi və vicdan məhbusları məsələsində “seçki amnistiyası” olmayacaq və ümidlər uzaq dekabrın 31-nə qalır.
Beləcə, Qurban bayramı da növbəti ciddi fürsətlərdən biri kimi əldən çıxmış oldu. Bu bayram isə təkcə dini çalar daşımır, eyni zamanda dövlət səviyyəsində qeyri-iş günü kimi elan edilib. Demək, günahsız yerə cəza çəkənlərin heç olmasa, bir qismini öz doğmalarına qovuşdurmaq mümkün idi.
Tutaq ki, Qarabağ veteranı, türmədə ikən gənc övladını itirmiş Tofiq Yaqublunu hələ də həbsdə saxlamağın nə anlamı var, başa düşülmür. Bəs eləmədimi onu zindanda saxlamaq? Eləcə də, İlqar Məmmədov, şərlənərək həbs cəzası almış Yadigar Sadıqov, hicab məhbusları. Üstəlik, bu inadkarlığa görə ciddi beynəlxalq təşkilatlarla, Avropa Birliyi və ABŞ-la üz-göz olmağa dəyərdimi? Bizcə, yox.
Şübhəsiz ki, həmin strukturların, Qərbin ilk dəfə olaraq Azərbaycanda parlament seçkilərini faktiki, boykot etməsinin və ya boykota çağırmasının, müşahidəçilər göndərməməsinin qayəsində həm də bu durur.
Bəzən deyirlər ki, Azərbaycan hakimiyyəti ultimatum dilini xoşlamır, o üzdən siyasi məhbus məsələsinin həlli gecikir. Kim xoşlayır ki, bu dili? Amma hətta belədirsə də, axı ona kimi uzun müddət rəsmi Bakı ilə xahiş-minnət, “pisim-mişim” siyasəti aparılıb və effekti olmayıb.
Acı gerçək bundan ibarətdir ki, hakimiyyət üstündən neçə-neçə rəsmi, dini bayram, Respublika Günü, Müstəqilik Günü, Ramazan, Qurban bayramları keçsə də, “sakit zamanlarda” da bu insanlara qarşı mərhəmət göstərmək həvəsində olmayıb. Onda necə olsun? Atalar demiş, “elə dədəm vay, belə nənəm vay...”.
Başqa yandan, insan haqları ölkələrin daxili işi deyil. Əgər Azərbaycandakı iqtidar KİV-ləri ABŞ kimi dünyanın 1 nömrəli dövlətində - “demokratiya beşiyi”ndə də insan haqlarının pozuntusundan rahatca danışıb-yazırsa, hətta Barak Obamanı aşağılayırsa, Azərbaycan kimi kiçik və qeyri-demokratik ölkədə təməl haqları mövzusunda irad bildirənlər nədən dərhal hədəfə alınır?
Demokratik dövlətin əsas atributu orada siyasi və vicdan məhbusunun yoxluğudur. Müasir dövlət təsnifatına görə, ərazisində bircə siyasi dustaq saxlanan, hakimiyyəti bircə dəfə belə seçki yolu ilə dəyişməyən dövlət demokratik sayılmır.
Nəhayət, gərək unudulmasın ki, Azərbaycan beynəlxalq qurumların üzvü olmaqla, beynəlxalq konvensiyalara qoşulmaqla öz suverenliyinin müəyyən hissəsindən könüllü imtina edib. Elədisə, arada Bakıya qarşı sərt ton sərgilənirsə, buna da təəccüblənmək yox, onun səbəblərini aramaq, tənqidlərdən nəticə çıxarmaq daha məqbul yol deyilmi?
Yox, beynəlxalq təşkilatlardan birtərəfli imtina yolu tutulacaqsa, o zaman gərək biz Qarabağ məsələsində, milli təhlükəsizlik məsələsində beynəlxalq dəstəyə də bel bağlamayaq. Bu isə dövlət və cəmiyyətimiz üçün siyasi intihar olardı və yəqin ki, ona gedilməz.
Bu yöndə düşünməyə belə dəyməz. Zira, Azərbaycan çağdaş, sivil dünyanın ayrılmaz tərkib hissəsidir və istəsə də-istəməsə də, gec-tez demokratikləşməyə məhkumdur. Odur ki, ortaq (ümumbəşəri) dəyərləri qoruyaq ki, həm onları, həm də günahsız insanları qurbanlıq etməyək.
24.09.2015, 10:37
238 baxış
Zahid Səfəroğlu
Qurbanlıq dəyərlər, qurbanlıq insanlar