Yaxud qovulmuş səfirin “siyasi rəhmətliklər”ə inanmaq hayqırtısı
Onun konkret ayamasını aylar öncə vermişdik; “Haykırtı bəy”. Türkiyədə siyasət əvəzinə əllaməliklə məşğul olan, medianın “qələm ucunda” oynatdığı, məzələnib çığırtdığı, əsəb xəstəsinə çevirdiyi və bütün günü boşboğazlıq edən birilərinə belə deyirlər. Əli Kərimli bu ayamanı daşımağı tam haqq edir. Cənab “Haykırtı bəy” öz səviyyəsində, əxlaqında olan birilərini də ətrafına siyasi mübarizə üçün yox, mütəşəkkil şarlatanlıq etmək üçün toplayıb. Milli Şura adı altında nəzarətində saxladığı debil yığınının iş-gücü ancaq “Yeni Müsavat” qəzetini, onun kollektivini, rəhbərliyini şərləməkdən ibarətdir. Əlbəttə, layiqli cavablarını alırlar və alacaqlar...
Görünən budur ki, tam siyasi iflas yaşayan “Haykırtı bəy” mövcudluğunu qorumaq üçün ən yaramaz işlərə baş vurur, şər atır, atdırır, ətrafındakıları da şantaj edərək üstümüzə qısnadır. Onun böyür-başında olan-qalanlara diqqət edin; hamısı siyasi və şəxsi reputasiyaları ləkəli adamlardır. Əlbəttə, Əli Kərimlinin ətrafında sağlam mövqeyi, normal təfəkkürü olan adam qala bilməz. Hətta nə zamansa normal olan biri Əlinin yanında cəmi ikicə ay qalsa, onun zir-zibilinə mütləq bulaşacaq, üfunət qoxusunu özünə hopduracaq, beyni zəhərlənəcək. “zombi”ləşəcək...
Biriləri deyir ki, Cəmil Həsənli ağsaqqal adamdır, niyə onu aşağılayırsan-falan. Əzizlərim, bu adam barəsində söylənilənlərə haqq edir. Bir onun facebook statuslarında, Əli Kərimlinin divar qəzetində, korrupsiya yuvasına çevirdiyi “Azadlıq”da “Yeni Müsavat”ın zəhmətkeş kollektivi haqda yazdıqlarına baxın. Ziqzaqvari, xəyanətkar, qaranlıq, bəzən yaltaqlıqla dolu siyasi həyat yolu olan birisi bizi “rejimin əlatısı”, “nökəri” kimi özünün layiq olduğu ifadələrlə təhqir edir. Hansı ki, “Yeni Müsavat” hazırda müstəqilliyini qoruyan, öz üzərində özü qərar verən, kursunu yalnız özü müəyyənləşdirən, dünyada gedən inkişaf tendensiyasından geri qalmayan, divar qəzetinə çevrilməyən tək institutdur. Cəmil Həsənlinin ona nökər olmaqdan şərəf duyduğu Əli Kərimli isə noxtasını bu 20 ildə gah iqtidarın əlinə verib, gah yankilərin, son olaraq isə Kremlin - Milli Şura nümunəsində...
Adamlar şəxsi maraqları üçün hətta erməniləri də düşmən hesab etmirlər. Milli Şuranın sədri Rüstəm İbrahimbəyovun “ermənilərlə düşmən deyilik”, “Krım rus torpağıdır” açıqlamalarına tarixçi Cəmil Həsənlinin haqq qazandırması boyunduruqda olmalarının bariz nümunəsidir. Faktiki olaraq qaranlıq xarici güclərin əlaltısı olan bu zatıqırıqlar “adımı sənə qoyum, səni də yana-yana” prinsipi ilə davranmaq istəyirlər. Amma anlamırlar ki, başlarını kola soxsalar da, quyruqları görünür, çox pis yerdə axşamlayıblar...
Əli Kərimlinin debil yığıncağına daha biri cəlb olunmaqdadır; keçmiş diplomat Arif Məmmədov. Bu adam İslam Əməkdaşlıq Təşkilatının Avropa Birliyi yanında səfiri postundan iki həftə əvvəl qovulub. Amma “Haykırtı bəy” onu yenə də öz divar qəzetində səfir kimi təqdim edir. Keçmiş səfir də “maşallah”, tam bunlar ağılda imiş. Əlbəttə, düz deyiblər, su axar, çuxurunu tapar. Azərbaycana “xoşbəxt gələcək” vəd edən birisinin təfəkkürünə fikir verin; zərgər qədər sərraf olan Azərbaycan xalqına “siyasi rəhmətliklərə” - Cəmil Həsənliyə, Əli Kərimliyə, Vidadi Mirkamala, Gültəkin Hacıbəyliyə inanmağı tövsiyə edib. Sənə diplomat deyənə nə deyim mən. Ay kişi, onlar siyasi ölüdürlər e, çoxdan dəfn ediliblər. Sən, sadəcə, indi “qəbiristanlıq mələyi” kimi peyda olmusan; siyasi arenada doğulmamış rəhmətə getdin; “mələk” kimi.
Sadəcə, bir az pulun var, Əli Kərimli dartıb əlindən almaq istəyir. İnanmırsan? Bax, “Haykırtı bəy” artıq divar qəzetində çığır-bağır salıb ki, bəs bağlanırıq, vəziyyətimiz pisdir. Yəni Arif, təcili pul yolla, yoxsa qəzet dayanar, səni xalqa “lider” kimi soxuşdura bilmərik...
Kefiniz olsun...
