Medianews.az
İki dəqiqədə qazanılan rəğbət, hörmət, şöhrət və sərvət
499 baxış

İki dəqiqədə qazanılan rəğbət, hörmət, şöhrət və sərvət

images_dekabr_kose samir sari
71Qələbə yaxşı şeydir, varlı adamın ehsanı kimidir, hər kəsə pay düşür. Adamın özü, məşqçisi, ailəsi, dostları, tanışları, qonşuları, küçəliləri, həmkəndliləri, həmşəriləri, eloğluları, həmvətənləri – hamı sevinir.
Qalibi uzaqdan, yaxından tanıyan hər kəs onunla fəxr edir, bir çoxları özünü adamın qələbəsində nəsə bir rolu varmış kimi aparır, belə cümlələr qururlar: “Biz onunla bir məktəbdə oxumuşuq, elə o vaxtdan bilirdim ki, o ad çıxaracaq, qələbə qazanacaq”; “Çempion bizim şəhərdəndir. Bax, biz belə güləşirik”; “Torpaq yetişdirir” və sair və ilaxır.
Belə çıxır ki, bu adam ona görə qalib gəlib ki, bərəkətli torpaqda doğulub-böyüyüb və onun yekəlib ardıcıl qələbə qazanmasında sinif və məktəb yoldaşlarının xüsusi rolu olub, yoxsa qələbə qazana bilməzdi.
Belə olanda təəssübkeşlik hissləri qəfildən araq çəkilməsi üçün yığılıb çəlləklərə doldurulmuş tut giləmeyvəsi kimi qıcqırır və qalibi tanıyan-tanımayan hər kəs ona sevgi izharında builunur. Olur ki, maşın karvanı düzəldirlər, qalibi A. nöqtəsindən götürüb T. nöqtəsinə siqnallaya-siqnallaya aparır, yol boyunca B. və digər məntəqədə yaşayanların zəhləsini tökürlər.
Hətta adamlar əvvəldə bu kütləvi siqnallama səsindən panikaya düşür, nəsə yanğın, zəlzələ, sunami, düşmən hücumu kimi xoşagəlməz hadisələrin baş verdiyindən qorxur, həqiqəti biləndə isə qırışıqları açılır, özləri də sevinir, ikiqat qürur duyurlar – həm qalibin çempionluğuna görə, həm də qədirbilən camaatın qalibi bu cür urvatlı qarşıladığına görə.
Hələ bunun qaliblə kütləvi şəkilçəkdirmə proseduru var. Allaha şükür, bu saat hamıda şəkilçəkən qurğu var,  qalibi hardasa tutdularmı, hamı tökülüşüb şəkil çəkdirir. Hələ sonra o şəkillərin sosial şəbəkədə paylaşımı mərhələsi başlayır. Bir-iki dəqiqənin içində qalib elə bir şöhrət qazanır ki, ən məşhur yazıçı 40 il işləyib Nobel mükafatı qazanandan sonra da o qədər şöhrətli ola bilməz.
Klassiklərdən biri məhz bu durumlara görə deyib ki, qələbənin atası çoxdur, amma məğlubiyyət həmişə yetimdir.
İşdir, birdən o qalib son saniyədə bir səhv buraxsaydı və məğlub olsaydı, onda necə olacaqdı?
Onda heç nə, hamı sadəcə başını bulayacaq, əlini yelləyəcək, gözünü çevirəcək, alnını qırışdıracaq, ağzını büzəcək və dilini uzadacaqdı: “Haram olsun sənə çəkilən əziyyət”, “boyunu yerə soxum”, “qeyrətsiz”, “biz də buna ümid olurduq”. Və sair bu kimi lakonik açıqlamalar verəcəkdilər və 3-4 dəqiqədən sonra məğlubun hansı ruh halında olduğunu unudub başqa bir yarşmaya baxacaqdılar. Heç kəs sosial şəbəkədə status yazıb bəyan etməyəcəkdi ki, məğlub bizim küçəlidir, bir məktəbdə oxumuşuq-filan. Əlbəttə, onu qarşılamaq üçün qardaşından başqa idman komplleksinin qarşısına, hava limanına gələn də olmayacaqdı. Siqnallamadan isə heç söhbət gedə bilməz.
Adam o boyda olimpiadanın, çempionatın gümüş medalını qazanıb, amma dəxli yoxdur, finalda uduzub qızıl medal almayıbsa, demək, məğlubdur.
Buna görədir ki, məğlubların çoxu tatamidə, rinqdə zırın-zırın ağlayırlar. Tək-tək ağlamayanlar ola bilər, amma onların da göz yaşı, şairlər demişkən, ürəklərinə axır, sadəcə, özlərini sındırmırlar, gedib Hakan Şükür kimi duşun şırnağı altında ağlayırlar, evlərinə çatıb hönkürürlər.
Həlledici mərhələdə məğlub olaraq gümüş və bürünc medal qazananların ağlaması başqadır, bürünc medal uğrunda yarışarkən uduzanın ağlaması isə tamam başqa şeydir. Yenə günüş və bürünc medal qazananlara bir qədər az da olsa mükafat,  pul-para verirlər, bürüncü əldən çıxana isə heç nə düşmür. Məğlub gənc birdən-birə anlayır ki, bax, elə indicə alacağı cip əldən çıxdı, gen-bol xərcləməyə pul da olmayacaq, hamısı başqa bahara qaldı, onda o gənc  göz yaşlarını necə tutsun?
Görünür, bəzən məğlublara ona görə zəng vuran, ürək-dirək verənlər olur.
Doğrudan da dünyanın axırı deyil ki, ey gənc, qabaqda hələ çox yarışlar var, gələn dəfə medal da qazanarsan, cip də alarsan, kafe-barlarda da gəzərsən, ağlama, məşq elə.

Bizə qoşulun