Medianews.az
Məşhurların “qatilləri”
498 baxış

Məşhurların “qatilləri”

samir sari kose 1
Hərdən oturub fikirləşirəm, axı niyə belə edirlər, bu, hansı zərurətdən doğur, diri adamın haqqında ölüm xəbəri çıxarmaq, yazmaq və tirajlamağın mənası nədir? Məqsəd tiraj yığmaq, şöhrətlənməkdir, yoxsa gündəm dəyişmək, hansısa mövzudan fikir yayındırmaq? Bilinmir...
Bilinən odur ki, ölkəmizdə fəaliyyət göstərən saytlar vaxtaşırı kimisə “öldürürlər”. Yarımcan İbrahim Tatlısəsi birtəhər əllərindən alırsan, çatıb Madonnanı “qətlə yetirirlər”, bu xəbərin doğru, yalan olduğinu araşdırınca, görürsən ki, bay, Tom Kruz qəzada getdi. 
Axırıncı dəfə dünən məşhur müğənni Alla Puqaçova “peredozirovka”da ölmüşdü, qızı Kristina Orbakaytenin göz yaşları sellənib axırdı. Axırda məlum oldu ki, bu xəbər ilk dəfə 2011-ci ildə çıxıb. O vaxtdan sonra Alla macal-mafar eləyib bir dəfə də ərə gedib, amma heç demə, “öldü” xəbəri təkzib olunmayıbmış və internert resurslarında hələ də qalır, Google-də “Alla Puqaçova” yazıb axtarış verən kimi həmin xəbər çıxır. Bundan sonra xəbərin istehsal tarixinə baxmadan tərcümə edib sayta qoyurlar, olur təzə xəbər.
İçində biz də olmaqla bəzi çoxtirajlı saytlar hərdən, türkün sözü, o tuzağa düşür, qara xəbəri istinadla yayırıq. Fikirləşirik ki, gün axşamacan ciddi-ciddi xəbərlər yayan saytdır, o məşhurluqda müğənninin ölüm xəbərini yayıbsa, demək, müğənni ölüb. Adam düşünür ki, hə, vaxtıydı, gözümüzü açıb görmüşük ki, Alla oxuyur. Nə vaxtacan oxuyacaq, bunun da bir susan vaxtı olmalıdır, ya yox? Hətta adam az qalır “öldü” feilli başlığı bir qədər dəyişsin, rəhmətliyin vaxtilə oxuduğu mahnılarda keçən ifadələrdən istifadə edərək daha sanballı başlıq qoysun. Məsələn, bu cür: “Oxuyan qadın son nəğməsini oxudu və susdu”; “Alla üçün milyon-milyon qızılgül”, “Köhnə saatlar onu da apardı”, “Ey, sən yuxarıdakı, necə qıydın Allaya?” və sair və ilaxır.
Bizdə belə bir təcrübə var. O vaxt İbrahim Tatlısəs vurulanda, dünən-srağagün Kayahan rəhmətə gedəndə başlıqların tam əksəriyyətini onların oxuduğu mahnıların sözlərindən düzəldirdik. Yaxşı alınır, emosional  ovqat əmələ gətirir. İnşallah, qoy Sezən Aksunun da xəbəri gəlsin, görün nə başlıqlar oxuyacaqsınız: “Sultan Süleymana qalmayan dünya Sezənə də qalmadı”; “Bizə “Sən ağlama” deyən Sezən hamımızı ağlatdı”; “Həmişə “Beni unutma” deyərdi, unutmayacağıq” və s.
Öz ölkəmizin məşhurları barədə belə xəbər çıxanda təbii ki, həyəcanlanan daha çox olur, yaxın adamlar götürüb “mərhum”un ya özünə, ya da risk etməyərək ailə üzvlərinə zəng vurur, söhbəti dəqiqləşdirirlər. Yadımdadır, 3-4 il əvvəl bir məşhur şairin qara xəbəri gəlmişdi. Əməkdaşımız ona zəng vurdu, fikirləşdi ki, xəbər düzdürsə belə, telefonu ailə üzvlərindən biri açacaq. Allahdan, telefonu “rəhmətliy”in özü qaldırdı və əməkdaşımız ondan barəsində çıxan xəbərə münasibətini soruşdu. Təmkinini pozmayan ahıl şair söhbət əsnasında üç dəfə həmin xəbəri qətiyyətlə təkzib etdi və əməkdaşımızı inandırdı ki, ölməyib, sağdır.
3-4 ay əvvəl məşhur xanəndənin də öldü xəbəri çıxmışdı. Adam televiziya ilə canlı yayımda göstərilən yarışmada münsif olaraq əyləşib, gənclərə qiymət verir, millət də onun studiyada olması səbəbindən bağlanan telefonuna zəng edib xəbəri dəqiqləşdirmək istəyirmiş. Telefona cavab gəlməyincə şübhələr artıb. Axırda bir ağıllı başını qaldırıb televizora baxıb ki, kişi sağ-salamatdır, özü də “Rast”ın şöbələrindəki incə keçidləri xırdalayır, “Zəngi rüştü”dən-zaddan danışır, heç xəbəri də yoxdur ki, artıq camaat onu məscidə aparıb yuduzdurur, dəfnin harda olacağını dəqiqləşdirir.
Əvvəllər adamlar belə xəbərlərə çox cırnayırdılar, indi yumora və mistikaya bağlayırlar. Belə bir inanc var ki, kiminsə barəsində “öldü” xəbəri çıxsa, o daha uzun yaşayacaq. Bizim kənddə biri vardı, bir dəfə müharibədən “qara kağızı” gəlmişdi, ailəsi yığılıb ehsan vermişdi, özü də qırxında çatıb öz ehsanından yemişdi. Həmin adam bir dəfə də yük maşınında qəzaya düşmüşdü, 1-2 saat 4 ton jımıxın altında, bir neçə gün də komada qalmışdı, qohumları yığılıb yas çadırı qurmaqda, ehsanat üçün cöngə kəsməkdəykən xəbər gəlmişdi ki, kişi gözünü açdı, qəssaba deyin cöngəni buraxsın, qurbanlıq qoçu kəssin.
P.S. Kobzon da son vaxtlar gözə dəymir, bəlkə adamı gündəmə gətirək, hə, əziz həmkarlar?
 

Bizə qoşulun