Medianews.az
Blatter yaxşıdır, ətrafı - nadürüst
433 baxış

Blatter yaxşıdır, ətrafı - nadürüst

images_0 kose samir sari
YAP funksionerlərinin əlinə yaxşı fürsət düşüb, indi onlar tam cəsarətlə və ağız dolusu deyə bilərlər: “Gördünüzmü, biz deyəndə ki, korrupsiya bütün dünyada var, inanmırdınız, bu da sizin tərifli Avropanız, tərifli FİFA-nız, 10 korrupsioneri birdən tutublar”.
Bəli, onlar belə desələr haqlı görünəcəklər. Çünki doğrudan da korrupsiya hər yerdə var. Məşhur bir pritçada deyildiyi kimi, ağzı olan yemək istəyəcək. Bu insani hiss qitəyə, materikə, asxipelaqa baxmır. Tamahkar adam görəndə ki, nəyisə basıb yeyə bilər və cəzadan qurtula bilər, mütləq qadağan olunmuş meyvənin dadına baxmaq istəyəcək. Yox, o bilsə ki, yediyini, iyrənclik kimi çıxmasın, qusduracaqlar, qələt edər, yeməz, aza qana olar, başının salamatlığını istər.
Korrupsiya ən çox o ölkələrdədir ki, orda cəzasızlığa inam böyükdür. Cəzasız qalacağına əmin olandan sonra niyə yeməyəsən - düşüncə budur. Görünür, FİFA-da da elə düşünürmüşlər.
Budur, ABŞ FTB-sinin əli torbalı işçiləri gəlib FİFA-nın məsul şəxslərini kənd beçəsi kimi cələkləyərək ABŞ-a aparıblar və indi onları, türkün sözü, yolsuzluqda, yəni korrupsiyada ittiham edirlər.
Bilirsiniz, dünyanın ən varlı-hallı təşkilatlarından biri də FİFA-dır. BP, “Statoyl”, “Qazprom”, “Mikrosoft” kimi bir şeydir, hesablarında milyardlar dolanır.
Belə aydın olur ki, FTB əməkdaşlarının Sürixdə həbs etdiyi 10-a yaxın FİFA məmuru həmin o milyardlardan bir hissəsinə, “bal tutan barmaq yalar” devizi ilə tamah salıblar, ona görə tutulublar.
Özü də tutulanların bir neçəsi elə-belə adamlar deyil, “futbol oliqarxları”dır, məsələn, FİFA İcraiyyə Komitəsinin vitse-prezidentləri Cefri Uebb və Euhinio Fiqeredo da tutulanların arasındadır.
O da aydın olur ki, FİFA prezidenti Yozef Blatter özü yaxşıdır, sadəcə, ətrafı pis imiş.
Hərçənd neçə ildir ki, onun da üzünə duranlar var, deyirlər, Blatter dünyanın ən yekə korrupsionerdir, bütün maxinasiyaların başında, arxasında özü durur. Amma bunu sübut edən, edə bilən yoxdur.
Məsələn, 2018 mundialının Qətərə salınmasının rüşvət hesabına başa gəldiyini iddia edənlər var və bu barədə dünyanın ən nüfuzlu qəzetlərində iddialar dərc olunub, amma FTB Blatterə bir söz demir, gedib onun müavinlərini tutur.
Biz belə filmləri öz ölkəmizdə çox görmüşük. Bizdə də korrupsiya ilə gecə-gündüz mübarizə aparan qurumlar adətən rəisləri, baş direktorları, cürbəcür müdirləri bir kənara qoyub, onların müavinlərini tuturdular.
Hər dəfə məlum olurdu ki, nə işdirsə, bu ölkədə rəislər, direktorlar, müdirlər saf, təmiz, kristal, dürüst insanlardır, amma onların müavinləri yaramaz, əliəyri, nadürüst, rüşvətxor və korrupsionerdirlər. Bir dəfə də başqa cür olmadı. Yəni müavin qalsın, rəis tutulsun - olmadı.
Bir ara xəstəxanalarda, məktəblərdə aşağı işlərdə çalışanları da korrupsioner adıyla tuturdular. Açıqlanırdı ki, adam qulluq mövqeyindən istifadə edərək, kimdənsə 50  manat pul alıb. Bu o vaxtlar idi ki, tenderlərdə milyard dollarlıq layihələr udulurdu, iri layihələr həyata keçirilirdi və 50 milyondan 500 milyona qədər mənimsəmələr olurdu. Onlara dəyib-toxunan yox idi, əvəzində “xalturşik”ləri korrupsioner adıyla basırdılar içəri. Sonradan yaxşı ki, antikorrupsiya kampaniya səngidi, ta heç kimi belə işlərə görə tutmadılar, yəni tutqu kütləvi şəkildə olmadı. İndinin özündə də hərdən  yenə ilişən olur.
Bu səbəbdən dəli şeytan deyir ki, Blatterin idarəsindəki tutqu məsələsinin halallığına inanma. Burda nəsə bir iş var.
İndi gözləyirəm ki, ya Cefri Uebb, ya da Euhinio Fiqeredonun vəkili mediaya çıxıb deyəcək ki, müdafiə etdikləri şəxsə FTB-nin “podval”ında işgəncə verirlər, korrupsioner olduqlarını döyə-döyə boyunlarına qoymaq istəyirlər. Olmazmı? Bal kimi olar. Barmaq yalayan balçıların pətəyini yalamaq istəyənlər də hər ölkədə var.
Belə bir şey olsa, YAP sözçüləri yenə də “gördünüzmü” ritorik sualı ilə cümlə başlaya bilərlər: “Bu da tərifli Amerikanız. Şübhəli şəxs qismində saxlanılan şəxsə işgəncə verirlər. Sonra da insan haqlarından danışırlar” və s.
Gözləyək, görək, nə olur. Gərək AFFA rəhbərliyi Blatterə məktub göndərəndə belə bir cümlə də yazsın: “Allah müavinlərinin qapısını açsın, cənab Blatter”.

Bizə qoşulun