Medianews.az
Elnur qalib olsun, avropalıların ayağı ölkədən kəsilməsin
471 baxış

Elnur qalib olsun, avropalıların ayağı ölkədən kəsilməsin

samir sari kose 1
Ölkədə, xüsusilə də onun paytaxtında baş verən bəzi olaylardan camaatın gözü nə təhər qorxubsa, artıq çoxları ölkəmizdə beynəlxalq miqyaslı yarışmanın keçirilməsini istəmir. Adamlar hesab edir ki, başımıza nə gəlirsə, əcnəbiləri yaxşı yola vermək üçün özümüzü həlak eləməyimizdən gəlir.
Eurovision yarışmasında üzümüzü ağardan Elnur Hüseynovun müsabiqənin finalına çıxmasından sonra bu əndişə daha da artıb. 3-5 il öncə Eurovision qalibi olmaq üçün əldən gedən, dünya azərbaycanlılarına, Avropada yaşayan türklərə müraciət edən, Malta, Bosniya, Ukrayna camaatına boyun əti olan insanlarımız indi valın o biri üzünü çeviriblər. İndi yazırlar ki, Elnur, sən ölənlərinin goru, Eurovisionda qalib gələrək, yarışmanı bura gətirmə.
Əlbəttə, yarışmanın növbəti ildə qalib ölkədə keçirilməsi qaydası olmasaydı, heç kim Elnurun qələbəsinə qarşı çıxmazdı, hətta əksinə, yeni Rusiyada, Belorusiyada yaşayan həmvətənlərimizə müraciət edərdik ki, yaşadığınız ölkənin mobil operatorundan Elnura səs verin, qalib gəlsin, ölkəmizin adını Avropaya duyursun.
İntəhası, belə bir qayda var ki, yarışmada qalib gələn ölkə növbəti ildə ona ev sahibliyi edir. Bax, bizimkiləri qorxudan da budur.
Bir nəfər isə hətta bütün Avropa dillərində “bizə səs verən belə-belə olsun” söyüşü hazırlayıb, həmin ölkələrə göndərmək istəyir ki, Elnurun birinci olmaq şansını söyüş gücünə beşikdəcə boğsun.
Oxumuş adamlar demişkən, ümumi tendensiya bundan ibarətdir: çoxluq Eurovision birincisi olmağımıza qarşıdır. İkinciliyə etiraz edən yoxdur, əsas məsələ birincilikdən imtinadır.
Amma bu ölkədə axına qarşı üzmək, çoxluğun əksinə getmək bir ənənə olduğundan bu dəfə özüm bu tendensiyaya qarşıyam.
Tam səmimiyyətlə deyə bilərəm ki, bu saat bu ölkədə Elnurun Eurovision çempionu olmasını ən çox, hətta hamıdan da çox istəyən üç nəfər var: biri mənəm, ikincisi Elnur özüdür, üşüncüsü isə Elnurun anası (eyni zamanda övladımın solfecio müəlliməsi) Lalə xanımdır. Şübhəsiz, bunu istəyən beşinci, onuncu, yüzüncü, mininci, milyonuncu adamlar da var, amma ən çox biz üçümüzük.
Mən Elnurun Eurovision birinci olmasını ona görə istəyirəm ki, yekə çıxmasın, məsələyə, qlobal və strateji prizmadan baxıram. Ölkəmizin Avropaya inteqrasiya olunmasından, gəliş-gedişin artmasından yanayam. İstəyirəm, nəhayət, Avropa ailəsinin tamhüquqlu və doğma üzvü olaq.
Yol, körpü, tunel, konsert zalı tikilməsi, şəhərin gözəlləşdiirlməsi layihələri, Hacıbala Abutalıbovun BŞİH idarəsinin dediyi kimi, “müvəqqəti narahatçılıq”lardır. Eurovision, Avropa Oyunları, İslam Oyunları, gimnastika çempionatı, şahmat turniri, nə bilim, bu və ya digər yarışmalar davamlı olduqca, təmir-bərpa, bəzəmə-düzəmə işləri davam edəcək, biz müvəqqəti, 3-4 il narahat olacağıq, amma əvvəl-axır bu şəhər əkə-bükə Avropa şəhərlərinin halına gələcək.
Avropalılar buradan ayaqlarını birdəfəlik kəssələr, gediş-gəliş olmasa, Bakımız yavaş-yavaş gedib Kəlküttənin, Dəkkənin gününə düşəcək.  Necə ki, zaman-zaman düşür, şəhərin Şanxaydan seçilməyən yerləri var.
Ancaq avropalılar ölkəmizi su yoluna döndərsələr, təbii olaraq Avropaya gedib-gələnlərimiz də artacaq və bir də görəcəyik, bay, ulaq təbiətli biri 150 minlik cipinin pəncərəsini açıb avtobana banan qabığı, siqaret qutusu, içi zibillə dolu sellofon torba atanda, başqa biri ona irad tutacaq ki, etmə, eləmə, avropalılardan ayıbdır. Bir də görəcəyik, belə adamları cərimələyirlər. Bir belə, beş belə, axırda Avropa şəhəri olduğumuz üçün belə şeylər etməyi ayıb biləcəyik. Məsələn, burda, Bakıda hər cür pintilik, qabalıq edən adamlar var, Avropaya gedəndə, özlərini səliqəli, nəzakətli, avropalılar kimi aparırlar. Buna məcburdurlar, ona görə. Yoxsa ağ qarğaların içindəki qara qarğa kimi görünərlər.
Ona görə də qoy Elnur qalib gəlsin. “Kristal Holl” tikilidir, hazırdır. Əliyev prospekti asfaltlanıb, hazırdır. Babək prospekti da hazırlanır, asfaltlanacaq. Dərnəgül yolu necə lazımdır, işləyir. Otellər də hazırdır. O vaxta qədər şəhəri basırıq edən adamları zərərsizləşdirmək yolunda effektiv tədbirlər həyata keçirilməsi istiqamətində təcrübə də əldə olunacaq. Ta nə qaldı?
İnşallah, bu intensiv gediş-gəlişin sonunda demokratiya-filan da gələr. Yoxsa vallahi, Myanma, Özbəkistan, Türkmənistan tərəflərdən bura xuntadan başqa bir şey gələsi deyil.

Bizə qoşulun