Azərbaycan xalqı bənzər faciəni, yanılmırıqsa, son dəfə 2009-cu il aprelin 30-da ADNA-da yaşamışdı. O vaxt ali məktəbə terror hücumu nəticəsində əksəriyyəti tələbə olmaqla 12 günahsız insan həlak olmuşdu. Budəfəki müsibətdə isə say 12-ni dərhal, amansızcasına ötüb keçdi, xeyli keçdi. Yanan 16 mərtəbədəki binada ölənlərin mühüm hissəsi isə ADNA-dan fərqli olaraq, uşaqlardır.
Qərəz, ADNA terrorundan da ağır bir müsibətlə üzləşdi millət. Düzünə qalsa, bunun da adı terrordu – məmur terroru! İllər uzunu sürən çinovnik məsuliyyətsizliyi və özbaşınalığının, çinovnik səhlənkarlığı və pula hərisliyin vəsilə olduğu terror! Çünki ən azından cəmi 40 gün öncə fələk bunun anonsunun vermişdi – Xətaidə analoji üzlüklü binanın alışması ilə. Gərək mütləq ölüm-itim olaydı, gənc insanlar, camaatın körpələri diri-diri yana, boğulaydılar?!.
Dərs götürülmədi. Bu da nəticə. Böyük ehtimalla, yenə həlak olanların qanları, sağ qalanların isə fəryadı, ah-naləsi batırılacaq. Görə-görə gəlirik. Yenə də 3-cü, 4-cü dərəcəli məsul şəxslər tutulacaq, təmtəraqlı komissiyalar-filanlar yaradılacaq, fəqət, əsas baiskarlar kənarda qalacaq və varlanmaq adı altında xalqa qarşı cinayətlərini ayrı formada davam edəcəklər.
Yəni yenə nəticə ilə, o da zahiri mübarizə gedəcək, səbəb yerində qalacaq. Səbəbə, diaqnoza toxunulmayacaq. Demək, faciələrin davamı qaçılmazdır – yanğın şəkildə olmasa da. Təki yanılaq, amma əfsuslar olsun ki, illərdir dəyişməyən acı Azərbaycan reallığı nikbinlik üçün əsas vermir.
Reallıq isə odur ki, bu məmləkətdə əcaib və feodal idarəçilik fəlsəfəsi, o sırada təsərrüfatsızlıq, korrupsiya və inhisarçılığın yaratdığı, altını isə daim sadə xalqın çəkdiyi cinayətkar mühit bir an öncə aradan götürülməlidir. Məmur özbaşınalığına və dərəbəyliyinə, total hüquqi özbaşınalığa son qoyulmalı, qanunların işləkliyi, məhkəmələrin müstəqilliyi təmin edilməlidir.
Bu olmadıqca, belə cinayətlərə görə əsl günahkarlar da heç vaxt tapılmayacaq, məmur terroru davam edəcək. Bu qəbildən faciələri də həmişə təsadüfün ayağına yazmaqla aidiyyəti dövlət qurumları öz işlərini bitmiş sayacaqlar. Təhlükə isə xalqın başının üstündən beləcə, heç zaman əskik olmayacaq, Domokl qılıncı kimi asılı qalacaq.
Söhbət təkcə inşaat sektorundakı özbaşınalıqlardan getmir. Sabah oxşar faciələr başqa sahələrdə özünü göstərə bilər. Ona görə bu fikrin altını bir daha qırmızı xətlə cızırıq: bütövlükdə idarəçilik sistemi, idarəçilik fəlsəfəsi dəyişməli, qanun qarşısında hamının bərabərliyi təmin edilməlidir. Bütün bu işlərin başında isə ən birinci olaraq xalqın təhlükəsizliyi dayanmalıdır.
Demirlərmi, xalq yanımızdadır, ətrafımızda sıx birləşib? O zaman zəhmət çəkin, bu xalqın təhlükəsizliyinin qeydinə qalın. Nə fərqi, vətəndaş erməni gülləsindən ölür, yoxsa məmur terrorunun nəticəsi olaraq - yanğından?!
Bunu yazırıq, amma sözsüz ki, sadəlövh də deyilik, hansı ölkənin sakinləri olduğumuzun fərqindəyik. Fərqindəyik ki, günahsızlara haqsız yerə yüksək cəzaların kəsildiyi, türmələrin darıxdığı vəzifəlilərin isə azadlıqda gəzdiyi, yüksək postlar tutduğu məmləkətdə yaşayırıq.
Heç olmasa, bundan sonra, buraxın o günahsızları, yerinə layiq olanları, zindanı haqq edənləri salın!..
P.S. Görəsən ölkədə bu dəfə matəm elan ediləcəkmi? ADNA-da ölənlər 12 idi – matəm olmadı. Bu dəfə xeyli çoxdu. Hərçənd, bir insanın ölümü də faciədir. Təbii ki, insan faciəsini öz faciəsi kimi saymağı bacaranlar üçün...
