Medianews.az
“Üzü məndən niyə döndü?”
444 baxış

“Üzü məndən niyə döndü?”

images_dekabr_kose samir sari
Sürücülük sənətinin, şair demişkən, türfə əlamətləri var, biri də budur ki, içdinsə, gərək maşın sürməyəsən, maşın sürəcəksənsə, içməyəsən. Belə eləsən, qulağın dinc, başın salamat olar.
Təvazökarlıqdan BDYPİ-nin Badamdardakı baş ofisi qədər uzaq olsa da, deməliyəm ki, özüm məhz elə edirəm. 
Olur ki, şənliklərdə dostlar dirəşir, “50 qramdan bir şey olmaz, iç, kefin açılsın” deyirlər, deyirəm, yox. Yekə-yekə “yol polisindən qorxma, mənlikdir, iç” deyənlər də olur, yenə “yox” deyirəm. “Gecənin bu vaxtında yollar da boş olur, sürüb gedəcəksən” deyənlərə də bir cavabım var: “Olmaz”. Amma elə də olur ki, içki reklamı kimi çıxmasın, vazkeçilməz içki (lordlar içəndən) növü təklif olunanda dadına baxıram, onda da evə ya pay-piyada, ya da ayıq sürücü ilə gedirəm. Başqa variant yoxdur.
Ayın 4-də də elə oldu. İsrarlara baxmayaraq, içmədim. “Neolit” restoranının yanıyla irəliləyib “Koroğlu” metrostansiyasının önünə aparan körpünün dairəsində yol polisləri meqafonla “sağa çək, saxla” dedilər. Saxladım. Polis əməkdaşı yaxınlaşdı. Mən də təhlükəsizlik kəmərimi açıb düşdüm. Yol polisi kamali-ədəblə özünü təqdim etdi və mənim saxlanma səbəbimi bildirdi: “İçkili vəziyyətdə avtomobil idarə edənlərə qarşı reyd keçiririk”. Kefiköklüklə dedim, çox gözəl, elə indicə toydan çıxıram. Yol polisi xüsusi alkometr cihazını uzatdı, ovurdlarını şişirdərək necə üfürməyin nümunəsini də göstərib dedi: “Bir bura üfür”.  Yol polisinin gözlərinin dərinliyində tilovuna balıq düşmüş balıqçı ifadəsi vardı.
Xülasə, cihaza üfürdüm. Yol polisi cihazına baxdı, sanki gözlərinə inanmadı, işığa tutub bir də baxdı, sonra mənim üzümə baxmadan, bir kəlmə söz demədən, pərt sifətlə, umsuq olmuş şəkildə yeriyib 3 metr qabaqda saxlanmış xidməti maşınına oturdu və sürücüsünə nə dedisə, o da acıqlı halda, üstəlik, yol hərəkəti qaydalarını kobudcasına pozaraq geriyə döndü, bayaqkı pusqu yerlərinə qayıtdı.
İndi bu sətirləri yazmaqla həmin yol polislərini qınamaq fikrində deyiləm. Hesab edirəm ki, çox düz eləyirlər, içkili sürücülərə qarşı reydləri hər gün, həm də saat 8-dən gecə saat 12-yə qədər aparmaq lazımdır. Bu, xeyli insan həyatını xilas edə bilər. Çünki gözümün şahidiyəm, toya öz maşını ilə gələn sürücülərin təxminən 70 faizi spirtli içki qəbul edir. Onların sırasında təxminən 3-5 faizi sükan arxasına güclə oturacaq qədər içir və maşınlarının açarını ciblərindən birtəhər eşələyib tapsalar da, öz açarlarını itmiş vəziyyətdə olurlar. Əgər şans üzlərinə gülsə evə sağ-salamat yetişirlər, özləri kimi birinə rast olsalar, srağagün qəza törətmiş kürdəmirli balasının dediyi kimi, təpə-təpəyə toqquşurlar, qanqaraçılıq olur.
Bununla belə, açığı, yol polisi pərt-pərt maşınına oturub gedəndə mən də pərt oldum. Belə gözləmirdim. Polisdən iki cür gözləntim vardı. Bəd halda yol polisinin bu nəticə ilə razılaşmayaraq, “yenidən üfür” deməsini, ya da, “dairəni düz dönmədin, soldan gələn maşına yol verməliydin” deyə irad bildirməsini gözləyirdim, amma o cür üzgün halda, heç nə demədən avtomobilinə tərəf getməsini gözləmirdim.
Pozitiv planda isə gözləyirdim ki, yol polisi toyda olmuş, amma məsuliyyətli davranaraq, bir qurtum da olsa, spirtli içki qəbul etməmiş intizamlı sürücünü təqdir edəcək, “keşkə hamı sənin kimi olaydı, yaxşı yol” deyəcək. Düzdür, o, qanunla bunu deməyə borclu deyil, amma məncə, cihaza üfürməyin nəticəsinin necə olduğu barədə mənə hər hansı bir işarə etməliydi, ən azı, sağollaşıb, yola davam etməyimə icazə verməliydi.
Elə çıxa bilər ki, adi yol hərəkəti qaydalarına riayət etməyimlə yol polisinə minnət qoyuram. Əsla. Ona qalsa, bir dəfə yanımda bir sürücü yol polisinə “mən gecə saat 2-də də kəmər taxıram” dedi, o da belə cavab verdi: “Nəyimə lazımdır? Öz təhlükəsizliyin üçün taxırsan”.
Həmin yol polisi, əlbəttə ki, düz deyirdi. Sükan arxasına oturarkən spirtli içki içməmək də, təhlükəsizlik kəmərini taxmaq da, sürəti artırmamaq da sırf sürücülərin salamatlığı üçündür, bunu yol polisinə yaxşılıq edibmiş kimi səciyyələndirmək olmaz.
Ancaq mənim vaqiəmdə də vəziyyət beləydi: axı mən də toyda içməməklə yol polisinə pislik etməmişdim. O isə özünü məndən küsübmüş kimi apardı.

Bizə qoşulun