Medianews.az
Vuranda sərrast vurmalı…
483 baxış

Vuranda sərrast vurmalı…

samir sari kose 1 Hər dəfə futbol ehtirasları qızışanda yadıma 1988-89-da kəndimizdə baş verən bir hadisə düşür. O əhvalat belə olub: Fariz adlı futbol azarkeşi sevir ki, o futbola baxanda otağa heç kəs girməsin, tək olsun, maneçilik törədən olmasın. “Neftçi”nin növbəti oyununda onun özündən 15-20 yaşlı böyük əmisioğlunun buna işi düşür, gəlir ki, Fariz onu maşınıyla harasa aparsın. Əlabbas kişi evə girir, görür, Fariz futbola baxır, xasiyyətini bildiyindən barmaqlarının ucunda yaxınlaşır, Farizin yanında oturur, heç nə demir, sakitcə baxır. Fariz də gözünü televizordan çəkmir, futbol azarkeşi olmayan Əlabbas kişidən gəlişinin səbəbini soruşmur. Təxminən 10-15 dəqiqə belə keçir. Nəhayət, Əlabbas kişi dözmür, pıçıltıyla Farizdən soruşur: - Banişevski də oynayır? Bu, o vaxtdır ki, artıq Banişevski futbol karyerasını azı 15 ildir bitirib. Heç demə, adamın yadında yalnız o qalıbmış. Yəni dediyim odur ki, dünyada futbolla maraqlanmayan milyonlarla insan var və bu, onların həyatına mane olmur, futbolu boş şey hesab edirlər. Məsələn, yazıçı Günel Mövlud da yazıb ki, onun tanıdığı ciddi adamların heş biri futbolla maraqlanmır. Belə baxanda futbol gerçəkdən də boş şeydir. Nə var axı, 22 bığlı-saqqallı kişi düşür yuvarlaq dərinin dalınca, çatıb təpikləyirlər, elədən beləyə vururlar, belədən eləyə. Hə, nə olsun, o top gəldi, burdan keçdi, getdi, ordan keçdi… Keçəndə nə olur, keçməyəndə nə olur? Bu qədər qışğırıb-bağırmağa, hirslənməyə nə gərək var? Komandamız udanda şəxsi büdcəmiz artır, uduzanda müflis olurumu? Xeyr. Amma bu andır futbolda nəsə var. Burada milli, məhəlli təəssübkeşlikdən tutmuş bayraq davasına qədər hər şey var. Sanki müasir futbol keçmişin amansız müharibələrinin kiçik, simvollaşmış modelidir. Əvvəllər ölkələr bir-birilə top-tüfənglə vuruşurdusa, indi top-fişənglə vuruşur. Baxın, “Qarabağ”ın “Neftçi” ilə oyununa 200-300 adam gəlir. Hər iki tərəfdən. Amma “Qarabağ” (ya da “Neftçi”, “Xəzər-Lənkəran” və s.) xarici komanda ilə oynayanda tribunalar maksimum dolur. Niyə? Çünki xaricilərlə oynayanda ortada millət, vətən, bayraq təəssübkeşliyi olur. Məhz ona görə “Qarabağ”ın başına gələn müsibət hamımıza pis təsir edib. Dava bir qolun davası deyil. Bundan əvvəl nələr itirmişik, nələr. O boyda Qarabağ gedib – yeddi rayon, minə yaxın kənd, on minlərlə topdağıtmaz ev-eşik, saraylar, imarətlər, bütün ölkəni dolandıra biləcək bərəkətli torpaqlar və sair və ilaxır. “Qarabağ”ın hesaba alınmayan qolu nədir ki? Heç nə. Adamı ədalətsizlik yandırır. Haqsızlığa məruz qalırsan və hiddətlənirsən, əlindən də bir iş gəlmir. Çünki fitçalan düdük başqalarının ağzındadır və onlar deyirlər ki, dü-düüüüd, siz haqsızsınız. Mahal Qarabağın haqqını da 25 ildir ona görə qaytara bilmirik ki, düdüyü boz sifətli, göy gözlü, yaddilli, yadelli adamlar çalır və onlar kimin haqlı, kimin haqsız, kimin aqressor, kimin təcavüzə məruz qalan olduğunu bilə-bilə ayrı-seçkilik edirlər. Neçə illərdir bütün beynəlxalq təşkilatlar, qüdrətli dövlətlər Qarabağdan söz düşəndə deyirlər: “Biz bilirik ki, dövlətlərin ərazi bütövlüyünün pozulmaması prinsipi var və Qarabağ Azərbaycanın tərkib hissəsidir, amma…” İndi “Qarabağ”ın qoluyla bağlı da belə deyirlər: “Bilirik ki, bu qol təmiz qoldur, ofsayd olmayıb, amma…” Hər şey də məhz bu “amma”lardadır. “Amma”lar olan yerdə haqq-ədalət yoxdur. Biz o “amma”lardan çox əziyyət çəkirik və dünyanın, Avropanın ədalətinə inamımız sarsılır. Budur, iki gündür çox əsəbiyik, hirs-hikkəmiz ərşə dayanıb. Amma ta neyləyək, gedib UEFA-nın baş ofisinin damına çıxıb özümüzü aşağı atmaqla hədələyə, bunu etsək belə ədaləti bərpa etdirə bilmərik. Əlac nədir, bilirsinizmi? Daha güclü olmaq. Futbolu daha yaxşı oynamaq. Daha güclü siyasət yürütmək. Daha ağıllı olmaq. Daha sərrast vurmaq. Baxın, noyabrın 11-də İlkin Muradov “İqla” ilə düşmən helikopterinə nə təhər qoydusa, hamı “qol”u hesaba aldı. Dekabrın 11-də də Rəşad elə bir qol qoysaydı, hesaba alınardı. Vuranda sərrast və güclü vurmaq lazımdır.

Bizə qoşulun