Medianews.az
Qara günün bayrağı
434 baxış

Qara günün bayrağı

zamin yeni raz
Bazar günü siyasi məhbuslara azadlıq tələbi mitinqində tanınmış jurnalistimiz, köhnə dostum Şahvələd Çobanoğlu ilə birgə dayanmışdıq. Qəfildən mitinq iştirakçıları kimisə tutub aparıb polisə təhvil verdilər. Soruşduq nə məsələdir, mitinqdəki yoldaşlar dedilər bu tip İŞİD-in - hazırda Yaxın Şərqdə bütün dünyanı terror eləməklə məşğul olan radikal qruplaşmanın bayrağını qaldırıbmış. Daha sonra bu hal bir-iki dəfə də təkrar olundu, yanılmıramsa müxalifətçilər azı 5 nəfər bu tip hərəkət cəhdinin qarşısını aldılar, o təxribatçıları aparıb polisə verdilər. Yəni, aksiyaya bu yönlə qarışıqlıq və ləkə yaxmaq istəyən hakimiyyətin məqsədi əslində alınmadı - bayraq heç bir dəqiqə də meydanda görünmədi. Yalnız bir fotoda arıq, yetim şəxsin əlində o qara parça görünür, o da bunu bir neçə saniyəliyinə məhz mitinq sahəsindən qıraqda - polisin burnunun ucunda qaldırmışdı!
İndi sizə yapistlərin bu karikatur “İŞİD” fəaliyyəti zamanı Şahvələd bəylə aramızda olan dialoqu yazım. Mən bəyə sual verdim: “Azərbaycan hakimiyyəti İŞİD-i terror təşkilatı kimi tanıyıbmı?”. Çobanoğlunun cavabına ikimiz də ürəkdən güldük: “Bunlar dünyada heç kimi tanımırlar”.
Doğrudan da bizim tragikomik bir “suverenlik, müstəqil siyasət” platformamız var, yapistlər ona minib respublika daxilində ora-bura gedirlər, ermənilərin işğal elədiyi hissəyə qədər lovğalanırlar, ona-buna xoruzlanırlar. Bayaq mən İŞİD plakatını hakimiyyətin təşkil elədiyini yazanda prinsipcə jurnalist etikasını pozdum, çünki bunu isbat edəcək birbaşa faktlarım yoxdur. Ancaq nəticələr göstərir ki, burda barmaq kimin barmağıdır. Ən azından, orda polisə təhvil verilən şəxslərin dərhal azadlığa buraxılması, şəhərdə sərbəst dolaşıb hələ jurnalistlərə qırmızı-qırmızı intervülər verməsi, yalan danışması bunda hakimiyyətin iştirakını sübut edir. Əks halda bir qorxunc terror təşkilatının təbliğatını aparan şəxsi niyə azad buraxıblar? Bəlkə onları elə Əl-Bağdadi (İŞİD şefi) göndərib? Bakıda bəlkə şəbəkələri var? Hüquq-mühafizə orqanları asayişin keşiyində belə dururlar?
Yeri gəlmişkən, hansısa terror təşkilatını, onun liderini Bakıda sərbəst reklam eləmək, təbliğatını aparmaq birinci hal sayılmaz. Dəfələrlə olub. Məsələn, PKK şefi Abdullah Öcalanın portretlərini bir zaman Bakıda fotostudiyada istehsal edirdilər.
İndi əksini düşünün. Dünya bir yana qalsın, elə Azərbaycanın özünə aid hansısa görkəmli tarixi şəxsiyyətin portretini, qurumun bayrağını ictimai yerlərdə qaldırmağa cəhd edin. İŞİD-ə söz deməyən polislər Rəsulzadənin şəkli çəkilən, “ADR” yazılan köynəklər geyindiklərinə görə dəfələrlə gənclərimizi döyüblər, 10-15 sutkalıq cəzalar veriblər.
Ən son bənzər hadisə Şəkidə olmuşdu. Keçən ay AXCP üzvləri orda hüquq müdafiəçisi Rəsul Cəfərovun həbsinə etiraz edərək əyinlərinə Cəfərovun şəkli olan köynək geyinib küçədə bir neçə dəqiqə dayanıb şəkil çəkdirmişdilər. Buna görə Şəki polisi görünməmiş qanunsuzluq elədi: həmin şəxslərin hamısına bir neçə sutkalıq cəzalar verdilər.
Müxalifətçilərin, AXCP üzvü olan gənclərin təxribatçıları dərhal zərərsizləşdirməsi də maraqlı detal idi. Bu həm də onun əlamətidir ki, Azərbaycan üçün hansısa xarici təhlükə olsa yenə öndə bu müxalifətçilər olacaq. Mitinqdə kiminsə zarafatla dediyi kimi, dünyanın bacarmadığı İŞİD-i bizim müxalifət iki dəqiqəyə “danaboyun elədi”.
Ancaq zarafat öz yerində, hakimiyyətin bu qara İŞİD yumorunun pis alt qatı, ciddi tərəfi də var. Hesab eləsək ki -  hərçənd yuxarıda yazdım, mən buna inanmıram - bu bayraq aksiyasını doğrudan dini radikallar düzəldiblər, o zaman yapistlərin boğduğu, tapdaladığı, dustaq elədiyi sivil qurumların, Qərb dəyərlərinə söykənən media və QHT-lərin, siyasi partiyaların yerində kimlərin cücərdiyi artıq ortadadır. Özü də bunun “Məhsul” stadionunda ilk dəfə ortaya çıxması simvolikdir.
Buyurun, cənab yapistlər, əkib-becərdiyiniz məhsul İŞİD bayrağıdır. Üzünüz o bayraq kimi qara olsun...

Bizə qoşulun