Medianews.az
Bayramın dadını qaçırdanlar
576 baxış

Bayramın dadını qaçırdanlar

zamin yeni raz
“Müəllimlər günü” bayramından qabaq Təhsil Nazirliyindən həmişəki kimi xəbərdarlıq verildi: əgər hansısa müəllim məktəbdə hədiyyə-zad alsa direktorun sağ tikəsini qulağı boyda edəcəyik. Cəzanı mən şişirtmə olaraq, zarafat üçün yazdım, tam elə də deyil. Ancaq bu münasibətin özü çox faciəvidir, Azərbaycan üçün tipikdir. Bizi narahat etməlidir.
Söhbət nədən gedir? İş orasındadır ki, hər hansı gözəl gün, nə bilim, bayram yaxınlaşanda azərbaycanlılar o bayramın pozitivindən çox neqativinə yüklənirlər. Buna məcbur olurlar. İqtisadi şərtlərin ağırlığı, seçmədiyimiz bir hakimiyyətin altında iyirmi ildən çox yaşamaq, sürünən savaş və itkilər, milli natamamlıq kompleksləri - hamısı təsirini göstərir.
Hər bayram vaxtı Molla Pənah Vaqifin məşhur şeiri millətin dilində əzbər olur:
“Bayram oldu, heç bilmirəm neyləyim,
Bizim evdə dolu çuval da yoxdur.
Dügiylə yağ hamı çoxdan tükənmiş,
Ət heç ələ düşməz, motal da yoxdur".
Yeni il gəlir, qəzetlər şaxta babalara verilən lisenziyanın bahalığından tutmuş uşaqlar üçün hədiyyələrin saxtalığına qədər hər şeydən yazırlar, bircə səhifələrdə bayram sevinci görünmür. Qurban bayramı olur, yenə didişmə düşür. Bir qisim qoyunları küçənin ortasında qana bülənd eləyib mənzərəni korlayır, başqa qisim guya qəfildən vegetariana dönür, başlayırlar heyvan kəsənləri qınamağa. Ta Qurban bayramının mahiyyətini yada salan olmur. Eyni hal Ramazan-a da aiddir. Hər Ramazanda əsas mövzu tüpürcəyin orucu pozub-pozmadığı kimi gülünc söhbətlər olur. Nə babat sevinə bilirik, nə də ağlaşa bilirik. Hamısından yarımçıq qalmışıq.
Hələ dövlət yol polisinin bayram qabağı açıqlamaları ki olur, o lap müsibətdir. Guya bunlar “Filan yolu getməyin, bayramda maşını evə qoyub piyada gəzin” deyəndə camaat dərhal əməl edir. Heç olmazsa susun, ürəyimizi sıxmayın. Tıxac olan ərazilərə gedib yolu açmaq əvəzinə “ora getməyin, orda canavar var” deyirlər, nəticədə Qırmızı Papaq nənəsinə bayram sovqatı apara bilmir.
Yenə qayıdıram Təhsil Nazirliyinin gülməşəkər açıqlamasına. Məncə, Oğuz elimizin adət-ənənələrinə, milli mentalitetimizə sayğı ilə yanaşan bir gənc nazir olsaydı, heç vaxt belənçik manqurtlaşdırma yönümlü xəbərdarlıq eləməzdi. Bayram münasibətilə bir növ, maliyyə amnistiyası eləmək, “gedin uşaqlardan və valideynlərdən nə istəsəniz alın, hətta tutun soyun, yağmalayın” bəyanatı vermək olmazdımı?
Bayram bayram kimi keçməlidir, yoxsa quru-quru məktəbə gedib-gəlməyin nə mənası? İldə bir dəfə yazıq müəllimlərin üzünün gülmək üfüqləri açılır, onu da nazirlik batırır. Onsuz da il uzunu bizim məktəblərdə halallıq, düzgünlük, “Təmiz Binəqədi” layihəsi davam edir, imkan verəydiniz barı bircə gün - 5 oktyabrda pul yığardılar.
Yeri gəlmişkən, 5 oktyabr “Müəllimlər günü”nün necə yaranması haqda sorğu keçirtsən əminəm ki, bunu bilən müəllimlərin sayı 5 faizi adlamaz. Ancaq bilmək vacibdir. 1966-cı ilin 5 oktyabrında BMT-nin iki qurumu - YUNESKO və Beynəlxalq Əmək Təşkilatı dünya dövlətləri üçün müəllimlər haqda tövsiyə sənədi hazırlayıblar. Sənəd müəllimlərin normal əmək haqqı ilə təminindən tutmuş təhsil prosesinin sivil qaydalara uyğun qurulmasına qədər yüzlərlə vacib məsələni nəzərdə tutur. Azərbaycan müstəqillik qazanandan sonra bu tövsiyəni imzalayıb, ancaq gəlin görək nə dərəcədə əməl edilir? Təhsilə ayrılan büdcə vəsaiti polisə və qoçulara ayrılan vəsaitdən qat-qat az olur. Müəllimin maaşı və sosial müdafiəsi hansısa yol polisi çavuşunun hüquqlarından təhqiramiz dərəcədə aşağıdır. Mən burada yol polisini aşağılamaq fikrində deyiləm, qəti belə anlaşılmasın. Əksinə, başqa hüquq-mühafizə orqanlarına baxanda yol polisi mələk kimi bir şeydir. Sadəcə, onu demək istəyirəm ki, heç olmazsa yol polisinin rəhbərliyi bayram günlərini əməkdaşların burnundan gətirmir, “Polis günündə pul alan olsa belə-belə eləyərik” bəyanatı vermir.
Sonda müəllimləri “Müəllimlər günü”, müsəlmanları Qurban bayramı və təbiətsevərləri də Beynəlxalq Heyvan Hüquqları Günü münasibətilə qutlayıram. Hamısı gəlib eyni vaxta düşübdür, elliklə şadlanaq, əylənək, pul yığaq, ət yeyək... Çünki bayaqkı şeirin axırı belə bitirdi:
“Bizim bu dünyada nə malımız var,
Nə də evdə sahibcamalımız var.
Vaqif, öyünmə ki, kamalımız var,
Allaha şükür ki, kamal da yoxdur".
 

Bizə qoşulun