“Süfrəmdə yeri boş qaldı özü getdi sözü qaldı heç bu qədər yandırmazdı mesaj yazan yar olsaydı bu gecə nə pis gecədir dovğam çürüdü, a dostlar”.
(Nərmin Kamal, “Dovğa” şeirindən)
Bakıda 4-cü Beynəlxalq Humanitar Forumu keçirilir. Fikir verdinizsə, burada əsas maraqlı olan bunun say nömrəsidir. Demək, yapistlər indiyə qədər 3 dəfə dünyanın işsiz-gücsüz adamlarını Bakıya yığıb qonaqlıqlar, ənamlar veriblər. Düzdür, 500 xarici qonağın içində it ilində hansısa mükafat almış şəxslər də olur, ancaq bunun uca millətimizə nə xeyri var? Tutaq ki, 1953-cü ildə iqtisadiyyat üzrə Kolorado ştatının Coni kəndində “Qarğıdalı” mükafatı almış Toni adlı amerikalı forum çərçivəsində Narxozda tələbələrə mühazirə oxudu - bəyəm bununla universitetdə təhsilin səviyyəsi yüksəlir? Bəlkə tələbələr bellərinə taxdıqları dəftəri forumdan sonra qarınlarına soxurlar? Həm də o təhsilin səviyyəsi lap yüksəlsə belə oranı bitirən adam axırda Ziya Məmmədov kimi şəxslərin əlinin altında paket-maaşa işləyəcəksə, bu boyda hoqqabazlığın mənası nədir?
Sözgəlişi, bu gülməli Bakı Humanitar Forumu ötənlərdə bir dəfə lap karikatur addımla yadda qalmışdı: forumda müsəlmançılığın respublikamızın tolerant mühitində rolu mövzusu qoyulmuşdu, mühazirə oxumağa isə ədəbiyyat üzrə Nobel ödülü almış, Trinidad və Tobaqo ölkəsindən olan Vidiadxar Naypol-u çağırmışdılar. Məsələ ondadır ki, Naypol bütün dünyada antiislamçı mövqeyi ilə tanınırdı. Nəticədə Səməd Seyidov məcbur oldu Naypolun görüşlərini gizli keçirsin, Xarici Dillərdə qonaq üçün plov-filan dəmləyib yola saldılar. Bu da oldu humanitar plov. Daha doğrusu forum.
Yenə qeyd edirəm, indiyə qədər Bakıda keçirilən 3 forumun respublikamız üçün hansısa xeyri olubsa, qoy yapistlər onu ortaya qoysunlar. Həmişəki kimi yenə xaricdə bizi tanımırlar. Qarabağ mövzusunda yenə dünyanın çoxu ermənilərin tərəfdarıdır. Yapistlərin sevimli mövzusunda deyilən kimi, xarici qara qüvvələr eyzən çalışırlar bizim haqlı suveren, müstəqil fəaliyyətimizə pəl vursunlar, uğurlarımızı görmürlər, hətta Artur Rasizadəni də tanımırlar. Üst-üstə toplasaq, hər forumda Bakıda kürü qonaqlığına xaricdən 500 qarınqulu dəvət edildiyini nəzərə alsaq belə çıxır azı 2000 adam Azərbaycan həqiqətlərini dadıbdır. Bu iki min adamın heç olmazsa 20 nəfəri bizim haqqımızda müsbət sözlər qırıldatsaydı hazırda planetdə azı iyirmi yerdə müsbət balansımız yaranardı. Hanı? Harda bizi sevirlər? Yenə “Fransa ermənilərə dostdur”, “Rusiya erməniləri saxlayır”, “Amerikada lobbi var”, “İran Səyavuş Novruzova şəbədə qoşur”, “Britaniyada jurnalistləri tuturlar”, “İsveç acdır, Almaniya gicdir, Yunanıstan bicdir” və sairə.
Əlbəttə, deyə bilərlər ki, dörd forumla Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq çətindir, yüz illik AXC hakimiyyəti ağır problemlər yaradıb, həyat ağ və qara rənglərdən ibarət deyil, Binəqədinin icra başçısı Xaləddin müəllim gör rayonda necə gözəl örüşlər salıbdır və sairə. Müəyyən qədər razıyam. Ancaq olmazdımı beynəlxalq humanitar məsələlərə sərf edilən zəhmət və vəsaitin onda biri elə ölkə daxilindəki humanitar fəlakətləri aradan qaldırmağa sərf olunsun? Yapistlər doğrudanmı anlamır ki, dar günlərində onlara Naypol yox, yenə də Əkrəm Əylisli lazım olacaq? Ki, “Xaos diktaturası” adlı növbəti cəfəngiyatı yazıb deputat qoyulsun.
Siyasi dustaq problemi dünyanın diqqətində olan bir məmləkətin “beynəlxalq humanitar forum” qayırması anekdot deyilmi? İnsan haqlarını tapdaq ediblər, sərbəst toplaşmaqdan ta fikir azadlığına qədər hər şey ayaqaltı edilib, ayıları yeyənlər heyvan hüquqları haqda jurnal buraxır, “topallar rəqs dərsi keçir” və belə ölkədə humanitar siyasətdən dəm vururlar...
Amma babat mövzular da var. Məsələn, forum çərçivəsində ehsan siyasətində aparılan böyük islahatlardan danışmaq olar. Qoy əcnəbilər görsün ki, uca dövlətimizin uğurlu, məqsədyönlü siyasəti sayəsində hazırda yas yerlərində ancaq halva, çay, dovğa və xurma verilir.
Pardon, bəzi yerlərdə heç dovğa da verilmir. Əgər xaricilər maraqlansalar ki, bu dovğa nə deməkdir, o zaman milli mətbəximizi dünyaya tanıtdırıb qazanı dəxi bulamaq olar. Bulamasan çürüyür - xaricilər bunu da bilsin.
