Azərbaycanda uşaq bağçası ilə təminat səviyyəsi cəmi 14 faizdir. Bir az da sadələşdirsək, bağça yaşlı hər 100 uşaqdan cəmi 14-nə çatacaq qədər uşaq bağçası yeri var. İnkişaf eləmiş dövlətlərdə, ümumiyyətlə, dünya standartına görə bu faiz minimum 80 olmalıdır.
Bu uçurum səviyyəsində fərq üzündən ölkə əhalisi böyük əziyyət çəkir. Uşaqların təlim-tərbiyəsi, sosial mühitdə, cəmiyyətə layiq böyüməsi ləngiyir, analar faydalı əməklə məşğul olmur. Sovet dövründən qalma 3-5 bağçanı da yapistlər özəlləşdirmə adıyla məhv ediblər, ərazilərini satıb əmlakını dağıdıblar, yerində turp-binalar “əkiblər”.
Bütün bunları yazmağımın səbəbi var. Təzəlikcə Rusiyanın Həştərxan şəhərində Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə (oxu: Azərbaycanın, sənin-mənim pulumuzla) 3 qatlı çox böyük bir uşaq bağçası açıldı. Lenti birbaşa İlham Əliyev kəsdi. Biz də Bakıda baxdıq, köks ötürdük. Əlimizdən ayrı nə gəlir? Son illərdə Azərbaycanın pulu ilə planetin elə yerlərində “özgə kisəsindən xeyriyyəçilik” ediblər ki, Həştərxan onlara baxanda doğma vətən kimi bir yerdir. Ümid eləyək bu bağçaya görə ruslar erməniyə dəstəyi azaldar, Həştərxandan gəmi dolusu qənd gələr. Ümid kasıbın yeməyidir, nuş olsun.
Əslində bu planetar xeyriyyəçilik həm də ölkə içindəki bəzəkləmə siyasətinin davamıdır. Guya bununla Azərbaycan xaricdən yaxşı görünəcək, hamı qabığa baxacaq, içəridəki təzəyi görməyəcək. Yəni biz buna təkcə Putinə verilən xırda-para pay-pürüş kimi baxmayaq. Hərçənd, Putin də elə acgöz, qarınqulu imperiyanı təmsil edir ki, onu uşaq bağçası qorşoku ilə aldatmaq çətindir. Sümürüb aparacaqlar. Bu mənada yapistlərimizin vəziyyəti qibtə olunası deyil. Yuxarı baxırlar Qərb, aşağı baxırlar Rusiya - tüpürməyə yer yoxdur, qalıblar udquna-udquna. Bir az pul qazanmışdılar, onun da min dənə şəriki çıxır. Hamısı da deyir oğurluğa mənimlə getmisən. Dərənin başını kəsdirib karvan soymaq lisenziyasını məndən almısan. Çətindir.
Ancaq bundan bizə nə? Biz öz problemlərimizi düşünək. Misal üçün, Bakı metrosunda aparılan növbəti “islahatı” şərh edək.
Bu islahat ondan ibarətdir ki, metroda ventilyasiya sistemi qaydasına salınıb, qatarlar dəqiq qrafik üzrə işləyir, “28 May”ın sirli girişi açılıb, “Avtovağzal” stansiyasının tikintisi də nəhayət başa çatıb. Zarafat edirəm, o dəqiqə sevinib yerinizdə hoppanmayın. Bunların həyata keçməsi üçün dəvənin quyruğu yerə dəyməlidir - Rusiyadan aldığımız dəvələrin. Sadəcə, Bakı metrosu yeni... loqosunu hazırlayıbdır!
Dəhşətli islahatdır. Böyük yenilikdir. Loqo ibarətdir eşşək boyda bir “M” hərfindən, bu hərfin qol-qanadını da göy qurşağı kimi boyayıblar. Guya Bakı metrosunda 5 hərəkət xətti var imiş, bunlar da onların xəttidir. Açığı, 30 ildir mən bu metroya minirəm, 2 xəttdən - şərti olaraq “Əcəmi” və “İçərişəhər” adlandıracağımız xətlərdən başqa bir yol görməmişəm. Bir də tələbə vaxtı azıb Depoya getmişdim. Bəs bunlar 5 xətti hardan çıxardıblar? Ola bilsin yerin altında cəhənnəmə-zada gizli yollarımız var, camaata hələ demirlər.
Hər halda, loqo, nişan islahatı çox zırıltı şeydir. Bunu keçən ay ARDNŞ - SOCAR da elədi. Amma SOCAR-ın emblemindəki dəyişikliyin rəmzi mənasını şəxsən mən başa düşdüm. Qabaqkı emblemdə “A” hərfini neft buruğu şəklində qayırmışdılar. Ancaq indi neft azalır. Yapistlər xaricə əsasən qaz təklif edirlər. O üzdən SOCAR buruğu silib emblemə... qaz alovunun şölələrini dürtüşdürdü. Guya bayrağımızın 3 rəngi şəklidir, amma kimə gəlirsiniz? Bu, qazın alovudur. Yeri gəlmişkən, evdə qazı da elə bu rəngdə verirlər, içində hər cür zəhər olduğundan mavi, qırmızı, yaşıl rənglərdə yanır.
Loqoları, nişanları tez-tez dəyişdirmək lazımdır. Qoy xalq da çaş-baş qalsın, heç bilməsin yuxarıda oturanlar kimdir.
