Medianews.az
ATƏT üçün Balıq Hafiz
481 baxış

ATƏT üçün Balıq Hafiz

zamin yeni raz
Tarixi ənənələrə hörmət baxımından müstəqil respublikamızda hər şey SSRİ tarixinə uyğun gedir. Axı YAP Kommunist Partiyasının balaca balasıdır, onun içindən çıxıbdır.
Məsələn, bolşeviklər hakimiyyətə gələndən yalnız 15-20 il sonra ziyalılara, yazıçı və şairlərə, ümumi ifadə eləsək, sənətkarlara diqqət yetirməyə başladılar. 1934-cü ildə Azərbaycan Yazıçılar Birliyi quruldu, bundan 3 il sonra yazıçıları dənləməyə başladılar. Nəyə görə bu dövri ardıcıllığa ehtiyac var idi? Çünki hakimiyyəti tutmuş “fəhlə-kəndlilərin, matrosların” (ona görə dırnaq arasında yazıram ki, bolşeviklərin çoxu əslində normal fəhlə-kəndli deyildilər, daha çox orta sinifin avara tör-töküntüləri idi) bir müddət fiziki aclığı dəf etməyə başı qarışmışdı. Özlərini bir az tutandan sonra anladılar ki, indi ziyalı adlanan sinifi yemək lazımdır. Maraqlıdır, o zaman faşistlər də sovetlər kimi eyni addımı atdılar, kitabları yandırdılar, sənəti düşmən elan etdilər.
“37-ci il” repressiyasını hökumət həyata keçirsə də bunun texniki baxımdan bir növ alt infrastrukturuna, cəmiyyətdə dayaqlarına ehtiyac var idi. Sadə dillə desək, şairi tutmaq üçün onun üzünə duran şair düzəldilməli idi.
Bax, son dövrlər mən yapistlərimizin bu yöndə məqsədyönlü fəaliyyətini izləyirəm. Tamamilə eyni mexanizm qurulur. Artıq AYB üzvləri arasında bir neçə gənc MTN agenti böyük əzmlə şeir, hekayə, dramaturgiya qayırırlar. Bunlar 2017-ci ildə (simvolik olaraq əsl yazıçı repressiyasını həmin ildə başlamaq mümkündür) iclaslara başlayıb, misal üçün, Azad Yazarlar Ocağının üzvü olan şair və yazıçılara imperialist xarici dairələrin nökərləri adıyla güllələnmə tələb edə bilərlər.
Doğrusu, prosesləri izlədikcə cəsur çekistlərimizin fantaziyasına heyran qalırsan, fikirləşirsən axı bu qədər əziyyəti niyə çəkirlər, bəziləri ayda bir şeir-meir kitabı qayırır. Məsələn, mən indi burda sizə onlardan biri, gənc şair-slavyanoloq-jurnalist-boksyor-hüquqşünas-pravozaşitnik-paravoz-
sürən-eksperimentçi-ekskrementçi-deputat köməkçisinin “Gördüyüm qadın” trilogiyasına daxil olan “Öpdüyüm qadın” epopeyasından “Uçduğum qadın” şeirlər kitabına daxil edilən “Satdığım qadın” poetik nümunəsindən bir parçanı təqdim edirəm:
“Axı sən məni niyə sevmirsən
Mən isə səni sevirəm
Ayaqlarından öpürəm
Çünki başqasını sevə bilmirəm
Səni gördüyüm gündən ancaq səni düşünürəm
Yalnız səni sevirəm
Ancaq sən məni sevmirsən
Lakin mən həmişə səni sevəcəyəm". 
Sitatın sonu. Bəlkə əziz oxucular elə bilər məzələnirəm, ancaq bu adamın çoxlu belə əsərləri kitab halında çıxıb, internetdə də 8 dildə saytını qayırıblar.
Bax, əziz çekistlər, bu cür gücənməyə nə ehtiyac var? Adamlara pislik eləməyin başqa üsulları qalmayıbmı? O məşhur anekdotda deyilən kimi, yoxsa KGB-də artıq patron da qalmayıbdır? Niyə bu yazıqlara şeir yazdırırsınız?
Bayaq görkəmli şairimizin vəzifələrini saydım, orda hüquq müdafiəçisi işi xüsusilə maraqlıdır. Demək, bu adamı sağa-sola işlədəndən sonra görüblər ayrı kadr yoxdur, atıblar indi də QHT sahəsinə. Bir gülməli saytını da düzəldiblər, 3 dildə. Ən maraqlısı odur ki, qonqo-QHT-nin içinə çoxlu “demokratiya, insan hüquqları” sözləri salıblar, guya bununla adam ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu kimi bir şey olur. ATƏT-i havadan yazmıram, yapistlərin bu karikatur təşkilatının emblemi... ATƏT-in embleminə oxşadılıb! Bir növ, bu gənc də ATƏT-in Balıq Hafizi, Müasir Müsavat-ı kimi bir şeydir. Gülürsünüz? Gülməyin. MTN-in cəmi 4 aya qurduğu bu təşkilat indi Avropadan bizə insan haqları dərsi keçir, yapistlərin xoşu gəlməyən adamları “erməni” elan edir. Onun saytına girəndə hətta Naxçıvanda döyülən jurnalistin üzü qanlı... 5 fotosu adama baxır! Təsəvvür edirsinizmi? Müxalifət qəzeti, müxalif təşkilat döyülənin uzağı bir-iki şəklini səhifədə saxlayır, bu isə albom düzəldib. Mesaj verirlər ki, sizi nəinki döyərik, hətta döyülmüş şəklinizdən də özümüz üçün istifadə edərik.

Bizə qoşulun