Xırdalanda binanın bloku çökdü, 3 adam öldü, 10-a yaxın yaralı var. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin həmin gün verdiyi məlumatda başqa bir faciəvi durumun təsviri var idi. Sitat: “Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyəti AĞIR VƏ NORMALDIR” (Fərqləndirmə mənimdir - Z.H.)
Nazirliyin əməkdaşı ağır vəziyyəti normal hesab edir. Bu, təsadüf, dil yanlışlığıdırmı? Yox. Sadəcə, 20 ildən çoxdur uca millətimiz ağır vəziyyətdə yaşayır, bunu normal hesab edir. Təki ölüm-itim olmasın. Qalanı düzələn şeydir. Bu dünya onsuz fani dünyadır. Dünya nemətlərində gözünüz olmasın. Axirətdə çəkdiyimiz əzabların əvəzi veriləcək. Təzəlikcə bir dindarın cümə moizəsində bunu yenidən oxudum.
Nə gözəl konsepsiyadır! Elə bil YAP-ın iqtisadi-sosial proqramından çıxarışdır. Ona görə repressiv rejimlər dinləri çox sevirlər. Bəziləri özləri kult, büt yaradır. Sovet hökuməti kimi. Başqaları hazır kultlardan - dinlərdən istifadə edib insanları istismar edirlər.
Amma opium söhbətlərini çox uzatmayaq, bir əski “Mozalan” süjetində deyilən kimi, ləyaqət problemi olan yerdə həqiqəti açıqlamaq mənasızdır. Ağır olsa da. Normadır. Səhiyyə Nazirliyi sizi xəbərdar edir: normalardan qırağa çıxmaq yüngüllükdür. 16 yaşdan aşağı şəxslərə həqiqətləri çatdırmaq ümumiyyətlə qadağandır. Əgər Mirzə Cəlil vəziyyətin bu yerə çatacağını bilsəydi “Sizi deyib gəlmişəm” yerinə “Sizə deməyib gedirəm” yazardı.
Vəziyyət isə doğrudan dramatikdir. Bax, elə o uçan, partlayan binaya yenidən nəzər salaq. Yazdılar ki, binanın tikintisi başa çatmayıbmış. Ancaq neçə illərdir burda insanlar yaşayırmış! Bəs buna niyə cavabdeh olan yoxdur? Fövqəladə Hallar Nazirliyi bəyəm göydələn tikən oliqarx yoldaşlarından pul yığmaq üçün yaradılıb? Bir ara yeni göydələnlərdə yaşayan iki cüt bir tək vətəndaşımız şikayət edirdi ki, binalara qaz verilmir, çünki qaz xətti çəkmək üçün texniki şərtləri FHN, ya da Bakı ŞİH və “Azəriqaz” (bizim üçün nə fərqi, hamısı dövlət qurumudur) vermir. Əgər partlayış qaz sızmasından olubsa, Xırdalandakı binaya qaz xəttini necə çəkiblər? Axı “yarımçıq” idi!? Bu binanın yaşamağa yararlı olmadığı üzündən bəllidir. Di gəl heç kimin vecinə olmayıb. İnsanlar yaşayıblar. “Harda qırılar-qırılar” məntiqiylə.
Görünən budur, görünməyən “minalar” isə saysız-hesabsızdır, partlayacağı anı gözləyir. Bu yaxında bir nəfər tanış deyirdi ki, yaşadıqları ev zəlzələdən sonra qəzalı vəziyyətdədir, hara şikayət ediblərsə xeyri olmayıb. Mən əvvəlcə söhbəti anlamadım, çünki 5 qatlı, 4 bloklu, özü də Zaqatalada-filanda yox, Bakının Binəqədi rayonunda yerləşən binadan söhbət gedirdi. Bakıda isə son illərdə binaları qəzalı vəziyyətə salacaq zəlzələ olmamışdı. Söhbət açıldı, məlum oldu ki, 2000-ci ilin noyabr zəlzələsindən danışır! Yəni, binada çatlar o vaxtdan qalırmış!
Çatlar çoxdur, enlənə-enlənə də gedir. Birləşdirici, möhkəmləndirici amillər, materiallar olmayanda çatın böyüməsi qaçılmazdır. Böyümək çatın mahiyyətindədir. Cəmiyyəti, xalqı birləşdirən, bütövləşdirən “tikinti materialları”nın yataqları bizim ölkədə onsuz da əvvəldən çox az olub. İdxala da imkan vermirlər. Elementar bir detalı, müşahidəmi yazacağam.
Son illər respublikanın həm cənub, həm şimal bölgələrində olmuşam. Şimalda Rusiya telekanalları populyardır. Cənubda İrana baxırlar. Qərb işğal edilib, Şərq də (Abşeron) hara gəldi baxır. Azərbaycana baxan demək olar yoxdur. Hər mənada baxımsız qalmışıq.
Ağırdır. Bizdə normadır. Amma normal deyil.
