Hökumətin yas məclislərində qayda yaratması sevindirici haldır. Bir çox yerlərdən zəhmətkeşlərimizdən minnətdarlıq teleqramları gəlir. Misal üçün, Dəymədağıldı rayonu, “Muğam müsabiqəsi” adına kolxozun aqranomu Məmməd dayı redaksiyamıza yazır: “Keçən həftə Bilqeyis arvadın yetimi Novruzəli öldü. İcra başçısı gəldi, ehsan qazanını təpiklə vurub aşırtdı. Biz buna çox sevindik. O qədər sevindik ki, axırda mağara sintezator gətirdik, camaat gecə yarısına qədər oynadı, ölü də ortalıqda qaldı. Axırda ölü bezdi, durub ”Əjdər əmi" mahnısını sifariş verib bir az oynadı, sonra yenə yıxılıb öldü. Allah bizim yas yerimizdən kəsib məmurların yas yerlərinə calasın!".
Bəli, çoxdan gözlənilən addım idi. El məsəlində deyilən kimi, ölünü özbaşına qoysan, gedər seçkilərdə iştirak edər. Qabaqkı seçkilərdə dəfələrlə belə hallar tərəfimizdən qeydə alınmışdır, həmçinin aşkar edilib götürülmüşdür.
Doğrudan da əhalinin sərbəst toplaşma azadlığı hələ müəyyən qədər qalan yalnız iki yer var idi, bunlardan biri şadlıq sarayları idisə, ikincisi məhz yas yerləri sayılırdı. Nəticədə orda yığışanlar plovdan yeyib, dovğadan içib hökuməti söyürdülər. Burunlarından gəlsin. Necə ki, gəldi. Əlləri qurusun. Necə ki, qurudu.
Mən özüm neçə dəfə cümə axşamlarında rayon icra hakiminin humanitar məsələlər üzrə müavininin köməkçisinin sürücüsünü, yaxud, prokurorun baldızının əmisi nəvəsinin Krasnoyarsk vilayəti, Rıbnoye kəndində yaşayan nişanlısının kirvəsini kəskin tənqid, hətta deyərdim təhqir edən tiplər görmüşəm! Ona görə də yas yerlərində toplaşmağa Bakı ŞİH MİH SİH-in şöbə müdiri Zaur Ramazanbəylinski tərəfindən icazə verilməsi çox əladır! Zəngilan qaçqınları da bunu dəstəkləyir.
Özü də ölməmişdən bir həftə qabaq idarəyə ərizə yazmaq, yasa neçə nəfərin gələcəyi, ağıçı arvadların hansı şüarları səsləndirəcəyi-filan - hamısı müraciətdə göstərilməlidir. Ondan sonra icra hakimiyyəti qərar verəcək sən ölə bilərsən, ya yox.
İş ölməklə, mağarla da bitmir. Xahiş edirik hökumət qəbir problemini də yoluna qoysun. Yoxsa görürsən bir kasıb müəllimə qəbirüstü abidə kompleksi düzəldilib, polis rəisinin atası isə taxta parçası taxılmış sadə məzarda uyuyur. Yaxşı olar bu sahədə də hər yerdə olduğu kimi, milli adət-ənənələrimiz dirçəldilsin. Keçmişdə bizim xalq ölüləri küpdə dəfn edirdi. Necə də gözəldir! Daşımaq da asan olar - dığırlaya-dığırlaya apar, camaatın beli-buxunu tabut altda sərpməsin.
Dünyanın pisini atıb yaxşısını götürmək kimi dövlətçilik prinsipimizə uyğun olaraq biz Misir fironlarının dəfn adətlərindən yararlana bilərik. Misal üçün, görürsən ər ölüb, ancaq arvad ölmək istəmir. Olmazmı belə hallarda arvadı da vuraq öldürək, gedib axirətdə kişiyə qulluq etsin? O cümlədən, nazirlər öləndə onların ev qulluqçuları birgə basdırılmalıdır. Mühafizəçilər, maşın, məşuqə - uzun sözün qısası, qəbirə tam komplekt qoyulmalıdır.
Dislokasiya məsələsinə, yəni insanlar harda ölür, buna da diqqət etməliyik. Məsələn, bəzi adamlar müalicə üçün xaricə gedib orda ölürlər. Halbuki, milli adətimizə görə ölməyə vətən yaxşıdır. Məncə hökumət bu problemi tənzimləsin, vətəndə gəzib qürbətdə ölənlərə viza verilməsin. Ölmüsən, öl öldüyün yerdə!
Xeyirlə şər qoşa qanaddır, bir üzümüz aglayanda, o biri üzümüz peysərə verməlidir, bu baxımdan yas yerlərinin tənzimlənməsi prosedurlarının şadlıq saraylarında davam etdirilməsi aktualdır. Hazırda hamı - ağzı qatıq kəsən də, kəsməyən də bundan danışır. Hiss edirəm ki, burada da mütəxəssis sözünə, alim gözünə, babaların izinə, güləşçi dizinə, yunan qozuna (qafiyə üçün yazdım, heç bir pis məqsəd yoxdur) və sairə - ehtiyac yaranmışdır. Neyləyək, xalqa xidmət borcumuzdur, bu istiqamət üzrə hazırladığımız təkliflər paketini də tezliklə açarıq.
