Medianews.az
Qadağan
491 baxış

Qadağan

zamin yeni raz
Yapistlər Bakı yaxınlığındakı Pirallahı adasında əyləncə mərkəzləri, “Disneyland”-filan qayırmaq fikrindəymiş. Bu haqda xəbərlər yeni deyildir, misal üçün, Nargin adasında qurulacaq cənnət haqda cəfəngiyatlar hökumətyönlü medianın sevimli xəbərlərindən biridir, ildə azı 3-4 dəfə dövriyyəyə buraxarlar, avamlar da kompüter qrafikası ilə hazırlanmış effektli şəkillərə baxıb ağzının suyunu axıdar. Daha soruşmaz ki, mən niyə müalicə üçün İrana getməliyəm, iş axtarmağa Rusiyaya, istirahətə Gürcüstana, alverə Türkiyəyə yollanmalıyam və sairə. Mifik, virtual, qrafik bir vətən qayırırlar bizə, biz də zövq alırıq.
Ancaq Pirallahıda “Disneylənd” qayırmağın müəyyən mənfi cəhətləri də vardır, istərdim buna diqqət yetirək. İlk növbədə, yerin adı uyğun gəlmir. Əgər sovet işğalı dövründəki adı - Artyom qalsaydı bəlkə düz gələrdi, indiki halda pir və Allah sözlərini üzərində daşıyan məkanı əyləncə yerinə döndərmək məqsədəuyğun deyildir, islam dünyasında telorant, ya da tolerant - dəqiq bilmirəm bizdə hansıdır - imicimizə ziddir. Heç adam da Pirallahında əylənər? Orda ibadət eləmək lazımdır.
İqbal bəy demişkən, məsələnin dialoq yolu ilə həlli də mümkündür. Ya gərək adanın adını dəyişdirib orda yeyib-içək, ya da yeyib-içib-dingildəşmək üçün ayrı məkan seçək. Elə həmin Narginin adı əyləncə üçün daha müvafiq səslənirdi. Qız adına oxşayır.
Hər halda, mən həyəcan təbilini çaldım, ümidvaram cənab möhtərəm prezidentin dini etiqad azadlığı üzrə müşaviri Kamal Abdulla müəllim də bu mövzuda lazımi çalışmalar yapacaqdır. Kamal müəllimin fəaliyyəti hazırda çox hiss edilir, məsələn, o, müşavir qoyulandan sonra bir çox rayonlarda yas məclisində masalara aş, bozbaş gətirilməsi qadağan olunmuşdur. Bunu xüsusi qeyd etməliyik.
Düzü, mənə məlum deyil hakimiyyət yas mərasiminə texniki baxımdan necə müdaxilə edir. Kimsə dədəsinə ehsan üçün plov bişirib banan düzəndə yerli polis gəlib masaya təpik vurub dağıdırmı? Mollanı tutub aparıb Kürdəxanı zindanında profilaktik söhbət edirlərmi? Milli Təhlükəsizlik Nazirliyi süfrəyə qoyulan dovğa stəkanlarından maye heroin aşkar edib tərəfimizdən götürülürmü? Necədir proses? Yas yerində ehsanın sadələşdirilmiş variantı - çay, limon, halva, konfet, lavaş üzərinə hansısa əlavələrə icazə üçün yerli icra hakimiyyətindən lisenziya alınmalıdırmı?
Əlbəttə, ölünü özbaşına qoymaq olmaz, bu haqda ata sözümüz də vardır və elə anlaşılmasın ki, mən burda yas yerlərində qayda-qanun, ictimai asayiş yaradılmasının əleyhinəyəm. Qətiyyən! Hətta mən tərəfdaram ki, polis rəislərinin, prokuror və icra başçılarının, nazirlərin şadlıq sarayları əllərindən alınsın, hakimiyyət toy süfrəsində də qayda-qanun, sabitlik, dövlətçilik yaratsın, lazım gəlsə yengəyə qədər bütün vəzifələr müvafiq icra orqanı tərəfindən qoyulsun. Sadəcə, yeganə marağım prosedura, texniki üsullaradır.
Yazının sonunda rus yazıçısı Moşe Şaninin “Qadağan” şeirini dilimizə çevirmişəm, onu əziz oxucularımıza təqdim etmək istərdim:
“Qadağan haqda şeir
Öncə Ğ hərfi qadağan edildi
Sonra İ hərfi qadaan edildi
Sonra L hərf qadaan edld
Sonra Q hərf qadaan edd
Sonra H hərf adaan edd
Sonra F ərf adaan edd
Sonra D ər adaan edd
Sonra A ər aaan e
Sonr R ə n e
Son N ə ne
So Ə e
S O e
S e
Ssssssssssssss!"

Bizə qoşulun