Medianews.az
Göyçəni unutmadıq
438 baxış

Göyçəni unutmadıq

zamin yeni raz
Vətənpərvər insanlarımızın “Ayfon” telefonu işlətməsi düzgün deyil, çünki bunu qayıran Stiv Cobsun analığı erməni qadın olmuşdur. O cümlədən, biz “Aypəd”, “Aypod” və sairə bu tipli qurğulara da yox deməyi bacarmalıyıq. Müharibə qanunlarına görə düşmən cavab atəşi ilə susdurulmalıdır.
Yeri gəlmişkən, bu Stiv Cobsun “Canon” şirkətindən necə ideyalar çırpışdırması haqda oxudum, heyrətə gəldim. Rəhmətlik oğurlaya-oğurlaya gedirmiş, əsl zəmanə adamı imiş. Bunun özü də onun ərməni südü əmməsinə görədir, istərdim AzTV növbəti reportajlarında bu mövzuya toxunsun. Hətta təsəvvür edin, bu haramzada (düzdür ölüb, ancaq ölüyə də haramzada düşür) öz şirkətinin reklamlarını da rəqib İBM firmasından oğurlayırmış. İBM-in reklamı “Think!” (“Düşün!”) olan vaxt Stiv kirvə öz reklam şüarını belə yazdırıb “Think different!” (“Fərqli düşün!”). Gör nə qədər oğru bir adam olmuşdur. Deyirəm nə yaxşı dolma bişirməyə, mahnı oxumağa başlamayıb, yoxsa bizdən də çırpışdırıb “iDolma”, “iSarı gəlin” buraxardı.
Bunlar hamısı vacib şeylərdir, həmişə gərək düşünək, torpaqlarımızı əldən verməyək, sonra gedib hökumət binalarının qabağında özümüzü yandırmayaq. Şair demişkən, sən yanmasan, mən yanmasam, necə çıxar canımız?! Məsələn, evləri əllərindən zorla alınan sumqayıtlı ər-arvad özlərini Prezident Administrasiyası qabağında yandırandan sonra respublikamız daha da aydınlığa çıxdı.
Dünən bir maşın da gördüm, qiyməti yalan olmasın, 60 min manata yaxın idi və qabağında şüşənin altından yekə bir plankart vurulmuşdu: “Göyçəni unutma!”. Az qala yolu görməyə mane olacaq qədər yekə şüar idi. Bəlkə məlun ermənilər Kəlbəcərin üstündən durbinlə baxsalar bu yazını görərdilər. Əgər o adamdan soruşsan Bakıda nə baş verir, deyəcək siyasətə qarışmıram. Bakını unudandan sonra Göyçəni sən necə yadında saxlayacaqsan? Çətin işdir. Ancaq mümkündür. Ona qalsa bir çox məmur uşaqlarımız Parisdə, Londonda yaşayırlar, ancaq ürəkləri daim Abşeronla, Qəbələ ilə döyünür - buraları da hündür hasarla bağlayıb özlərinə saxlayırlar.
Nədən danışırdıq? Əşşi, əslində heç nədən danışmırdıq. Hamısı boş söhbətlərdir. Hamısı oyundur. Bizim evimizi Qorbaçovla Reyqan gəmidə görüşəndə yıxıb. O vaxt Rəşid Behbudov qonşu kayutda bankanı divara dirəyib söhbətə qulaq asıbmış, ona görə böyük sənətkarımızı da qətlə yetiriblər.
Ermənilərdən çoxlu əsgər öldürmüşük, bunu xalqımız artıq bilir. Ancaq erməni xalqı öz əsgərlərinin ölümündən hələ bixəbərdir, çünki namərd sərkisyanlar (ya da sarqsyanlar - bax: əvvəlki yazımıza) meyitləri gizlədirlər. Burada bir namərd sual ortaya çıxır ki, bəs biz niyə öz itkilərimizi gizlətmirik, qoy elə Zakir Həsənov da əsgərimiz vurulanda desin yalandır, heç kim ölməyib. Mümkün deyilmi?
Əlbəttə, mümkün deyil. Səbəb isə bizdəki aşkarlıq, demokratiyadır. Azərbaycanda hökumət hər şeyi xalqa bildirir, Ermənistanda isə hökumət hər şeyi xalqdan gizli saxlayır. Məsələn, bu yaxınlarda İrəvanda (gərək biz bunu Stiv müəllimin xətrinə indən belə iRəvan yazaq) küçədə sorğu keçirdiblər, məlum olub ki, camaat 2-ci dünya savaşında Sovet ordusunun qələbəsindən xəbərsizdir. Erməni xalqı hətta vurma cədvəlindən xəbərsizdir! Onlar elə zənn edirlər ki, iki dəfə iki yeddi eləyir. Belə xalqı aldatmağa, başına corab hörüb səngərdə qırmağa, sərvətini çırpışdırıb ofşor zonalara daşımağa nə var!
Yazını el məsəlimizlə bitirirəm: “Hava yaman bürküdür, Ermənilər tülküdür!”

Bizə qoşulun