Görkəmli kino xadimi Ayaz Salayevin vətənpərvər fikirlərini oxuyub şad oldum. Deyir ki, bu saat qəlbi Qarabağla döyünür, cəbhəyə getmək istəyir, 54 yaşı olmasına baxmayaraq Ali Baş Komandanın əmriylə döyüşə atılmağa hazırdır.
Mən, əlbəttə, istəməzdim 54 yaşlı Ayaz bəy cəbhə xəttinə gedib sıravi Məmişovun ehtiyatsız hərəkəti üzündən AK-74-ün növbəti qurbanı olsun. Ancaq riyaziyyat da pis şeydir. Məsələn, indi 2014-cü ildir, əgər Ayaz bəyin indi 54 yaşı varsa, deməli 90-cı illərin əvvəlində, ermənilərlə dava təzə qızışanda bəyimizin cəmi-cümü 30 yaşı var imiş. Yəni, kameranı silaha çevirməyin əsl yaşındaymış. O zaman canısulu döyüşə getməyən, indi qoca vaxtı gedib neyləyəcək?
İkincisi, bir ara Ayaz müəllim Mədəniyyət və Turizm Nazirliyinin maliyyəsi ilə “Üçbucaq TV” adında kino çəkirdi, amma film yapistlərin xoşuna gəlmədi, tutub onu sünnət elədilər. Filmi deyirəm, ağlınıza pis şeylər gəlməsin. Bizdə rejissorların ətini kəsmirlər, əksinə, onlara yaxşı ət verirlər, yedirdib-içirdirlər, kökəldirlər, əvəzində böyük bir şey tələb olunmur. Uzağı “İvanovka kolxozunun sağıcısı Lyudmila xanımın uğurları” mövzusunda kino çəkməyi və ildə bir-iki dəfə məlum yerdə əyilməyini istəyirlər. Başqa heç zad. İnanmırsınızsa Vaqif Mustafayevdən soruşun.
Uzun sözün qısası, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ayaz müəllimin filmini necə qanına qəltan elədisə deyəsən bir salamat kadr, ələ gələsi sağ tikə də qalmadı. Hər halda üstündən 4-5 il keçir, ancaq filmdən əsər-əlamət yoxdur.
İndi sual belənçikdir: öz kinosunu nazirlikdən qoruya bilməyən 54 yaşlı rejissor Ağdamın Bayramlar kəndi istiqamətinə getsə nə bacaracaq?
Əlbəttə, sual mənasız sualdır, istedad bəzən gözlənilməz istiqamətlərdə parlayır. Ona qalsa qabaqlar qarmon çalan adam indi sularda vətəndaşlarımızı xilas edir. Nehrəmdə baytar işləyən şəxs isə gömrük generalıdır. Bəlkə də Ayaz müəllimə polkovnik paltarı geyindirsək erməniləri qıra-qıra gedib Vyetnama çatar, sonra Koppola gəlib bunun həyat və yaradıcılığı haqda “Gopakalipsis bu gün-2" trillerini çəkməyə məcbur olar.
Ta döyüşə girmişkən, mövzunu davam etdirək. “AzərTAc” dövlət agentliyinin “mışdır, muşdur” rəsmi dövlət şəkilçilərindən imtina eləməsindən sonra (oxucular bağışlasın, araya atışma düşdü, bu cür nəhəng hadisəyə münasibətimi yazmadım, borc olsun) Müdafiə Nazirliyi də qrammatika cəbhəsində yeni səngər qazıbdır. Ermənistan prezidentinin adını öz bəyanatında kiçik hərflə, özü də “sarqsyan” şəklində göstəribdir.
Bah, bah... Elə ki, düşmənin adını balaca hərflə yazırsan, onun özü də balacalaşır, siçana, böcəyə dönür, Zakir müəllimin qorxusundan yerdə gizlənməyə deşik axtarır. Tarixən sınaqdan çıxmış cadu metodudur. Ancaq daha kəskin olsun deyə təklif edərdim MN öz gələcək açıqlamalarında “sarqsyan”ın adını heç yazmasın, eləcə üç nöqtə qoysun. Qoy uca millətimiz də bilsin ki, bu üç nöqtənin yerində ... bir adamdan söhbət gedir. Bəs necə! Anasını ağlar qoyaq köpəyoğlu qurumsağın! Elə MN bu qurumsaq sözündən də bəyanatına yazsa ürəyimiz soyuyar, Ayaz müəllim 54 yaş cavanlaşar.
Lakin ortada dövlətçilik baxımından anlaşılmazlıq var. MN-in bəyanatı ilə eyni gündə AzərTAc Əli Həsənovdan intervü alıb və orda Ermənistan prezidentinin adını “Serj Sərkisyan” yazıblar.
İndi biz hardan bilək ki, bu alçağın adının düzgün yazılışı necədir? Xalq həqiqəti bilməlidir. Yoxsa sonra uşaqlar qrammatikadan “iki” alırlar, gələcəyin generalı və rejissoru kimi yetişməkdə problem çıxır.
