Son günlərin ən möhtəşəm hadisələrindən biri də, şübhəsiz, bəzi internet saytlarımızın toplaşıb “dezinformasiya yaymamaq haqda müqavilə” imzalaması olmuşdur. Böyük ehtimalla bu, dünya KİV tarixində yenilik, analoqu olmayan hadisə idi.
Əlbəttə, çox çətin olacaq, ilk dövrlərdə sayta hansı materialı qoyacaqlar, camaat neyləyəcək - bu suallar ortada dolaşır. Eyni zamanda müqayisədən də qaça bilmirik. Bir sürü jurnalistin yalan yazmamaq sazişi təxminən ona bənzəyir ki, müəllimlər də yığışıb “camaatın uşağına düzgün dərs keçməliyik” müqaviləsi bağlayalar.
Bəlkə də lazımdır. Kim bilir... Jurnalistlər cəmiyyətin avanqardıdır axı, hər şeyi öncə görürlər. Avanqardı belə olan millətdən nə gözləmək olar, daha bunu soruşmuram, siz də üz vurmayın. Birtəhər yola verək, hamımızın bir vətəni vardır, bu Azərbaycandır, mən fəxr edirəm ki, azərbaycanlıyam və sairə. Körpü də, sağlığınıza, yolun bir hissəsidir.
Sonra da deyinirik ki, millət qəzet oxumur. Rəhmətliyin uşağı, ta oxumaz da bə! Niyə oxusun? Gündə bu qədər yalan-palan görəndən sonra camaatda qəzetə, dəftər-kitaba, telekanalizasiyaya hörmət, etibar qalarmı? “Yalançının evi yandı, heç kim inanmadı” misalındakı kimi, mən qorxuram bir gün rəşadətli ordumuz möhtərəm ali baş komandan həzrətlərinin rəhbərliyi altında (son vaxtlar tutulanların hamısının tutulmasını acizanə şəkildə dəstəkləyirəm, istəyirəm türmə rəisi bunu mütləq bilsin) hücuma keçərək Ağdam və Füzulini gerçəkdən düşməndən azad edə, ancaq heç kim buna inanmaya. Yəni Ağdam və Füzulini azad eləməyimiz bir qədər çox tezliklə baş verdi. Təkcə bu il, mənim yadımda qalan, 3 dəfə azad eləmişik. 8 aya böləndə təxminən 2 ay yarıma 1 dəfə düşür.
Xahiş edərdim dəyərli sayt rəhbərlərimiz, redaktor korpusları, ordu korpusları və başqaları bunu nəzərə alsınlar, gələcəkdə Ağdam və Füzulinin azad edilməsi ildə uzağı 2 dəfə baş tutsun. Bir dəfə yazda, bir dəfə payızda, məsəl üçün. Bu zaman cəmiyyətin umsuqluq sürəti də azalar, hətta ola bilər payıza qədər yazdakı azad etmə əməliyyatını unudarıq. Bir kəndi ildə 5-6 dəfə azad eləmək onun təsərrüfat subyektlərinə, yaşayış obyektlərinə, meşə və bulaqlarına, ceyran və uzunqulaqlarına, traktor və redaktorlarına da ziyandır. Aşınma prosesi gedir, kənd əldən-ələ keçdikcə amortizasiya xərcləri artır. Mən bunu istefada olan bir iqtisadçı kimi yazıram. İldə 2 dəfə - ən düzgünü budur. Hesablamışıq.
Söz düşmüşkən, mən işğaldan azad elədiyimiz rayonlar arasında ayrıseçkilik də görürəm və buna pis baxıram, mənfi yanaşıram, nifrət edirəm. Diqqət etsəniz, adətən Ağdam və Füzulini geri alırıq. Bəs o biri rayonlar? Tutaq ki, Qubadlı və Laçın, Zəngilan və Şuşa bir qədər uzaqdır, bəs Kəlbəcər, Cəbrayıl rayonlarına nə sözünüz? Nə üçün biz arada, heç olmazsa iki ildə bir dəfə Cəbrayıl və Kəlbəcəri də almayaq? Yoxsa hər dəfə baxırsan elə yazıblar: “Ağdam və Füzuli alındı!” Ayıbdır, o biri rayonlar da bizimdir, bizimdir, Naxçıvan da bizimdir, bizimdir, Balakən də bizimdir, Lənkəran da bizimdir, maral, maral, maral, eşqinə düşdüm maral! Nəğmə oxumalıyıq arada, qoy düşmən kor olsun!
Hətta ola bilər hakimiyyət Ağdam və Füzulini çoxdan düşməndən azad eləmişdir, sadəcə, biz görmürük. Məsələn, Abşeron yarımadasında hər yerə 5 metr hündürlüyündə hasarlar çəkiblər, onların arxasında nə baş verir, görə bilirikmi? Yox. Ağdam və Füzulini də hasar çəkib arxasında saxlayırlar. Niyəsini də yazım, görürəm mən izah eləməsəm xeyri yoxdur, qəti fikirləşib beynini yormaq istəməyən oxucu nəsli yetişibdir. Ağdam və Füzulinin azad edildiyini ona görə demirlər ki, o biri rayonları da alıb komplekt açıqlayacaqlar. Nənələrimiz demişkən, indi yatın, hamısını danışsaq sabaha nağıl qalmaz.
