Medianews.az
Şezlonqdan cəbhəyə
470 baxış

Şezlonqdan cəbhəyə

zamin yeni raz
Məncə, son atışmalarda ən böyük ziyan qəhrəman müdafiə nazirimizə dəydi, çünki mən oxudum ki, hörmətli Zakir müəllim Bodrumda istirahətini yarımçıq qoyaraq vətənə dönməyə məcbur olmuşdur.
Burada axmaq adamlar sual verə bilər ki, nə üçün sayın paşamız Türkiyə Cümhuriyyətinə tatil yapmağa gedibdir, bəyəm o Türkiyenin genel kurmay başqanıdır?
Doğrudan da ilk baxışdan məntiqli sual kimi görünür. Azərbaycanı müdafiə edirsənsə, gərək zəhmət çəkib burda da dincələsən. Əks halda zəhmətkeşlərdə sarsaq, narahat, dövlətçiliyə zidd  düşüncələr yaranar ki, nazir müdafiə elədiyi ərazi sarıdan arxayın deyil, qorxur. Ancaq təbii belə yanaşma düzgün olmaz. Corc Vaşinqton demişkən, Türkiyə və Azərbaycan bir millət iki dövlətdir, bunların harasında olmağın böyük fərqi yoxdur. Bizim üçün Bodrumla Nabran, İstanbulla Sumqayıt, Kürdəmirlə Girəsun eyni məkandır. Rəhmətlik bəyin oxuduğu “Sakarya” şeiri yadıma düşdü, xeyli kövrəldim. Allah düşmənin bəlasını versin!
Dediyim kimi, ən pis travmanı Zakir müəllim aldı, çünki şezlonqdan durub birbaşa tanka minmək çox çətindir. Gərək arada “Mercedes” keçid dövrü də olsun. Olmadısa heç zad. Mən şanlı ordu rəhbərliyimizə bu diskomfortu yaşatdıqları üçün başda ermənilər olmaqla bütün xarici, daxili düşmənlərimizi, qara, sarı, qırmızı, yaşıl, göy qüvvələri qınayıram.
Ortada başqa bir-iki texniki xırdalıqlar da var. Məsələn, vaxtilə camaat deyirdi ki, nə yaxşı yapistlər hakimiyyətə gəldi, yoxsa gündə uşaqlarımız Qarabağda ölürdü. İndi də uşaqlar ölür, hətta Biləsuvarın Nərimankənd kəndinə bir gündə 2 əsgərin meyiti gətirilir, ancaq heç kimə sual eləməyə də imkan verilmir ki, 21 illik hakimiyyətinizin mənası nə idi? Ölmək idisə, elə o vaxt ölərdik.
Hay-küy, qaraqışqırıq olanda sual verməyin mənası yoxdur. Neft pulları hələlik imkan verir hər cür dezo yayasan, baş qatasan, urapatriotizm şouları göstərəsən. Düzü, bu sözün dilimizdə qarşılığı nədir bilmirəm, ancaq “tırka” sözü uca xalqımıza çox yanaşır. (Ola bilsin bu bizim türk soyumuzla bağlı sözdür, “türk-türkə-tırka” şəklində tarixin dərinliklərindən süzülüb gəlmişdir). Tırkaya yaxşı gedirik, sonra ayılanda gec olur. Hətta bu mövzuda ermənilərin məsəli də var: “Müsəlmanın sonrakı ağlı kaş bizdə olaydı”.
Cəbhə xətti üzərində hərbi təyyarələrimizin uçuşları, “ermənilərin öz meyitlərini sürüyə-sürüyə aparması” (MN mətbuat xidmətindən Vaqif müəllimin məlumatıdır), canlı klassik müğənnimiz Üzeyir Mehdizadənin Qəbələdə toyda oxumaqdan imtina edib cəbhə xəttinə getməsi də çox dəyərli hərəkətlərdir, düşməni susdurmağa yönəlmişdir. Vallah, kosmosdan gizli deyil, sizdən niyə gizli olsun, Üzeyir müəllimin bir mahnısı var, “Salam aşkım necəsən”, onu eşidəndə mən az qalıram qalaktikadan baş götürüm qaçım, indi görün məlun düşmənlərimiz nə vəziyyətə düşürlər. Arzu edərdik başqa canlı klassiklərimiz: Pişik Günel, Eşşək Mədət, Madonna İsrafil, Şlyager Faiq, Onluq Mədinə (bu həmişə top-10-da öz qaynar hitləri ilə yerləşir, ləqəbi belə qazanıb) və başqaları da Üzeyir Mehdizadənin hərəkətindən nəticə çıxartsınlar, cəbhə xəttinə doğru hərəkət edən zirehli texnikalarımızın sırasına qoşulsunlar.
Gərginlik isə təbii, yenə soyuyacaq, prezidentlər Soçidə rus prezidentin rəhbərliyi altında görüşəcəklər, Madrid prinsiplərinin Moskva variantının Cəlilabad tezislərinin Paris paraqraflarını Praqa lüstrü, üzr istəyirəm, illüstrasiyası üzərində danışıqların növbəti mərhələsi müzakirə ediləcəkdir. Hər yay bizim əbədi, daimi, dönməz cəbhə xəttində belə hadisələr təkrarlanır, kasıb uşaqlar ölürlər. Yenə qeyd edirəm, kasıb və yetimlərin uşaqları ölməlidir, bu, təbii hadisədir, ancaq nazirin Bodrumdan qayıtmağa məcbur olması sensasion bir şeydir. Ordumuz çalışmalıdır ki, gələn yay atəşkəs Zakir müəllim Bodrumdan qayıdandan sonra pozulsun.

Bizə qoşulun