Medianews.az
Qlamur ordu - Zamin Hacı yazdı
594 baxış

Qlamur ordu - Zamin Hacı yazdı

zamin yeni raz
Sağ olsunlar, media qurumlarımız və gülməşəkər jurnalistlərimiz, ekspertlərimiz Müdafiə Nazirliyini, silahlı qüvvələrimizi, generallarımızı pop müğənnilər, baldırı açıq modelyer qızlar kimi bir şeyə çeviriblər. İndi oralardan gələn xəbərlər də “18 plyus” motivində olur, hər cümlədən “şok-şok-şok” etiketi parlayır. Halbuki tam tərsinə olmalı idi, çünki hərb uydurma sevməyən, dəqiqlik, peşəkarlıq tələb edən sahədir. Bir az da qapalı mahiyyətli sahədir.
Fikir verin, hətta müdafiə nazirinin də geyimləri, salam verəndə əlini papağının harasına qoyması daha çox müzakirə edilməyə başlayıbdır. Yapokratlar Zakir Həsənovun timsalında çox uğurlu kadr siyasəti aparıblar, bunu etiraf edək. Qlamur general kimin ağlına gələrdi? Hətta bir gün o, İbrahim Tatlısəs kimi klip çəkdirsə, təəccüblənmərəm. Üzdən də oxşayırlar. İbrahim bəy də yeri gələndə vurub-tutan oğlan idi, neçə rəqqasəni ayağından güllələmişdi, özü ağır yara alsa belə düşmənə təslim olmamışdı.
Azərbaycan ordusu üçün son illərdə alınan hərbi sursatların, top-tüfəngin siyahısının vaxtaşırı açıqlanması da eynilə “Zaur hər gün efirdə Tolikin qarderobunda” telekanalizasiya verilişi tipindədir. 5 tank almışıq, 6 təyyarə, 7 reaktiv qurğu, bizim hərbi xərclərimiz Ermənistanın dövlət büdcəsindən zad qədər çoxdur, biz bununla şey edəcəyik... Ancaq yenə əsgərimiz öz yoldaşını vurub öldürür. Dəmir parçası ilə. Neyləyək, reaktiv qurğu ilə vurmadığına sevinəkmi?
1992-93-cü illərdə Füzulinin bir kəndində əsgər sevdiyi qızı tankla qaçırtmışdı, camaat bunu danışıb gülürdü. Bəlkə də hərbi gücümüzü o cür praktik məqsədlə, gənclərin ailə səadəti üçün yararlanmaq daha doğru yol idi. Məsələn, çox praktik bir metod təklif edə bilərəm, Sovet dövründə dolu dağıdan toplar var idi, istilik mərmisini buluda atırdılar, nəticədə buz əriyirdi. Bunun nəticəsində kənd təsərrüfatına zərər dəymirdi. İndi bizim Milli Ordunun toplarından dolu dağıtmağa istifadə eləsəydilər günaşırı “Daşkəsəni dolu vurdu, Əhəd Abıyev buzları əlinə yığıb kamera önünə keçdi” tipində xəbərlər eşitməzdik. Yanılmıramsa, “Alazan” mərmisi elə məhz bu dolu dağıtmaq məqsədi üçün istehsal edilirdi.
Yaxud SSRİ-ni lağa qoyurduq ki, tikinti üzrə hərbi qoşunlar - “stroybat” nəyə lazımdır. İndi görünür çox lazım imiş, əsasən də bizim camaat üçün. Zakir Həsənovun rəhbərliyi ilə generalları kartof yığmağa cəlb etsək dövlətimiz udmazmı? Hərbi hissələrdə pomidor, xiyar əkinləri, heyvandarlıq məhsullarının istehsalı da qat-qat faydalı olardı, əsgərlər də bekar qalıb bir-birini öldürməzdi. “Bekarçılıq bütün qəbahətlərin anasıdır” - belə müdrik fikir var.
Azərbaycan son 12 ildə 1000-dən çox raket-artilleriya sistemi alıb. Son günlərin xəbərlərindən biri də bu idi. Sitat: “Rusiyadan 18 ədəd «Msta-S» özüyeriyən haubitsası, 18 ədəd TOS-1A «Solntsepyok» ağır odatanı, 18 ədəd 2S31 lVena» özüyeriyən haubitsası, 26 ədəd 2S9 «Nona-S» özüyeriyən artilleriyası, 18 ədəd 9A52 «Smerç» reaktiv yaylım atəş sistemi almışıq. Ukraynadan 294 ədəd müxtəlif artilleriya sistemi əldə olunub. 2002-2013-cü illərdə Bakı Ukraynadan 12 ədəd 9 «Smerç» reaktiv yaylım atəş sistemi, 85 ədəd PM-38 minaatanı, 72 ədəd MT-12 topu, 54 ədəd 2S1 «Qvozdika», 16 ədəd 2S3 «Akatsiya» özüyeriyən haubitsalar alıb. İsraildən açıqlanmayan sayda LAR-160, ”Lynx Qrad", “Lynx EXTRA”, Türkiyədən isə T-107, T-122 “Sakarya” və T-300 “Kasırğa” raket sistemləri alınıb" (APA).
Bu uzun sitatı verməkdə məqsədim var. Elə həmin xəbər çıxan gün mediada başqa bir başlıq da var idi: “Azərbaycan Ermənistana raket atdı”. Yuxarıda yazdığım kimi, hansısa modelin sinəsi haqda xəbərə oxşayan bu uydurma xəbəri açıb oxuyanda görürdük ki, sən demə, söhbət... adi siqnal raketindən gedir. Ətrafı işıqlandırmaq üçün olan raketdən. Loru dillə desək, fişəngdən.
O üzdən, orduya “Smerç” raketi-zad almaq mənasızdır, axırda onsuz da fişəng atırıq. Lap yaxşı olar daş, “raqatka” sistemləri (bazburudlu olsun deyə mütləq sistem də yazılmalıdır) alaq. Sarkisyanın gözünə lazerlə işıq salaq, şar partladıb qorxudaq, tədbirdə görəndə üstünə tüpürək.

Bizə qoşulun