İyunun 30-da Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) boş qalan akademik yerlərə seçki keçiriləcəkdir. Adətən orda hansısa akademik öləndə yer boşalır, indi seçki elan edilən yerlərin sayı, sizcə, nə qədər olsa yaxşıdır? Mənim də ağlıma gəlməyəcək fantastik bir rəqəmdir: həqiqi üzvlüyə 21 yer, müxbir üzvlüyə 53 yer! Gör son illər bizim nə qədər akademikimiz ölmüşdür... Əsl soyqırım olmuşdur. Dünya elmində ciddi dəyişiklik, geriləmə baş veribdir, kül bizim başımıza, xəbərimiz olmayıbdır.
Akademik olmaq istəyən namizədlərin siyahısına ötəri göz gəzdirərkən orda keçmiş təhsil naziri Misir Mərdanovun, Ədəbiyyat Muzeyini özəlləşdirmiş Rafael Hüseynovun, yazıçı Kamal Abdullanın və sairə dəyərli elm adamlarımızın adlarını gördüm. Bunlar hamısı öz sahəsi üzrə bəşər elminin qaymaqlarıdır. Məsələn, Misir müəllim riyaziyyatın məşhur Ferma teoremini nazir işləyərkən isbat eləmişdir, sübut etmişdir ki, istənilən məktəbi fermaya döndərmək mümkündür. Diqqətlə oxumadım, bəlkə o siyahıda Eynşteyni “niprav” çıxardan Sərdar Cəlaloğlunun (pataloqonatomiya ixtisası üzrə), Bakı ŞİH rəhbəri Hacıbala müəllimin (şizika üzrə), FHN əməkdaşı Cəbreyil müəllimin (kamalizm üzrə) və sairə dəyərli alimlərin də adları vardı. Olsun, istəməyənin gözü çıxsın.
Yeri gəlmişkən, fəlsəfə üzrə akademiklərimiz çoxalmalıdır, çünki son illərin bir dəbi var: kim istəsə fəlsəfə doktoru adını qapazlaya bilir. Təki əlin cibində olsun. Xırdabuynuzlu məmurlarımız və varlılar arasında köhnə “elmlər namizədi” adını əvəzləyən bu fəlsəfə doktoru adına böyük maraq vardır. Yazıq Hegel, bədbəxt Kant, yetim Nitşe bilsəydilər ki, vaxt gələcək Azərbaycan adlı bir yer olacaq, orda hər yoldan ötən yoluğa fəlsəfə doktoru adı peşkəş edəcəklər - heç düşünüb başlarını ağrıtmazdılar. Fəlsəfə - düşünmək deməkdir, bizdə isə filosof adı düşüncəsizlərə verilir. Bu münasibətlə Fəlsəfə İnstitutunun direktoru İlham müəllimi təbrik edirəm. Qoy millətdə ruh yaşasın! (Oxucumuz Anar Məsimovun arzusu ilə bu unudulmaz misranı yenidən yazıram).
AMEA seçkilərinin formal olması göz qabağındadır, çünki akademiyanın saytında namizədlərin və yerlərin sayı göstərilib. Bir yerə bir, iki yerə iki namizəddir. Ancaq nadir istiqamətlərdə akademik olmağa 1 yerə 2 namizəd vardır. Eyni zamanda, yaxşı olardı barmaqlara ultrabənövşəyi şüada görünən mürəkkəb yaxılması prosedurundan burada da yararlansınlar.
Akademiyanın ətrafına həmin gün polis çənbəri düzülməsi, Məzahir Pənahovun səsləri hesablamağa dəvət edilməsi (fəxri qonaq qismində), Balıq Hafizə AMEA Balıqçılıq İnstitutunun fəxri doktoru adı verilməsi və sairə və ilaxır dövlətçilik tədbirləri də nəzərdə tutulmalıdır.
Bir ədalətsiz yanaşmaya da etiraz bildirməyin vaxtıdır. Bizdə akademik adını yalnız 1 dəfə verirlər, halbuki adamın elmi fəaliyyəti sonradan da davam edir. Olmazmı bir şəxsə ikiqat akademik adı verilsin? Məsələn, hörmətli Ramiz Mehdiyev iki dəfə akademik adını çoxdan haqq etmişdir. Dünya birliyi də susur. Necə ola bilər ki, sabah Misir Mərdanov da bir qat akademik olacaq, Ramiz müəllim də!? Gələcəkdə iki və üç qat akademiklərimizin doğulduqları kəndlərdə büstlərinin qoyulması məqsədə uyğundur.
Sonda daha bir elm xəbəri: Baş Prokurorluq Heyvandarlıq İnstitutunun işdən çıxarılmış direktorunun korrupsiya əməllərini araşdırmağa başlayıbdır. Direktor 77 min manatlıq inventarı, 61 min manat heyvan dərmanını, 33 min manat maaşı və sairəni - o qədər punktlar var idi, hamısını yazmağa yer qalmır - mənimsəməkdə suçlanır. Qısa desək, Heyvandarlıq İnstitutunu direktor heyvan kimi basıb yeyirmiş.
