Medianews.az
 Sərsəmlərin xüsusi çəkisi
536 baxış

Sərsəmlərin xüsusi çəkisi

xalid kazimli kose 1
Rusiya parlamentinin vitse-spikeri, RLDP sədri Vladimir Jirinovskinin şəxsiyyətini hər kəs bir cür qiymətləndirir. Onu sərsəm hesab edənlərlə yanaşı, Kremlin alternativ sözçüsü sayanlar da var. Partiyasının adında “liberal” kəlməsi daşıyan adamın buna paradoksal bir şəkildə faşist olduğunu vurğulayanlarla bərabər onun sadəcə artistlik etdiyini düşünənlər də çoxdur.
 
Bəli, o sərsəm fikirləri, ekssentrik hərəkətləri ilə məşhurdur, dəlisovdur, zaman-zaman rol oynayır, avantürist fikilər səsləndirir, amma adam qatı rus millətçisidir, şovinistdir, hitlerçilər qədər faşistdir. 
 
Onun bəzən Kremlin sözçüsü kimi görünməsi də bu üzdəndir. Kremlin xarici siyasətində şovinizm meylləri, aqressiya artan kimi Jirinovskinin də millətçi damarı yoğunlayır və onlar avtomatik olaraq müttəfiqə çevrilirlər. 
 
Jirinovskinin partiyasını Rusiyada psevdo-müxalifət sayır, hakimiyyətyönlü olduğunu qeyd edirlər. RLDP doğrudan da heç vaxt demokratiya, insan haqları kimi dəyərlərə önəm verən qüvvələrin səfində yer almır. Bu partiya demokratiyaya qarşıdır, ölkəsinin xarici təcavüzkarlığına daima haqq qazandırır, Qərbin insan haqlarına dair tələblərini top-tüfənglə qarşılayır. 
 
Bütün bu neqativ yönlərinə baxmayaraq, Jirinovski hər dəfə seçkilərdə (istər parlament, istərsə də prezident seçkilərində) 6-7 milyon seçicinin səsini alır. Bu, olduqca böyük rəqəmdir.  Əgər bu rəqəmləri şübhə altına almasaq, hətta çox ciddi, təhlükəli göstəricidir.
Əslində RLDP-nin o qədər səs toplamadığına dair ehtimallar da var. Çünki ola bilər, onun səs faizləri qəsdən şişirdilir. Sadəcə, güman olunur ki, Putin rejimi demokratik qüvvələrin səsindən kəsib öz “cib müxalifəti”nin topladığı səsə calayır.
 
Ancaq Jirinovski gerçəkdən də o qədər səs yığırsa, bu, o deməkdir ki, Rusiyanın siyasi arenasında neo-faşistlərin, militaristlərin, avanturistlərin xüsusi çəkisi var və onlar güclü ictimai dayağa malikdir. 
 
Budur, Jirinovskiyə dair yayılan son xəbər ondan ibarətdir ki, o, Polşaya Ukraynanın Volın, Lvov, İvano-Frankovsk, Ternopol və Rovno vilayətlərində həmin ərazilərin Polşaya mənsub olması ilə bağlı referendum keçirməyi təklif edib. 
 
Bundan başqa, Jirinovski Macarıstana və Rumıniyaya da Ukraynanın bir hissəsinə  “yiyə durmağı” təklif edib. Demək, adam sadəcə gözünü örtmüş nifrətlə Ukraynanı parçalamağı, yox etməyi düşünür.
 
Dildə demək, kağız üzərində yazıb-cızmaq necə də asandır. Ərazisinə və əhalisinin sayına görə Avropanın ən böyük dövlətlərindən biri Ukraynanı sanki lavaş kimi əldə asanlıqla kəsib bölüşdürmək olar.  
 
Təbii ki, bunlar sərsəm fikirlərdir və reallaşdırılması mümkün olmayan “layihə”dir. Dünyanın indiki vaxtında heç bir dövlət Jirinovskinin bu sayaq fikirlərini ciddiyə almaz. Xüsusilə də Ukraynaya münasibətdə.
 
Ancaq RLDP sədri eyni sözləri Azərbaycana və Gürcüstana münasibətdə səsləndirsə, bunu hiddətlə qarşılayanların sayı qat-qat az olacaq. Zatən, Jirinovski adları çəkilən ölkələrə qarşı da oxşar fikirlər dilə gətirib. Artıq Cənubi Osetiya və Abxaziya Gürcüstandan qoparılıb, Cavaxetiyada fitnə-fəsad toxumları cücərməkdədir. Başqa sözlə, Jirinovskinin Gürcüstana dair arzuları tam olmasa da, xeyli dərəcədə həyata keçirilib.
Azərbaycana gəlincə, o, burada da “zəif dabanlar” tapmağı təklif edir. Jirinovski türk dilini bilir, bu regionu tanıyır, əhalinin etnik balansından xəbəri var. Ona görə də o buyurur ki, istənilən dövləti çökdürmək üçün etnik azlıqlar faktorundan, “tarixi ərazilər” amilindən istifadə etmək mümkündür. 
 
Bir müddət keçəcək, Jirinovski ya ölüb gedəcək, ya da siyasətdən çəkiləcək. Amma onun yeri boş qalmayacaq. Ya RLDP öz içərisindən Jirinovski ağılda, iddiada birini çıxaracaq, ya da bir başqa siyasətçi özünü Jirinovskinin yerinə qoyaraq partiyasını RLDP-yə döndərəcək. Yəni müqəddəs yerlər kimi, bu cür lənətlənəsi yerlər də boş qalmır. Çünki ictimaiyyətin mühüm bir hissəsi bu yeri boş görmək istəmir və istəyir ki, onun fantastik, eyni zamanda sərsəm arzularını həyata keçirmək uğrunda çalışan biri olsun.
Bir dövlət üçün əsl problem bu cür düşünən, qonşulara və dünyaya aqressiv münasibət sərgiləyən insanların xüsusi çəkisinin getdikcə artmasıdır. 
Hazırda Rusiyada avanturistlər partiyası böyüməkdədir və onun diktəsi Kremlin siyasətinə təsir göstərir.

Bizə qoşulun