Ötən il Azərbaycanda ad, soyad və ata adını dəyişdirənlərin sayı məlum olub.
Ədliyyə Nazirliyindən “Yeni Sabah”ın sorğusuna cavab olaraq bildirilib ki, 2025-ci ildə qeydiyyat orqanları tərəfindən ümumilikdə 2723 şəxs barəsində adın, soyadın və ata adının dəyişdirilməsi haqqında akt qeydi tərtib olunub.
Onlardan 917 nəfər yalnız adını dəyişib. Nazirlikdən bildirilib ki, 1383 nəfər soyadını dəyişmək üçün müraciət edib.
Bundan başqa, 5 nəfər ata adından imtina edib və ya onu dəyişdirib.
Rəqəmlər göstərir ki, ötən il ən çox dəyişdirilən şəxsiyyət məlumatı soyad olub. Ata adının dəyişdirilməsi isə nadir hallarda baş verib.
Qeyd edək ki, ad, soyad və ata adının dəyişdirilməsi “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında” qanuna əsasən həyata keçirilir və bunun üçün müvafiq dövlət rüsumu ödənilir.
Xatırladaq ki, 2024-cü ildə Azərbaycanda 2667 şəxs soyadını, adını və ya ata adını dəyişmişdi.