Medianews.az
25 milyard kilometr gedib, hələ də gedir...
130 baxış

25 milyard kilometr gedib, hələ də gedir...

2026-cı il həm də bəşəriyyətin kosmosun fəthində yaddaqalan bir il olacaq. Belə ki, bu ilin sonuna yaxın, yəqin ki, noyabr ayında kosmologiya tarixində və eləcə də ümumi elm tarixində maraqlı bir hadisənin şahidi olacağıq. “Voyager 1” peyki Yer kürəsindən tam bir işıq günü məsafəsini ötəcəkdir.

1977-ci ildə ABŞ kosmik agentliyi “NASA” tərəfindən kosmosa göndərilmiş “Voyager 1” peyki hazırda insan əliylə düzədilmiş və Yer kürəsindən ən uzaq məsafəyə qədər uzaqlaşmış tək obyektdir. O, ulduzlararası fəzada səyahətinə davam edir, ucsuz-bucaqsız kainatın dərinliklərinə doğru irəliləməkdədədir. Hələ də Yer kürəsinə məlumat ötürmə iqtidarında olan bu qurğu hal-hazırda 25 milyard yarım km məsafə qət etmişdir. 2012-ci ildə o, heliosferdən çıxaraq ulduzlararası fəzaya daxil ola bilmişdir. Yuri Qaqarinin kosmosu fəthindən indiyə qədər Yerdən uçurdulmuş minlərlə peyk, zond, rover, aparatın yalnız 5 dənəsi interstellar məkana qədər gedib çıxa bilib. Onların da 3-lə əlaqə tam kəsilib.

50 yaşlı qoca “Voyager 1”-in göyərtəsində elmi-texniki cihazlardan əlavə bir də “Qızıl Plastinka” yerləşdirilib. Bu qızılı val kosmik gəminin yerdənkənar varlıqlarla qarşılaşacağı halda onlara Yer kürəsindəki bəşər sivilizasiyasını tanıtmaq üçün nəzərdə tutulub. Kiçik yaddaşda bəşəriyyəti və onun nailiyyətlərini tanıtmaq üçün plastinkaya bir neçə dünya dillərində salamlama, Baxın, Bethovenin, Starvinskinin bəstələri, gürcülərin çakrulosu, bolqarların xalq musiqisi, amerikalıların bluzu, azərbaycanlıların balaban ifası; vulkan, zəlzələ gurultusu, yağış-külək səsləri, daş-dəmir alətlərinin taqqıltısı; quş, meymun, fil, balina səsləri, it hürməsi, qoyun mələməsi; traktor, maşın, avtobus səsləri; ürək döyüntüsu, ayaq addımlarının səsi, gülüş səsi; kimyəvi təriflər, düsturlar, fiziki vahidlər, DNT-in quruluş, hüceyrə bölünməsi, insan orqanlarının, yumurtahüceyrə mayalanması, doğuş və ananın körpəsini əmizdirmə şəkli, ailə portreti, sinif otağında uşaqların şəkli, qum, çimərlik, gül-çiçək, qar dənəcikləri, payızda tökülən xəzəlin və s. şəkilləri yazılmışdır.

Qızılı plastinkanın dünyada bir neçə orijinal kopyası və duplikatları mövcuddur. Onlardan birini görmək üçün mən bir neçə il əvvəl Almaniyada, Frankfurt şəhərində yerləşən “Kommunikasiya” muzeyini ziyarət etmişdim. Təəssüf ki, xüsusi baxım tələb edən həmin valı sərgidən həmişəlik yığışdırmışdılar.

Beləliklə, noyabr ayından başlayaraq “Voyager 1”-lə əlaqə saxlamaq üçün tam bir sutka vaxt lazım gələcək. Peykin göndərdiyi siqnal Yer kürəsinə 24 saat sonra çatacaq. Müqayisə üçün Günəş şüalarının bizə çatması üçün 8 dəqiqə lazımdır. Bununla belə interqalaktik məsafələrlə müqayisədə 1 işıq günü bir heçdir. Təsəvvür edin ki, ən yaxın ulduza çatmaq üçün 50 il yol gedən “Voyager 1” 40 min il də beləcə yol getməlidir. Bizim Südyolu qalaktikamızdan çıxmaq üçün 2 milyard il, qonşu Andromedaya çatmaq üçün nə az, nə çox, 44 milyard il vaxt lazımdır. O vaxta qədər isə nəinki bizim qalaktika, bütün kainat əbədi qaranlıq sükuta qərq olacaq.

Niyyət Bayramzadə,
Mənbə: Daha.az

Bizə qoşulun