Medianews.az
Niyə Azərbaycan vətəndaşları haqqında bu məlumat Ermənistanın əlində olsun ki?
258 baxış

Niyə Azərbaycan vətəndaşları haqqında bu məlumat Ermənistanın əlində olsun ki?

“Zəngəzur dəhlizindən keçərkən biz sənədlərimizi nəinki Ermənistan məmurlarına göstərməli deyilik, həm də bu sənədlərin elektron qaydada skan edilməsinə razılaşmalı deyilik”. Siyasətçi İlqar Məmmədov Medianews.az-a açıqlamasında belə deyib. O, xatırladıb: “Bu yaxınlarda Ermənistanın baş naziri Nikol Paşinyan demişdi ki, bizim sərhədçiləri görmək istəmirsinizsə, elektron keçid sistemləri düzəldə bilərik – pasportları orda skan elətdirib keçin. Amma bu, Ermənistan dövlətinə bizim vətəndaşlar haqqında kütləvi məlumat toplamaq imkanı yaradar. Həmin məlumatların isə strateji təhlükəsizlik əhəmiyyəti var, xüsusilə məlumat bazalarının süni intellektlə təhlil olunması imkanları genişləndikcə. İş şəxsən kiminsə nə zaman, neçə dəfə və s. daxili səfər etməsində deyil. Halbuki bu da hər hansı vətəndaşımız üçün ayrıca şəxsən həssas məlumat ola bilər. Niyə bu məlumat Ermənistan dövlətinin əlində olsun ki? Söhbət daha çox kütləvi məlumatın təhlilindən gedir. Kütləvi data əldə etməkdən ötrü böyük qlobal korporasiyalar illərdir əmək sərf eləyib istifadəçilərə min cür xidmət göstərir. Biz niyə öz əhalimiz, onun vərdiş, xüsusiyyətləri və hərəkətləri haqqında bu çox dəyərli məlumatları boş-boşuna Ermənistana təqdim edək? Düzdür, hazırda İran bu məlumatları toplayır. Çünki hələlik təkcə oradan keçməklə Naxçıvana gedib-gəlmək olur. Amma diplomatiyamız İranla da bu söhbəti açmalıdır – o mənada ki, Zəngəzur dəhlizi haqqında Azərbaycan-Ermənistan anlaşmasına kənardan əlavə şərtlər irəli sürməklə Tehran istəsə də, istəməsə də, vətəndaşlarımız haqqında məlumatların toplanması işində imtiyazlı mövqedə qalmaq uğrunda çalışan kimi görünür. Yəni rəsmi Tehran işin bu tərəfini də nəzərə alsa yaxşıdır. Ümumiyyətlə, məlumat bazasının təhlili süni intellektin imkanları genişləndikcə daha da aktuallaşır. Bir neçə həftə əvvəl Putin də fərman imzalayaraq Rusiya sərhədini keçən bütün xarici vətəndaşların rəqəmsal profilinin yaradılmasını əmr etdi. Bu rəqəmsal profil ilk öncə pasport məlumatlarına əsaslansa da, tezliklə daha geniş məlumat bazası ilə inteqrasiya olunaraq ən müxtəlif təhlil və əməliyyatlar üçün istifadə oluna bilər. Bir sözlə, Ermənistan bolşeviklərin 1920-ci illərdəki sərhəd hoqqasından XXI əsrdə Azərbaycan vətəndaşları və dövləti üzərində rəqəmsal üstünlük qazanmamalıdır”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun