Medianews.az
İki dövlətli federativ İran Azərbaycanın maraqlarına <span style=color:red>uyğundurmu?
1,846 baxış

İki dövlətli federativ İran Azərbaycanın maraqlarına uyğundurmu?

İranda dəyişiklikləri qaçılmaz edəcək xarici və daxili faktor hər ötən gün güclənməkdədir. ABŞ, Almaniya, Böyük Britaniya və Fransa İranın sanksiyalardan yayınmasına imkan verəcək razılaşmanın əldə olunması üçün Tehrana avqust ayının sonuna kimi vaxt veriblər. Əgər bu müddət ərzində razılıq əldə olunmazsa, İrana qarşı BMT Təhlükəsizlik Şurasının sanksiyaları yenidən işə düşəcək. Bu isə ağır sosial-iqtisadi böhranın dərinləşərək sosial partlayışla nəticələnməsinə səbəb olacaq. İranın gələcəyi ilə bağlı ən çox ehtimal olunan ssenari mərkəzi hökumətin tədricən zəifləyərək dağılması və paralel olaraq mərkəzdənqaçmanın başlanmasıdır. Əksər ekspertlər məhz bu ehtimala daha çox üstünlük verirlər. Məsələn, Avstriyanın keçmiş xarici işlər naziri, hazırda Sankt-Peterburq Dövlət Universitetinin G.O.R.K.I (Geopolitical Observatory for Russia's Key Issues) Mərkəzinin rəhbəri Karin Knaysl hesab edir ki, İranın xaosa sürüklənməsi qaçılmaz olacaq. Xarici ekspertlərin İranda rejim dəyişikliyi ehtimalı haqqında 90 faizlik ehtimalla danışmağa başladıqları bir zamanda belə bir vəziyyətin yaranacağı halda İranın ərazi bütövlüyünü və sərhədlərinin toxunulmazlığını qorumaq təşəbbüsləri indidən başlayıb. İranın sonuncu şahının oğlu Rza Pəhləvi Qərbin siyasi mərkəzlərində görüş keçirir və dəyişikliklərin başlayacağı təqdirdə keçid dövrü ilə bağlı müzakirələr aparır. Bir zamanlar İranın ən nüfuzlu dini liderlərindən olmuş Kazım Şəriətmədarinin oğlu və hazırda İran Respublikaçılar İttifaqının idarə heyətinin üzvü Həsən Şəriətmədarinin də əsas məqsədi İranın bütövlüyünü qorumaqdır. Keçid Dövründə İdarəetmə Şurası adlı qurumun da baş katibi olan Şəriətmədari bunun üçün İranın Almaniya kimi federativ dövlətə çevrilməsini təklif edir. Şəriətmədariyə görə, mövcud əyalətlərin hüquq və səlahiyyətlərini artırmaqla İranı Almaniya kimi federativ dövlətə çevirmək olar. Haşiyə çıxaraq qeyd etmək istərdim ki, Türkiyədə də əyalət sisteminə keçidlə bağlı çağırışlar artmaqdadır. Ancaq bu, çox yanlış yanaşmadır. İstər İran, istərsə də Türkiyə üçün Almaniya tipli federativ sistem uyğun deyil. Birincisi, Almaniyada federativ sistem uzun müddətli tarixi prosesin məhsuludur və təbii yolla yaranıb. Ən əsası isə Almaniyada bütün əyalətləri birləşdirən vahid kimlik mövcuddur. İranda vahid kimlik dağıldığı, əvəzində milli kimlik önə çıxdığı üçün Almaniya tipli federativ dövlət yaşarlı ola bilməz. İranın unitarlığını qorumasının mümkün olmayacağını, əyalət tipli federasiyanın yaşarlı ola bilməyəcəyini nəzərə alan, eyni zamanda İranın parçalanmasının domino effekti verərək Avrasiyada ən azı 8-10 dövlətin bütövlüyünün pozulmasına səbəb olacaq prosesi başladacağından ehtiyatlanan beyin mərkəzlərində İranın iki dövlətli federasiyaya çevrilməsi yaranacaq vəziyyətdən ən müqabil çıxış yolu hesab edilir. Bu ideyanı dəstəkləyənlər fikirlərini gücləndirmək üçün azərbaycanlılar (Azərbaycan türkləri) və farslar istisna olmaqla digər xalqların dövlətçilik ənənələrinin yoxluğunu və milli dövlət qurmaq üçün tam formalaşmış siyasi millət olmadıqlarını irəli sürülür. Qeyd edək ki, bu fikirlər əsassız deyil. Prezident Məsud Pezeşkianın Azərbaycan vilayətlərində türk dilində tədris ideyası da əslində İranın tədricən iki dövlətli federasiyaya çevrilməsinə səbəb olacaq. İstisna deyil ki, İranın iki dövlətli federasiyaya çevrilməsi ideyasının yaranmasında Məsud Pezeşkianın milli kimliyini qabartmaqla prezident seçilməsi və ölkədə tədrisin iki dilli sistemə keçirilməsi təşəbbüsü tətikləyici amil olub. Qənaətimcə, İranın iki dövlətli federasiyaya çevrilməsi çox böyük ölçüdə Güney Azərbaycanın həyati əhəmiyyətli maraqlarına cavab verir. Birincisi, azərbaycanlıların yaradacağı, paytaxtı Təbriz və şərti adı Güney Azərbaycan Respublikası İranda yaranacaq iki dövlətdən biri olacağı üçün bu soydaşlarımızın milli dövlətlərinə sahib olmasını təmin etməklə yanaşı, etnik müstəvidə və ərazi iddiaları səbəbindən yarana biləcək münaqişələrindən yayınmalarını təmin edə bilər. İkincisi, İranın iki dövlətli federasiyaya çevrilməsi Güney Azərbaycana Tehran, Qum və Ərak (Sultanabad) kimi böyük şəhərlərdəki Azərbaycan varlığını və təsirini qorumağa imkan verər. Üçüncüsü, iki dövlətli federasiya İran coğrafiyasında son minillik ərzində yaranmış münasibətləri də qoruyub saxlamağa imkan verə bilər. Dördüncü, Güney Azərbaycan iki dövlətli federasiyaya çevrilən İran coğrafiyasının təbii resurslarından və logistik imkanlarından istifadə imkanlarını saxlamaqla inkişaf üçün əlavə fürsətlər qazanar. Paytaxtı Təbriz olacaq Güney Azərbaycanın federativ dövlətin tərkibində olsa da dövlətə çevrilməsi Azərbaycan Respublikasının da həyati əhəmiyyətli maraqlarına böyük ölçüdə cavab verir. Güney Azərbaycanın yaranması ilə Azərbaycan Respublikası İrandan gələ biləcək təhlükələrdən tam xilas olmaqla yanaşı, İranın siyasətinin müəyyən olunmasında iştirak imkanı qazanmaqla çox ciddi gücə yiyələnə bilər. İranın iki dövlətli federasiyaya çevrilməsi Güney Azərbaycanın və Azərbaycan Respublikasının həyati əhəmiyyətli maraqlarına əsasən cavab versə də, Azərbaycan xalqının maraqlarına tam uyğun deyil. Birincisi, bu halda qüdrətli Azərbaycan dövləti yaranması ən azından daha bir neçə onilliyə təxirə düşər. İkincisi, qardaş dövlətlərin fərqli maraqları ola bilir və bəzən də bu maraqlar bir-birinə qarşı olduğu üçün ziddiyyətlərə də səbəb olur. ABŞ, Avstraliya, Böyük Britaniya, Kanada və Yeni Zelandiya ingilis xalqının, İrlandiya və Şimali İrlandiya isə irland xalqının qurduğu dövlətlər olsa da, bəzən maraqları üst-üstə düşmür və ziddiyyətə səbəb olur. İrlandiya və Şimali İrlandiya arasındakı vəziyyət Azərbaycan Respublikası ilə Güney Azərbaycan arasında yarana biləcək problemlərlə bağlı bizi indidən düşünməyə vadar etməlidir. Qənaətimcə, bugünkü nəsillər fədakarlığı gələcək nəsillərə buraxmamalı, bütün risk və çağırışlara baxmayaraq Bütöv Azərbaycanın yaranması üzrə səfərbər olmalıdırlar. Ancaq o da hiss olunur ki, bütöv Azərbaycan ideyasının Güneyli-Quzeyli bütün Azərbaycanı əhatə etməsi üçün əlavə fikir və ideyaya ehtiyac var. Elə bir ideya lazımdır ki, Güneyli-Quzeyli bütün Azərbaycanı bütöv bir orqanizm kimi həyəcanlandıraraq onu fədakarlıqlara sövq etsin. Böyük hədəflər böyük fədakarlıqlar olmadan da qazanıla bilməz. Xaqani Cəfərli, politoloq

Bizə qoşulun