Medianews.az
Türkiyə sülh sazişini və Zəngəzur dəhlizinin açılmasını səbirsizliklə gözləyir - <span style=color:red>Politoloq
195 baxış

Türkiyə sülh sazişini və Zəngəzur dəhlizinin açılmasını səbirsizliklə gözləyir - Politoloq

Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə konstruktiv görüşü ilə terrorçu PKK-nın silahları təhvil verməsi arasında birbaşa əlaqəsi olmasa da, hər iki hadisə Türkiyənin bölgədə artan rolundan xəbər verir. Ermənistanın baş naziri Nikol Paşinyanın ötən günlərdə Türkiyəyə səfəri və İstanbulda Prezident Rəcəb Tayyib Ərdoğanla qapalı görüşdə nələrin müzakirə edildiyi açıqlanmasa da, məhz bu səfərdən sonra maraqlı hadisələr cərəyan etməyə başladı. Birincisi, Paşinyan Kremlin dəstək verdiyi radikal müxalifət, kilsə və Rusiyaya bağlı iş adamları ilə mübarizəni sərtləşdirdi. Paşinyan bu qüvvələrin ona qarşı çevriliş planını faş etdi. Bundan sonra Azərbaycan və Ermənistan liderlərinin iyulun sonunda Əbu-Dabidə görüşəcəkləriylə bağlı xəbər yayıldı. Maraqlıdır ki, liderlər iyulun sonunu gözləmədilər. Doğru qərar idi, çünki Kreml Ermənistan və Azərbaycan əleyhinə pozuculuq fəaliyyətini genişləndirib. Zaman itkisinə yol vermək olmaz. Türkiyənin Rusiya ilə normal dialoqu olsa da, Ankara Bakı və İrəvan kimi Moskvanın Cənubi Qafqazda təsir imkanlarının azalmasında maraqlıdır. Türkiyə Ermənistanın Azərbaycanla sülh sazişi imzalayacağı günü və Zəngəzur dəhlizinin açılmasını səbirsizliklə gözləyir. Bu Türkiyənin Ermənistanla sərhədin açılmasına, diplomatik münasibətlərin qurulmasına və Cənubi Qafqazda daha da möhkəmlənməsinə şərait yaradacaq. Bu arada PKK terrorçularının silahları təhvil verməyə başlaması Türkiyəni 40 ildir məşğul edən əsas problemdən qurtulmasına imkan verəcək. Bu prosesi pozmaq istəyənlər kənar qüvvələr olsa da, terror Türkiyənin gündəmindən çıxmaq üzrədir. PKK-dan Türkiyəyə qarşı daha kimlər istifadə etmədi ki?.. Rusiya, ABŞ, Yunanıstan, Fransa, Almaniya, İran, hətta Ermənistan imkanları daxilində PKK-nın ayaqda durmasına dəstək verdilər. Ankara terrorçuları tərksilah etməklə həmin dövlətlərin Türkiyə əleyhinə istifadə etdiyi aləti əllərindən almış olacaq. Elxan Şahinoğlu, politoloq

Bizə qoşulun