Medianews.az
“Elnurdan sonra nə mən, nə də ata-anası Zəngilana getdi, bizim üçün çox ağırdır” -<span style=color:red> FOTO
375 baxış

“Elnurdan sonra nə mən, nə də ata-anası Zəngilana getdi, bizim üçün çox ağırdır” - FOTO

Tanınmış idman jurnalisti, Azərbaycan Cüdo Federasiyasının Baş katibinin müavini Elnur Əşrəfoğlunun həyat yoldaşı İlahə Şükürova Medianews.az-ın suallarını cavablandırıb. - İlahə xanım, Elnurun ən böyük arzularından biri işğaldan sonra doğma torpağı Zəngilana getmək, hətta orada futbol komandası yaratmaq idi. Düşünürsünüzmü artıq Zəngilanda həmin futbol komandasını yaratmağın vaxtıdır? - Düz qeyd edirsiniz, Elnurun Zəngilanla bağlı bir neçə arzuları var idi. Onların ən birincisi və onun üçün ən önəmlisi orada futbol komandası yaratmaq idi. Kaş siz görərdiniz o bu haqda necə həvəslə danışırdı. Orada stadion açmasından, oyunlar təşkil etməsindən və s. Çox təəsüf ki, alınmadı. Bir də çox həvəsli idi ki, Zəngilanda yerli televiziya kanalı yaratsın. Əlbəttə, istərdim ki, Zəngilanda futbol komandası yaradılsın. Bu azda olsa Elnurun adını yaşatmaq deməkdir. - Siz Elnurdan sonra Zəngilana getmisiniz? - Zəngilanda evlərindən demək olar ki, heçnə qalmayıb. Mən Elnurdan sonra Zəngilana getməmişəm, cünki onsuz oralara getmək mənim üçün çox çətindir. Elnurun anası və atası yaşlı, dərdli adamlardır, onlar da getmək istəmirlər. Elnursuz ora qayıtmaq onlar üçün də çox çətindir. - Oğlunuz Mətini də fubtolçu kimi görmək ən böyük arzularından biri idi... - Mətini 4 yaşından futbola aparırdı. O qədər ağır iş rejiminə baxmayaraq gəlib onu futbola çatdırırdı. Hər baxımdan Mətini öz davamçısı kimi görmək istəyirdi. Mən də Elnurun istəyini davam etdirirəm, Mətini futbola qoyuram. Uşaq Topçu futbol komandası var, orada qapıçı kimi oynayır. - Elnurun dostu-tanışı çox idi. Elnurdan sonra ona vəfalı çıxan dostları çox oldu yoxsa vəfasız? - Elnurun bir çox dostları var ki, çox vəfalı insanlardır. Onlardan Çingiz Əhmədov, Bəhram Bağırzadə, İman Məcidov, İlkin Xəlilov, Sənan Şəfizadə, Taryel Mustafayev, İsfəndiyar qardaşımız hər daim Elnurun anım günlərində bizimlə bərabər olurlar. Mənimlə, övladlarımla maraqlanırlar. Bu mənəvi dəstək bizim üçün çox önəmlidir. Bunun üçün hər birinə öz dərin təşəkkürümü bildirirəm. - Sizcə hazırda ölkədə idman jurnalistikası hansı səviyyədədir? İnkişaf edir yoxsa əksinə? - Elnurun yeri idman jurnalistikasında hər daim görünür, onun çılğın reportajları, daim yeniliklərlə efirə cıxması və s. hələ də göz önümdədir. O ki, qaldı hazırki dönəmə.. Əlbəttə ki, istedadlı cavanlarımız çoxdur. İdmanımızda durğunluq olsa da, jurnalistlərimiz öz üzərində işləyirlər. - Elnurun ölümündən sonra onun haqda eşitdiyiniz, indiyə qədər bilmədiyiniz hansısa fakt olubmu? - Elnurun bir xüsusiyyəti vardı, o evdən kənar olan şeyləri danışmazdı. Mən Elnurun ölümündən sonra, telefonundan bildim ki, nə qədər insanlara maddi dəstək göstərib. Amma bu elədiklərini heç mənim də yanımda deməyib. Çox mərhəmətli insan idi.. Çox böyük arzumdur ki, Elnurun bütün yaxşılıqları övladlarımızın qarşısına çıxsın. - Elnur koronavirus səbəbindən dünyasını dəyişdi.. Kovidə yoluxduğunu biləndə reaksiyası necə oldu? - Kovid analizi təsdiqlənəndə çox pis oldu, bir anda elə bil həyatı söndü. İnanırsınız bu insan o qədər övladlarına bağlı insan idi ki, bu xəstəlikdən sonra onları da eşitmirdi. Telefonu, televizoru söndürüb, saatlarla yatırdı, durub yemək belə yemirdi. Reanimasiyaya düşməzdən bir gün öncə soruşdum ki, sənin üçün nə hazırlayıb göndərim?! Dedi ki, sənin plovundan istəyirəm, hazırla göndər. Mən də göndərmişdim. Aparata qoşulmuşdu. Mənə yazdı ki, narahat olma yedim. Daha sonra yazdı ki, məni reanimasiyaya aparırlar. Dedim ki, bilirəm, get sənin qanını təmizləyəcəklər, hər şey yaxşı olacaq. Sonuncu dəfə vatsap statusuna səmadan Məkkənin görünüşünü yerləşdirmişdi. Mən ixtisasca həkiməm. Dəfələrlə oturub fikirləşirəm ki, kaş həkim olmazdım. Mən Elnur üçün heç nə edə bilmədim. Onun acısını heç bir şeylə müqayisə edə bilmirəm. Əli Əsgər, Medianews.az

Bizə qoşulun