Medianews.az
Turist gəlişində və azərbaycanlıların xaricə səfərində sönük göstəricilər – <span style=color:red>Ekspert nə deyir?
243 baxış

Turist gəlişində və azərbaycanlıların xaricə səfərində sönük göstəricilər – Ekspert nə deyir?

Dövlət Sərhəd Xidmətinin hesabatına görə, yanvar-aprel aylarında Azərbaycana 735,8 min nəfər əcnəbi gəlib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə cəmi 1,3 faiz çoxdur. Gələnlərin 24,2 faizinin Rusiya, 18 faizinin Türkiyə, 11 faizinin Hindistan, 9 faizinin İran, 4,7 faizinin Gürcüstan, 3,6 faizinin Qazaxıstan, qalan hissəsinin başqa ölkələrin vətəndaşları olduğu bildirilir. Açıqlamada o da qeyd olunur ki, dörd ayda xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayı 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 0,9 faiz azalaraq 632,7 min nəfərə düşüb. Əsas ziyarət ünvanları kimi 36,1 faizlə Türkiyə, 16,1 faizlə Rusiya, 11,1 faizlə Gürcüstan, 11 faizlə İran göstərilir. Turist gəlişində və xaricə səfərdə sönük göstəricilər nələrdən doğur? 2020-ci il martın 31-dən quru sərhədlərin qapalı olması turizm göstəricilərinə nə qədər təsir edir? Niyə Azərbaycana uzaq xaricdən az gəlirlər və ölkə vətəndaşları da daha çox yaxın ölkələrə üz tuturlar? Medianews.az-ın suallarını cavablandıran turizm eksperti Ceyhun Aşurov bildirib ki, ilin ilk üç-dörd ayı turizm baxımından həmişə nisbətən zəif dövr sayılır: “Şübhəsiz, quru sərhədlərimizin bağlı olması buna əlavə təsirini də göstərir. Quru sərhədlər açıq olanda xüsusilə sərhədyanı ölkələrdən Azərbaycana giriş-çıxışlar daha çox idi. Eyni zamanda Azərbaycan vətəndaşları sərhədyanı ölkələrə daha çox səfər edirdilər”. 2025-ci ilin yanvar-aprel aylarında Körfəz ölkələrindən Azərbaycana gələn turistlərin sayının 3.4 faiz azaldığını söyləyən C.Aşurov bildirib ki, bu, əsasən əvvəlki dövrlərlə müqayisədə Körfəz ölkələri vətəndaşlarının Qərb dövlətlərinə viza alması məsələsində müəyyən çətinliklərin aradan qalxması ilə bağlıdır: “Bu fonda Azərbaycana gələnlərin sayında müəyyən qədər passivliyin müşahidə edilməsi başadüşüləndir. Amma Azərbaycana digər dövlətlərdən gələnlərin sayında artımlar da var. Məsələn, Çin, Mərkəzi Asiya ölkələrini göstərmək olar. Lakin turizm baxımından aktiv mövsüm hələ qarşıdadır. Ümid edirik ki, bu mövsümdə biz daha fəal turist axını müşahidə edəcəyik. Düşünürəm ki, qarşıdan gələn dövrlərdə fəallıq bərpa olunacaq, Azərbaycana müxtəlif ölkələrdən daha çox turist gələcək. Hindistanla Pakistan arasında yaranmış gərginliklə əlaqədar bu ölkələrdən gələnlərin sayında qısa müddətə kəskin azalma oldu. Ümid edək ki, gələcəkdə münasibətlər tənzimlənəcək və birbaşa uçuşların bərpası sayəsində turist sayının da bərpa olunduğunu müşahidə edəcəyik”. 2025-ci ilin dörd ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının sayının ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azalmasına toxunan C.Aşurov qeyd edib ki, quru sərhədlər qapalı olduğundan insanlar xaricə ancaq təyyarə ilə gedirlər, bu isə maddi cəhətdən elə də ucuz başa gəlmir: “Ona görə bir çox insan yalnız zəruri hallarda xaricə səfər edir. Gözləmədə olanlar da var. Məsələn, düşünürlər ki, ən azı Azərbaycandan Gürcüstana sərnişin qatarları işə düşəcək, ona görə bəzi səyahətləri hələlik təxirə salıb gözəyirlər. Dəmiryol qiymətlərinin təyyarə reysləri ilə müqayisədə daha əlverişli olduğunu nəzərə alsaq bu gözləmənin məntiqini anlamaq çətin deyil”. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun