Medianews.az
Azərbaycan iqtisadiyyatı üçün qızıl fürsət – <span style=color:red>2 milyard dollar gəlir
345 baxış

Azərbaycan iqtisadiyyatı üçün qızıl fürsət – 2 milyard dollar gəlir

Çinlə vizanın ləğv edilməsindən sonra Azərbaycana daha çox çinli turistin gələcəyi gözlənilir. Çin vətəndaşlarının xaricə səyahət statistikası göstərir ki, az sayda belə çinli turist bir ölkə üçün böyük iqtisadi imkan yarada bilər. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, 150 milyon çinli turistin cəmi 1 faizi Azərbaycana gəlsə, bu, turizm sektorunun inkişafına və ölkə iqtisadiyyatına 1,5–2,25 milyard dollar gəlir gətirə bilər. Azərbaycan 1,5 milyon çinli turisti qarşılamaq və bu fürsətdən faydalanmaq üçün infrastruktur və xidmət baxımından yetərincə hazırdırmı? Medianews.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, Çin turistləri dünyada ən çox arzulanan turistlərdir, çünki onların sayı çoxdur və ziyarət etdikləri ölkələrdə əhəmiyyətli miqdarda pul xərcləyirlər: “Bu səbəbdən Azərbaycan üçün bu bazardan pay almaq müsbət bir inkişafdır. Lakin birdən-birə 1 milyondan çox turist qəbul etmək ölkə üçün çətin ola bilər. Ən azı bunun üçün uyğun təyyarə reysləri olmalıdır. Hər gün ən azı 10-15 təyyarə reysi olmalıdır Çinə. Hal-hazırda bu qədər reys mövcud deyil. Ona görə də reys sayı artırılmalı və təyyarə biletlərinin qiymətləri cəlbedici olmalıdır. Bu şərtlər daxilində daha çox çinli turistin ölkəyə gəlməsi mümkündür." Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis-iqtisadçı Asif İbrahimov da fikirlərini saytımızla bölüşüb. Onun sözlərinə görə, bu məsələnin Azərbaycan iqtisadiyyatına müsbət töhfə verəcəyi gözlənilir: “Dünyanın bir çox ölkələri Çinli turistləri cəlb etmək istiqamətində müəyyən addımlar atmışdır. Çünki Çinli turistlər gedəcəkləri ölkələrə iqtisadi töhfə verə bilirlər. Eyni zamanda, Azərbaycan da Çinli turistlərin cəlb edilməsi və Çinli investorların rahat şəkildə Azərbaycana gəlməsi, investisiya yatırmaları üçün şərait yaratmağa hədəflənirdi. Bu məsələnin həm müsbət, həm də mənfi tərəfləri mövcuddur. Bilirsiniz ki, Çinli vətəndaşlar yalnız turizm məqsədilə deyil, həm də iş məqsədilə çoxsaylı ölkələrə səfərlər edirlər. Lakin bu səyahətlər, bəzi ölkələrdə ucuz işçi qüvvəsinin həmin ölkələrə yayılması məsələsini gündəmə gətirir. Məsələn, Çin hökuməti müəyyən bir məbləğdə vəsait ayıraraq Çinli vətəndaşların başqa ölkələrdə fəaliyyət göstərməsini təmin edir. Bu da öz növbəsində müəyyən tərəfləri olan bir yanaşmadır”. Ekspert qeyd etdi ki, bu istiqamətdə Azərbaycanda ediləcək bir neçə mühüm işlər var: “Məsələn, otellərin tutumu pandemiyaya qədər 30-35 min insanı eyni anda qəbul edə bilirdi. Pandemiya dövründə isə yeni otellərin və ictimai iaşə obyektlərinin sayı artırıldı. Lakin bu sahədə daha çox inkişaf lazımdır. İnfrastrukturun inkişafı vacibdir və bir çox ölkələr bu təkamül yolu ilə irəliləyir. Turist axını artdıqca, ona uyğun olaraq infrastrukturun qurulması həyata keçirilir. Əlavə olaraq ictimai iaşə obyektlərimizin fəaliyyətini beynəlxalq standartlara uyğunlaşdırmalıyıq. Dünya praktikasında tətbiq edilən beynəlxalq standartların turizm sektoruna tətbiq edilməsi vacibdir. Əvvəlkindən daha ucuz, yaxşı və keyfiyyətli xidmətin əlçatanlığını təmin etməliyik”. Oğuz Ayvaz, Medianews.az Qeyd: Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq “Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi” mövzusunda hazırlanıb.

Bizə qoşulun