29.04.2025, 08:27
460 baxış
Azad
“Heydərbabaya salam” poeması – TAM MƏTN
Aprelin 28-də Bakıda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkianın Heydər Əliyev Mərkəzində keçirilən Azərbaycan-İran biznes-forumunda çıxışını ustad şair Məhəmmədhüseyn Şəhriyarın “Heydərbabaya salam” poemasından iki bənd söyləməklə tamamlaması geniş əks-səda doğurub.
Medianews.az bunu nəzərə alaraq “Heydərbabaya salam” poemasını tam həcmdə oxucuların diqqətinə çatdırır.
Xatırladaq ki, şairin 1950-ci illərin birinci yarısında Azərbaycan dilində qələmə aldığı poema iki hissədən ibarətdir. Şair birinci hissəni Tehranda, ikinci hissəni Təbrizdə yazıb. Poema ilk dəfə 1954-cü ildə Təbrizdə nəşr olunub.
1906-cı ildə Təbrizdə doğulub boya-başa çatan, Azərbaycan dilində təhsil verən məktəb olmadığı üçün təhsilini fars dilində alan, gənc yaşlarından farsca şeirlər yazan Şəhriyara bir gün anası belə deyib: “Oğlum, analar dilsiz uşaqlarını belə, dilindən anlayırlar. Sən şeirlərini hansı dildə yazırsan ki, mən onlardan bir şey anlamıram?”
Bu sözlər şairə bərk təsir edib, çox keçməyib “Heydərbabaya salam” ərsəyə gəlib. Heydərbaba dağ adıdır. Şəhriyarın uşaqlığı Heydərbaba dağının ətəklərində keçib. Poema şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, bütöv Vətən haqqında dastan kimi oxunur.
Xüsusi qeyd: Medianews.az poemanın Prezident Məsud Pezeşkianın söylədiyi iki bəndini mətndə kursivlə seçdirib.
BİRİNCİ HİSSƏ
Heydərbaba, ildırımlar şaxanda,
Sellər, sular şaqqıldayıb axanda,
Qızlar ona səf bağlayıb baxanda,
Salam olsun şövkətizə, elizə,
Mənim də bir adım gəlsin dilizə.
Heydərbaba, kəkliklərin uçanda,
Göl dibindən dovşan qalxıb qaçanda,
Bağçaların çiçəklənib açanda,
Bizdən də bir mümkün olsa, yad elə,
Açılmayan ürəkləri şad elə.
Bayram yeli çardaqları yıxanda,
Novruzgülü, qarçiçəyi çıxanda,
Ağ buludlar köynəklərin sıxanda,
Bizdən də bir yad eləyən sağ olsun,
Dərdlərimiz qoy dikəlsin dağ olsun.
Məmmədhüseyn Şəhriyar
Heydərbaba, gün dalını dağlasın,
Üzün gülsün, bulaqların ağlasın,
Uşaqlarun bir dəstə gül bağlasın,
Yel gələndə ver gətirsin bu yana,
Bəlkə mənim yatmış bəxtim oyana.
Heydərbaba, sənin yüzün ağ olsun,
Dörd bir yanın bulaq olsun, bağ olsun,
Bizdən sonra sənin başın sağ olsun,
Dünya qəzov-qədər, ölüm-itimdir,
Dünya boyu oğulsuzdur, yetimdir.
Heydərbaba, yolum səndən kəc oldu,
Ömrüm keçdi, gələmmədim, gec oldu,
Heç bilmədim gözəllərin necoldu,
Bilmez idim döngələr var, dönüm var,
Itginlik var, ayrılık var, ölüm var.
Heydərbaba, igid əmək itirməz,
Ömür keçər, əfsus bərə bitirməz,
Namərd olan ömrü başa yetirməz,
Biz də vallah, unutmarıq sizləri,
Görəmməsək, halal edin bizləri.
Heydərbaba, Mirəjdər səslənəndə,
Kənd içinə səsdən-küydən düşəndə,
Aşıq Rüstəm sazın dilləndirəndə,
Yadındadır, nə hövləsək qaçardım?
Quşlar təkin qanad çalıb uçardım.
Şəngilava yurdu, aşıq alması,
Gahdan gedib orda qonaq qalması,
Daş atması, alma-heyva salması,
Qalıb şirin yuxu kimin yadımda,
Əsər qoyub ruhumda, hər zadımda.
Heydərbaba, Quru gölün qazları,
Gədiklərin sazaq çalan sazları,
Kənd-kövşənin payızları, yazları,
Bir sinema pərdəsidir gözümdə,
Tək oturub, seyr edərəm özüm də.
Heydərbaba, Qaraçəmən cadası,
Çovuşların gələr səsi, sədası,
Kərbəlaya gedənlərin qadası,
Düşsün bu ac yolsuzların gözünə,
Təməddünün uyduq yalan sözünə.
Heydərbaba, şeytan bizi azdırıb,
Məhəbbəti ürəklərdən qazdırıb,
Qara günün sər-nüviştin yazdırıb,
Salıb xalqı bir-birinin canına,
Barışığı bələşdirib qanına.
Göz yaşına baxan olsa, qan axmaz,
Insan olan xəncər belinə taxmaz,
Amma heyif, kor tutduğun buraxmaz,
Behiştimiz cəhənnəm olmaqdadır,
Zilhiccəmiz məhərrəm olmaqdadır.
Xəzan yeli yarpaqları tökəndə,
Bulud dağdan yenib kəndə köçəndə,
Şeyxülislam gözəl səsin çəkəndə,
Nisgilli söz ürəklərə dəyərdi,
Ağaclar da Allaha baş əyərdi.
Daşlı bulaq daş-qumunan dolmasın,
Bağçaları saralmasın, solmasın,
Ordan keçən atlı susuz olmasın,
Deynə bulaq, heyran olsun, axarsan,
Üfüqlərə xumar-xumar baxarsan.
Heydərbaba, dağın daşın sərəsi,
Keklik oxur, dalısında fərəsi,
Quzuların ağı, bozu, qərəsı,
Bir gedəydim dağ-dərələr uzunu,
Oxuyaydım: “Çoban, qaytar quzunu”.
Heydərbaba, Sulu yerin düzündə,
Bulaq qaynar çay-çəmənin gözünde,
Bulaqotu üzər suyun üzündə,
Gözəl quşlar ordan gəlib keçərlər,
Xəlvətləyib bulaqdan su içərlər.
Biçin üstü sünbül biçən oraqlar,
Elə bil ki, zülfü darar daraqlar,
Şikarçılar bildirçini soraqlar,
Biçinçilər ayranların içərlər,
Bihuşlanıb sondan durub biçerler.
Heydərbaba, kəndin günü batanda,
Uşaqların şamın yeyib yatanda,
Ay buluddan çıxıb qaş-göz atanda,
Bizdən də bir sən onlara qissə de,
Qissəmizdə çoxlu qəmü-qüssə de.
Qarı nənə gecə nağıl deyəndə,
Külek qalxıb qapı-bacanı döyəndə,
Qurd keçinin Şəngülüsün yeyəndə,
Mən qayıdıb bir də uşaq olaydım,
Bir gül açıb ondan sonra solaydım.
Əmməcanın bal-bəlləsin yeyərdim,
Sondan durub üst donumu geyərdim,
Bağçalarda tiringəni deyərdim,
Ay özümü o əzdirən günlərim,
Ağac minib, at gəzdirən günlərim.
Həçi xala çayda paltar yuyardı,
Məmmədsadıx damlarını suvardı,
Heç bilməzdik dağdır, daşdır, divardır
Hər yan gəldi, şıllaq atıb aşardıq,
Allah, nə xoş, qəmsiz-qəmsiz yaşardıq.
Şeyxəlislam münacatı deyərdi,
Məşədrəhim ləbbadəni geyərdi,
Məşdəcəli bozbaşları yeyərdi,
Biz xoş idik, heyrat olsun, toy olsun,
Fərq eləməz, hər nolacaq, qoy olsun.
Melikniyaz vərəndilin salardı,
Atın çapıb qıyqacıdan çalardı,
Qırğı təkin gədik başın alardı.
Dolayıya qızlar açıb pəncərə,
Pəncərələrdən nə gözəl mənzərə.
Heydərbaba, kəndin toyun tutanda,
Qız gəlinlər həna, piltə satanda,
Bəy gəlinə damdan alma atanda,
Mənim də o qızlarında gözüm var,
Aşıqların sazlarında sözüm var.
Heydərbaba, bulaqların yarpızı,
Bostanların gülbəsəri, qarpızı,
Çərçilərin ağ nobatı, saqqızı,
Indi də var damağımda, dad verər
Itgin gedən günlərimdən yad verər.
Bayram idi, gecəquşu oxurdu,
Adaxlı qız bəy corabın toxurdu,
Hər kəs şalın bir bacadan soxurdu,
Ay nə gözəl qaydadı şal sallamaq,
Bəy şalına bayramlığın bağlamaq.
Şal istədim mən də evdə ağladım,
Bir şal alıb tez belimə bağladım,
Qulamgilə qaçdım, şalı salladım,
Fatma xala mənə corab bağladı,
Xan nənəmi yada salıb ağladı.
Heydərbaba, Mirzəmmədin bağçası,
Bağçaların turşaşirin alçası,
Gəlinlərin düzmələri, taxçası
Hey düzülər gözlərimin rəfində,
Heyimə vurar xatirələr səfində.
Bayram olub, qızıl palçıq əzərlər,
Naqqış vurub, otaqları bəzərlər,
Taxçalara dizmələri dizərlər
Qız-gəlinin fındıqçası, hənası,
Həvəslənər anası, qaynanası.
Baxıcının sözü-sovu, kağızı
Inəklərin bulaması, ağızı,
Çərşənbənin girdəkanı, mövizi
Qızlar deyər: “Atıl-matıl, çərşənbə,
Ayna təkin bəxtim açıl, çərşənbə”.
Yumurtanı göyçək, güllü boyardıq,
Çaqqışdırıb sınanların soyardıq,
Oynamaqdan bircə məgər doyardıq,
Əli mənə yaşıl aşıq verərdi,
İrza mənə novruzgülü dərərdi.
Novruzəli xərməndə vəl sürərdi,
Gahdan yenib küləşlərin kürərdi,
Dağdan da bir çoban iti hürərdi,
Onda gördün, ulaq ayaq saxladı,
Dağa baxıb qulaqların şaxladı.
Axşambaşı naxırınan gələndə,
Qoduqları çəkib vurardıq bəndə,
Naxır keçib gedib yetəndə kəndə,
Heyvanları çılpaq minib qovardıq,
Söz çıxsaydı, sinə gərib sovardıq. .
Yaz gecəsi çayda sular şarıldar,
Daş qayalar seldə aşıb karıldar,
Qaranlıqda qurdun gözü parıldar,
Itlər gördün, qurdu seçib ulaşdı,
Qurd da gördün, qalxıb gədikdən aşdı.
Qış gecəsi tövlələrin otağı,
Kəndlilərin oturağı, yatağı,
Buxarıda yanar odun yanağı,
Şəbçərəsi, girdəkanı, iydəsi,
Kəndi basar gülüb-danışmaq səsi.
Şüca xaloğlunun Bakı sovqatı,
Damda quran samavarı, söhbəti,
Yadımdadı şəstli qəddi, qaməti,
Cünəmməyin toyu döndü yas oldu,
vənəqızın bəxt aynası kas oldu.
Heydərbaba, Nənəqızın gözləri,
Rəxşəndənin şirin-şirin sözləri,
Türki dedim, oxusunlar özləri,
Bilsinlər ki, adam gedər, ad qalar,
Yaxşı-pisdən ağızda bir dad qalar.
Yaz qabağı gün güneyi döyəndə,
Kənd uşağı qar gülləsin sövəndə,
Kürəkçilər dağda kürək zivəndə,
Mənim ruhum elə bilin ordadır,
Kəklik kimi batıb qalıb, qardadır.
Qarı nənə uzadanda işini,
Gün buludda əyirərdi teşini,
Qurd qocalıb, səkdirəndə dişini,
Sürü qalxıb dolayıdan aşardı,
Baydaların südü aşıb-daşardı.
Həccəsultan əmmə dişin qısardı,
Mollabağır əmoğlu tez mısardı,
Təndir yanıb, tüstü evi basardı,
Çaydanımız ərsin üstə qaynardı,
Qovurğamız sac içində oynardı.
Bostan pozub gətirirdik aşağı,
Doldururduq evdə taxta-tabağı,
Təndirlərdə bişirərdik qabağı,
Özün yeyib, toxumların çırtlardıq,
Çox yeməkdən lap az qala çatlardıq.
Vərziğandan armud satan gelende,
Uşaqların səsi düşərdi kəndə,
Biz də bu yandan eşidib biləndə,
Şıllaq atıb bir qışqırıq salardıq,
Buğda verib armudlardan alardıq.
Mirzə Tağıynan gecə getdik çaya,
Mən baxıram seldə boğulmuş aya,
Birdən ışıq düşdü o tay bağçaya,
“Eyvay!” dedik, “qurddu!”, qayıtdıq, qaçdıq,
Heç bilmədik nə vaxt güllükdən aşdıq.
Heydərbaba, ağaçların ucaldı,
Amma hayıf, cavanların qocaldı,
Toğluların arıqlayıb acaldı,
Kölgə döndü, gün batdı, qaş qarəldi,
Qurdun gözü qaranlıqda bərəldi.
Eşitmişəm yanır Allah çırağı,
Dayır olub məscidizin bulağı,
Rahat olub kəndin evi, uşağı,
Mənsurxanın əli-qolu var olsun,
Harda qalsa, Allah ona yar olsun.
Heydərbaba, Moll’ İbrahim var, ya yox?
Məktəb açar, oxur uşaqlar, ya yox?
Xərmən üstü məktəbi bağlar, ya yox?
Məndən axunda yetirərsən salam,
Ədəbli bir salam malakəlam.
Həci Sultan əmmə gedib Təbrizə
Amma nə Tebriz ki, gələmmir bizə,
Balam, durun qoyaq gedək evimizə,
Ağa öldü, tufağımız dağıldı,
Qoyun olan yad gedibən sağıldı.
Heydərbaba, dünya yalan dünyadı,
Süleymandan, Nuhdan qalan dünyadı,
Oğul doğan, dərdə salan dünyadı,
Hər kimsəyə hər nə verib, alıbdı,
Əflatundan bir quru ad qalıbdı.
Heydərbaba, yaru-yoldaş döndülər,
Bir-bir məni çöldə qoyub, çöndülər,
Çeşmələrim, çıraqlarım söndülər,
Yaman yerdə gün döndü, axşam oldu,
Dünya bizə xarabei-şam oldu.
Emoğluynan gedən gecə Qıpçağa,
Ay ki, çıxdı, atlar gəldi oynağa,
Dırmaşırdıq, dağdan aşırdıq dağa,
Məşməmixan göy atını oynatdı,
Tüfəngini aşırdı, şaqqıldatdı.
Heydərbaba, Qara kolun dərəsi,
Xoşginab’ın yolu, bəndi, bərəsi,
Orda düşər çil kəkliyin fərəsi,
Ordan keçər yurdumuzun özünə,
Biz də keçək yurdumuzun sözünə.
Xoşginabı yaman günə kim salıb?
Seyidlərdən kim qırılıb, kim qalıb?
Amir Qafar dam daşını kim alıb?
Bulaq genə gəlib gölü doldurur,
Ya quruyub, bağçaları soldurur?
Amir Qafar seyidlərin tacıydı,
Şahlar şikar etməsi qıyqacıydı,
Mərdə şirin, namərdə çox acıydı,
Məzlumların haqqı üstə əsərdi,
Zalimləri qılınc təkin kəsərdi.
Mirmustafa dayı, ucaboy baba,
Heykəlli-saqqallı Tolustoy baba,
Eylərdi yas meclisini toy, baba
Xoşginabın abi-rusu, ərdəmi,
Məscidlərin, məclislərin görkəmi.
Məcdüssadat gülərdi bağlar kimi,
Guruldardı, buludlu dağlar kimi,
Söz ağzında ərirdi yağlar kimi,
Alnıaçıq, yaxşı, dərin qanardı,
Yaşıl gözler çıraq kimi yanardı.
Mənim atam süfrəli bir kişiydi,
El əlindən tutmaq onun işiydi,
Gözəllərin axıra qalmışıydı,
Ondan sonra dönərgələr dönüblər,
Məhəbbətin çırağları sönüblər.
Mirsalehin dəlisovluq etməsi,
Mirəzizin şirin şaxsey getməsi,
Mirməmmədin quruması, bitməsi,
Indi desək, əhvalatdır, nağıldır,
Keçdi getdi, itdi batdı, dağıldı.
Mirəbdülün aynada qaş yaxması,
Çövçülərindən qaşının axması,
Boylanması, dam-divardan baxması,
Şah Abbasın dürbini, ya dəş bixeyr,
Xoşginabın xoş günü, ya dəş bixeyr.
Sitar’əmmə nəzikləri yapardı,
Mirqadir də hərdən birin qapardı,
Qapıb yeyib dayça təkin çapardı,
Gülməliydi onun nəzik qapması,
Əmməmin də ərsiyinin şappası.
Heydərbaba, Amir Heydər neyləyir?
Gəlin yenə samavarı göynəyir,
Daha qocalıb, alt əngini çeynəyir,
Qulaq batıb, gözü girib qaşına,
Yazıq əmmə, hava gəlib başına.
Xanım əmmə Mirəbdülün sözünü,
Eşidəndə əyər ağzı-gözünü,
Məlkamıda verər onun özünü,
Davaların şuxluğunan qatarlar,
Əti yeyib, başı atıb yatarlar.
Fizzəxanım Xoşginabın gülüydü,
Amir Yəhya əmiqızının quluydu,
Rüxsarə artist idi, sevgiliydi,
Seyid Hüseyn Mirsalehi yamsılar,
Əmir Cəfər qeyrətlidir, qan salar.
Səhər tezdən naxırçılar gələrdi,
Qoyun-quzu dam-bacadan mələrdi,
Əmməcanım körpələrin bələrdi,
Təndirlərin qovzanardı tüstüsü,
Çörəklərin gözəl iyi, istisi.
Göyərçinlər dəstə qalxıb uçarlar,
Gün saçanda qızıl pərdə açarlar,
Qızıl pərdə açıb, yığıb qaçallar,
Gün ucalıb, artar dağın cəlalı,
Təbiətin cavanlanar cəmalı.
Heydərbaba, qarlı dağlar aşanda,
Gecə karvan yolun aşıb çaşanda,
Mən hardasam, Tehranda, ya Kaşanda,
Uzaqlardan gözüm seçər onları,
Xəyal gəlib, aşıb keçər onları.
Bir çıxaydım Damqayanın daşına,
Bir baxaydım keçmişinə, yaşına,
Bir görəydim nələr gəlib başına,
Mən də onun qarlarıyla ağlardım,
Qış donduran ürəkləri dağlardım.
Heydərbaba, gül-qönçəsi xəndandır
Amma hayıf, ürək qəzası qandır,
Zindəganlıq, bir qaranlıq zindandır,
Bu zindanın dərbəçəsin açan yox,
Bu darlıqdan bir qurtulub qaçan yox.
Heydərbaba, göylər bütün dumandı,
Günlərimiz bir-birindən yamandı,
Bir-birizdən ayrılmayın, amandı,
Yaxşılığı əlimizdən alıblar,
Yaxşı bizi yaman günə salıblar!
Bir soruşun bu qarqınmış fələkdən,
Nə istəyir bu qurduğu kələkdən?
Deynə, keçirt ulduzları ələkdən,
Qoy tökülsün, bu yer yüzü dağılsın,
Bu şeytanlıq qurğusu bir yığılsın.
Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?
Mən sənintək dağa saldım nəfəsi,
Sən də qaytar, göylərə sal bu səsi,
Bayquşun da dar olmasın qəfəsi,
Burda bir şir darda qalıb, bağırır,
Mürüvvətsiz insanları çağırır.
Heydərbaba, qeyrət qanın qaynarkən,
Qaraquşlar səndən qopub qalxarkən,
O sıldırım daşlarıynan oynarkən,
Qovzan, mənim hümmətimi orda gör,
Ordan əyil, qamətimi darda gör.
Heydərbaba, gecə durna keçəndə,
Koroğlunun gözü qara seçəndə,
Qıratını minib, kəsib-biçəndə,
Mən də burdan tez mətləbə çatmaram,
Eyvaz gəlib çatmayıncan yatmaram.
Heydərbaba, mərd oğullar doğginan,
Namərdlərin burunların ovginan,
Gədiklərdə qurdları tut boğginan,
Qoy quzular ayın-şayın otlasın,
Qoyunların quyruqların qatlasın.
Heydərbaba, sənin gönlün şad olsun,
Dünya varkən ağzın dolu dad olsun,
Səndən keçən tanış olsun, yad olsun,
Deynə, mənim şair oğlum Şəhriyar,
Bir ömürdür qəm üstünə qəm qalar.
İKİNCİ HİSSƏ
Heydərbaba, gəldim səni yoxluyam,
Bir də yatam, qucağında yuxluyam,
Ömrü qovam, bəlkə burda haxlıyam,
Uşaqlığa deyəm: bizə gəlsən bir,
Aydın günlər, ağlar yüzə gülsən bir!
Heydərbaba, çəkdin məni gətirdin,
Yurdumuza, yuvamıza yetirdin,
Yusifivi uşaq ikən itirdin,
Qoca Yəqub, itmişsəm də tapıbsan,
Qavalıyıb qurd ağzından qapıbsan.
Mən gördüyüm karvan çatıb köçübdü,
Ayrılığım şərbətini içibdi,
Ömrümüzün köçü burdan keçibdi,
Keçib gedib gedər-gəlməz yollara,
Tozu qonub bu daşlara, kollara.
Burda şirin xatirələr yatıblar,
Daşlarıylan başı başa çatıblar,
Aşnalığın daşın bizdən atıblar,
Mən baxanda qavzanıllar, baxıllar,
Bir də yatıb yandırıllar, yaxıllar.
Gedənlərin yeri burda görünür,
Xanım nənəm ağ kəfənin bürünür,
Dalımcadır, hara gedim sürünür:
– Bala, gəldin? Niyə belə gec gəldin?
Səbrim sənnən güləşdi, sən güc gəldin.
Qəbiləmiz burda qurub ocağı,
İndi olmuş qurd-quşların yatağı,
Gün batanda sönər bütün çırağı,
“Və bəldətin leysə ləha ənisu
İlləl yəafirə və iltəl-isu”.
Zaman keçir, üfüqlərdə toz qalır,
Karvan kimi uzaqlarda toz salır,
Duman gəlir, yürəkləri çulğalır,
Ürək deyir: Zaman, keçmə, amandur,
Keçənlərdə gözüm var, bir dayan, dur!
Ruzigarın dəyirmanı firlanır,
Məxluq onun dişlərinə tullanır,
Bax ki, bəşər yenə necə allanır,
Həmişəlik şadlıq umur özünə,
Qəbri görür, toz qondurmur üzünə.
Köhnələrin sür-sümüyü dartılıb,
Qurtulanın çul-çuxası yırtılıb,
Molla İbrahim lap əriyib, qurtulub,
Şeyxülislam səhman qalıb, qıvraxdı,
Novruzəli qaçaq keçib, qoçaxdı.
Ahılları yetmiş kəfən çürüdüb,
Cahılları dünya qəmi kiridib,
Qız-gəlinlər ət-canların əridib,
Rəxşəndənin nəvə tutur əlini,
Nənəqızın kürəkəni, gəlini.
Çox şükrü var, yenə gəldux, görüşdux,
İtənlərdən, bitənlərdən soruşdux,
Küsmüşdux, Allah qoysa, barışdux,
Bir də görüş qismət ola, olmaya,
Ömürlərdə fürsət ola, olmaya.
Burda xəyal meydanları genişdi,
Dağlar, daşlar bütün mənlə tanışdı,
Görcək məni Heydərbaba danışdı:
– Bu nə səsdi, sən aləmə salıbsan,
Gəl bir görək özün harda qalıbsan?
Kəcavəylə bu çaydan çox keçmişik,
Bu çeşmələrdən nə sular içmişik,
Bu yoncalıqlarda kəsib biçmişik,
Çəpişləri qıdıxlayan günlərim,
Çəpiş kimi oynaxlayan günlərim.
Bu xırmanda “Aradanxır” oynardıq,
Comalaşıb qarışqatək qaynardıq,
Yavaş-yavaş baxçalarda ağnardıq,
Ağaclardan çilik-ağac kəsərdik,
Qoruqçunun qorxusundan əsərdik.
Bu tövlədə sarı inək doğardı,
Xanım nənəm inəkləri sağardı,
Ana iysi dam-divardan yağardı,
Mən buzovu qucaqlardım qaşmasın,
Deyərdi: – Bax, bayda dolsun daşmasın.
Bu damlarda çoxlu cızıq atmışam,
Uşaqların aşıqların udmuşam,
Qurquşunlu saqqa alıb satmışam,
Uşaq necə heç zadınan şad olar,
İndi bizim qəmi tutmur dünyalar.
Məktəb qalır, uşaqlar dərs alırlar,
Hey yazırlar, hey pozurlar, yalırlar,
Molla İbrahim özü, evi qalırlar,
Amma bizim yoldaşlardan qalan yox,
Bunlardan bir bizi yada salan yox.
Bir vaxtında bu məktəb pərgar idi,
Bir Müseyyib, bir Məmdəsən var idi,
Biri xəlfə, biri vərzişkar idi,
Axund bizlə oynamağa gedərdi,
Özü bizə oynamaq öyrədərdi.
Dedim, balam, o Məmdəsən nolubdu?
Məlum oldu tifil bala ölübdü,
Nə var, nə var, burnundan qan gəlibdi,
Bir yel əsir, baxırsan Məmdəsən yox,
Bu kənddə bir burun qanı kəsən yox.
Dedim, deyin Müseyyibə nə gəldi?
Qulam, gördüm, ağlar göz ilə gəldi,
Dedi: o da bahalıq düşdü, öldü,
Dedim, yazıq bizlə hasıl bölənlər,
Bitməyəndə aclarından ötənlər.
Bu məktəbdə şerin şəhdin dadmışam,
Axundun ağzından qapıb udmuşam,
Gahdan da bir axundu allatmışam,
– Başım ağrır, – deyib, qaçıb getmişəm,
Baxçalarda gedib gözdən itmişəm.
Azad olanda məkəobdən çıxardıq,
Hücum çəkib biri-birin sıxardıq,
Yolda hər nə gəldi, vurub yıxardıq,
Uşaq demə, ipin qırmış dana de,
Bir dana da demə, əlli dana de.
Məlikniyaz itkin gedib yox olub,
Mir Aslan xan səktə il yıxılıb,
Hərə qaçıb bir dərədə sıxılıb,
Çörək qəmi çıxıb xalqın ayına,
Hər kəs qalıb öz canının hayına.
Kəndli yazıq çıraq tapmır yandıra,
Görüm sizin bərqiz qalsın andıra,
Kim bu sözü ərbablara qandıra:
Nədir axır bu millətin günahı?
Tutsun sizi, görüm, məzlumlar ahı!
Hər nə alır baha verir qiyməti,
Ucuz fəqət əkinçinin zəhməti,
Bitənindən artıq biçən ücrəti,
Kənd uşağı gedir yolda işləyə,
Orda bəlkə qəndi tapa dişləyə.
Kəndli gəlin kimi dünyanı bəzər,
Öz övrəti yamaq-yamağa düzər,
İynə bəzər xalqı, özü lüt gəzər,
İndi də var çarsablar albaxdı,
Uşaqların qıç-paçası çılpaxdı.
Bu baxçada aş tərəsi əkərdik,
Hey su açıb kərdiyə göz dikərdik,
Çıxmaq həmin dərib asa tökərdik,
Fınqılışlar qaşıqlardan aslanı,
Yağlı desəm, quru ağzın islanı.
Bu döşlərdə quzuları yayardıq,
Axmasmlar, ulduz təkin sayardıq,
Quşqovanı çəkib daşa dayardıq,
Quşqovan da elə bil ki, qabandı,
Qurd uzaqdan deyr bəs ki, çobandı.
Xanım nənəm naxoş olan il idi,
Qış var ikən külək idi, yel idi,
Qış da çıxdı, yağış idi, sel idi,
Yük-yapını hey çatırdıq ki, gedax,
Sel küşgüdü, məcbur olduq qeyidax.
Neysan düşdü, biz də düşdük yağışa,
Kim bacarar sellər ilə boğuşa?
Hey deyirdik, bəlkə yağış yığışa,
Balakişi faytonçumuz gəlmişdi,
İmamiyyə qəhvəsində qalmışdı.
Bu zəmidə gedib gözdən itərdik,
Tonqal qurub sütülləri ütərdik,
Deyib, gülmək muradına yetərdik,
El də gülsün, muradına yetişsin,
Ürəklərin yaraları bitişsin.
Xəlvərçilər burda xəlvər daşırdı,
Bu küllükdən ulaqlar dırmaşırdı,
Sellər kimi nemət aşıb-daşırdı,
Hər iş dedin hər kimsəyə görərdi,
Can dərmam istəsəydin verərdi.
İndi bəşər ac qurd kimi uduxub,
Çömbələnti göz qıcırdıb duruxub,
Baxırlar ki, görsünlər kim sınıxıb,
Tökülsünlər onun leşin yırtsınlar,
Hərə bir diş ənsəsindən qırtsınlar.
Heydərbaba, səndə dəfinələr var,
Dağlar vədiəsi xəzinələr var,
Amma sənə bənzər də sinələr var,
Bu sinələr dağlar ilə danışır,
Dağlar kimi göylər ilə qonuşur.
Gör hardan mən sənə saldım nəfəsi,
Dedim qaytar sal aləmə bu səsi,
Sən də yaxşı simurq etdin məgəsi,
Sanki qanad verdin yelə, nəsimə,
Hər tərəfdən səs verdilər səsimə.
Heydərbaba, səni vətən bilmişdim,
Vətən deyib, baş götürüb gəlmişdim,
Səni görüb göz yaşımı silmişdim,
Halbuki, lap qəmli qürbət səndəymiş,
Qara zindan, acı şərbət səndəymiş.
Kim qaldı ki, bizə buğun burmadı,
Altdan-altdan bizə kələk qurmadı,
Bir mərd oğul bizə havar durmadı,
Şeytanları qucaqlayıb gəzdiz siz,
İnsanları ayaqlayıb, əzdiz siz.
Divar ucaldı, gün bizə düşmədi,
Zindan qaraldı, göz-gözü seşmədi,
Gündüz gözü mənim lampam keşmədi,
Sel də basdı, əmmiz dolub göl oldu,
Çox yazığın evi çönüb çöl oldu.
Əvvəl başı məndən istiqbal etdiz,
Sondan çönüb işimdə ixlal etdiz,
Öz zənnizcə ustadı iğfal etdiz,
Eybi yoxdur, keçər gedər ömürdür,
Qış da çıxar, üzüqara kömürdür.
Mənim yolum məhəbbət caddəsiydi,
Son sözlərim haqqın iradəsiydi,
Məhəbbətin risalət vədəsiydi,
Yoxsa məndə bir kəs ilə qərəz yox,
Siyasət adlı məndə bir mərəz yox.
Haqq nə deyir? Küfrə qarşı getməyiz,
Nurdan çıxıb zühnət içrə itməyiz,
Fırıldağa fırfıratək bitməyiz,
Gördüz də ki, olmadı küfrün dibi,
Pul da versə, almağa tikmiş cibi.
Şeytan bizim qəlbimizi çöndərib,
Allah deyən yoldan bizi döndərib,
İlanlı çeşməyə bizi göndərib,
Minnət qoyur ki, arxınız nəhr olub,
Biz görürük sular bizə zəhr olub.
Heydərbaba, gileylikdən nə çıxar?
Zülmün evin səbrli təhəmmül yıxar,
Dərviş olan səbrin əlin bərk sıxar,
Gəl qayıdaq, çıxaq Ağa düzünə,
Keçək yenə məhəbbətin sözünə.
Deynə uşaq bir-birilə saz olsun,
Bəlkə bu qış bir də çönüb yaz olsun,
Çay, çəmənlər ördək olsun, qaz olsun,
Biz də baxıb fərəhlənib bir uçaq,
Sınıq-salxaq qanadları bir açaq.
Bu baxçadan alçaları dərərdik,
Qış adına çıxıb damda sərərdik,
Hey də çıxıb yalandan çöndərərdik,
Qış zumarın yayda yeyib doyardıq,
Bir külli də minnət xalqa qoyardıq.
Evlər qalır, ev sahibi yox özü,
Ocaqların ancaq işıldar közü,
Gedənlərin az-çox qalıbdır sözü,
Bizdən də bir söz qalacaq, ay aman!
Kimlər bizdən söz salacaq, ay aman!
Bizdən sonra kürsülərin tovunda,
Kəndin nağıllarında, söz-sovunda,
Qan nənənin çaxmağında, qovunda,
Heydərbaba özün qatar sözlərə,
İçki kimi xumar verər gözlərə.
Aşıq deyər: Bir nazlı yar var imiş,
Eşqindən odlanıb yanar var imiş,
Bir sazlı, sözlü Şəhriyar var imiş,
Odlar sönüb, onun odu sönməyib,
Fələk çönüb, onun çarxı çönməyib.
Heydərbaba, alçaqların köşk olsun,
Bizdən sonra qalanlara eşq olsun,
Keçmişlərin gələnlərə məşq olsun,
Övladımız məzhəbini danmasın,
Hər içiboş sözlərə aldanmasın!
Paylaş: